Cümə , 19 Aprel 2024
Drone Cameras

ABŞ-ın Bərzanini xilas etmək planı: Sistani

Bərzani planları baş tutmadığına görə indi də referendumun nəticələrinin dondurulması fikrini ortaya atıb. Ancaq İraqın mərkəzi hökuməti, eləcə də Türkiyə bunu qəbul etmir və Bərzaninin ümumiyyətlə qanunsuz keçirdiyi referendumun nəticələrinin ləğv edilməsini tələb edirlər.

Çünki aydın məsələdir ki, bir müddət sonra fürsət tapan kimi İraq Kürd Muxtariyyətinin rəhbərliyi yenidən referendumun nəticələrini fakt kimi İraq hökumətinin qarşısında qoyacaqdır. Ona görə də İraq və onunla eyni mövqeyi bölüşən Türkiyə qətiyyətlə Bərzanidən nəticələrin ləğvini tələb edirlər.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, politoloq Nəzakət Məmmədova Ərbil və rəsmi Bağdad arasında baş verən son hadisələri şərh edərkən bildirib ki, İraq Baş naziri Heydər Abadinin Türkiyədə keçirdiyi görüşlərdə də əsas müzakirə mövzusu Bərzani rejiminin hərəkətlərinə qarşı birgə fəaliyyətin davam etdirilməsi olub:

“Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, İran, İraq olaraq bu ana qədər çox müsbət ortaq nəticələrə gəldiklərini vurğulayıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Bərzaniyə dəfələrlə bu referendum fikrindən əl çəkməsini izah etmək istədiklərini, ancaq onun öz bildiyini etdiyini qeyd edib. Buna görə də Türkiyənin referendumun nəticələrinin tamamilə ləğvini tələb etdiyini və bundan sonra danışıqları yalnız İraq hökuməti ilə aparılacağını xüsusi vurğulayıb. Bu isə Türkiyənin tərəf kimi yalnız İraqı qəbul etdiyini göstərir.

Digər tərəfdən, Türkiyə-İraq danışıqlarında əsas məsələlərdən biri də kürd yönətiminin ələ keçirdiyi sərhəd buraxılış məntəqələrinin təkrar İraq hökumətinə təhvil verilməsi olub. Belə ki, İraqdakı qarışıqlıqdan istifadə edən Bərzani rejimi Turkiyə-İraq sərhədi boyunca yerləşən sərhəd qapılarını ələ keçirmişdi. Bu da sərhədi keçənlərin artıq haqq ödəməsinə, artıq vaxt itkisinə səbəb olurdu. Eyni zamanda Turkiyə-İraq sərhədinə nəzarət mühüm strateji və təhlükəsizlik məsələsidir. Hazırda həm Türkiyə, həm İraq hökuməti bu məntəqələrin geri alınması üçün razılığa gəlib.

Türkiyə və İraq arasında əsas sərhəd qapısı olan Habura alternativ olaraq iki ölkə hüdudlarının qərbində Ovaköy sərhəd məntəqəsinin yaradılması və İraq-Turkiyə ticarət əlaqələrinin məhz buradan aparılması barədə razılığa gəlinməsi ehtimalı da var.

Bununla da Bərzani rejimi daha bir sahədə təcrid olunacaq. Eyni zamanda, İraq və Türkiyə hərbçilərinin Habur sərhəd qapısının cəmi 15 kilometrliyində Silopidə birgə təlim keçdiyi bildirilir”.

Politoloq İraq hökumətinin Ərbilə qarşı mövqeyindəki sərtləşmənin səbəblərinə də aydınlıq gətirib:

“Bu, 25 sentyabrda Bərzaninin İraq hökumətini, Türkiyə, İran, ABŞ və digər dövlətləri, ümumiyyətlə, dünya ictimaiyyətini, muxtariyyət daxilindəki müxalifətin fikirlərini nəzərə almadan referendum keçirməsi ilə bağlıdır. O, həm də bu referendumu kürd muxtariyyətinə daxil olmayan Kərkükdə də keçirdi. Üstəlik, PKK-nın burada cəmləşməsi artıq sərhəddi aşmaq idi və İraq hökuməti buna biganə qala bilməzdi. İraq ordusu Həşdi-Şabi güclərinin köməyilə peşmərgəni Kərkükdən çıxardı və Bərzaniyə həddini bildirdi.

Türkiyə, İran, İraqın həmrəyliyi bu məsələdə həlledici təsir göstərdi. Bəzi xarici qüvvələrdən gözəldiyi dəstəyi ala bilməyən və çarəsiz qalan Bərzani vaxt udmaq üçün referendum nəticələrini dondurduqlarını deməklə danışıqlarda zəif mövqeyini ört-basdır etmək istəyir.

Lakin yaxın vaxtlarda mövqeləri zəifləyən Bərzaninin hətta istefaya gedəcəyi, onun yerini tutmağa ən real namizədlərdən birinin isə müxalifətdə olan Yusif Məhəmməd olduğu deyilir”.

Politoloq vurğulayıb ki, böyük ehtimalla ABŞ Bərzaninin tam iflasının qarşısını almaq üçün İraqın şiə lideri Sistaninin vasitəçiliyindən istifadə etmək istəyir:

“Çünki Sistani hər iki tərəfə təsir edə bilən nüfuzlu şəxs hesab olunur. O, 2006-cı ildə Əs-Sədr ordusu ilə Nəcəfdəki ABŞ ordusu arasındakı qarşıdurmanın qabağını almış, 2014-ci ildə verdiyi fitva ilə İraq xalqını İŞİD-lə mübarizəyə səfərbər etmişdi.

Onun vasitəçiliyi hazırkı şəraitdə proseslərin gedişatına müəyyən təsir edə bilər”.

Qeyd edək ki, İraq Kürd Muxtariyyəti hazırda rəsmi Bağdada bir sıra təkliflər edərək dialoqlara başlamaq istəyir. İraq tərəfi isə referendumun nəticələrinin dondurulmasını deyil, ümumiyyətlə ləğvini tələb edir.

 

boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir