Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Ailə qorunmur”: Azərbaycandan niyə və hara gedirlər?

Bir milyondan çox azərbaycanlı ölkəsindən kənarda yaşayır. Onlardan 760 mindən çoxu Rusiyanın payına düşür. 5 minə yaxın azərbaycanlı bu ilin ilk yarısında Rusiya pasportu alıb.

İşsizlik, stabillik çatışmazlığı və təhlükə onları vətəni tərk etməyə məcbur edir.

Azərbaycanın rəsmi statistikası miqrasiyanın müsbət olduğundan xəbər verir.

Ekspertlər bu rəqəmlərə şübhə ilə yanaşaraq ixtisaslaşmış kadrların itirilməsi barədə xəbərdarlıq edirlər.



Rəsmən gələnlər “çoxdur”

1 milyon 147 min azərbaycanlı hazırda digər ölkələrdə yaşayır, Migration Policy Institute-nun məlumatında göstərilir.

767 min azərbaycanlı Rusiyada yaşayır. 82 min Ukraynada, 48 min Qazaxıstanda, 20 min ABŞ-da, bir o qədər Özbəkistanda, daha 19 min Almaniyada və 17 min Türkiyədə məskunlaşıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, sadəcə bu ilin ilk yarısında 5 min azərbaycanlı Rusiya vətəndaşlığını əldə edib.

Rusiya Dövlət Statistikasının məlumatına görə, son on ildə Azərbaycandan Rusiyaya gedənlərin sayı hər il Rusiyadan Azərbaycana gələnlərin sayından ən azı 10 min adam çoxdur.

 

Bununla yanaşı Azərbaycan rəsmi statistikası əhalinin daimi artımından və müsbət mühacirətdən xəbər verir.

Lakin mütəxəssislər rəsmi statistikaya şübhə ilə yanaşırlar. İqtisadçı Toğrul Maşallının fikrincə, Dövlət Statistikasının müsbət mühacirət göstəriciləri real vəziyyəti əks etdirmir.

 

“Dövlət Statistika Komitəsinə lap çoxdan məhz mühacirət hesablamaları barədə iradlar vardı ki, bizim üstün olmasını əks etdirir.

Belə ki, 1990-cı ildə onlar həqiqətə uyğun olmayan aşağı mühacirət səviyyəsini qeydə alırdılar.”

Onun sözlərinə görə, problem metodologiyadadır.

“Əgər insan uzun müddətə təhsil almaq üçün gedirsə, onlar bunu qeydə almırlar. Onlar həmçinin uzun müddətdir Rusiyada yaşayan və müəyyən vaxtlarda bura gələnləri də mühacir hesab etmirlər,- Maşallı deyir.

Siyasi statistika?

“Statistikanın siyasi məqsədlərə xidmət etməsi təkcə Azərbaycan üçün deyil, bütün sovet məkanı üçün belə idi “, – deyə sosioloq Serqey Rumyantsev deyir.

Onun sözlərinə görə, rəsmi səviyyədə mühacirət səviyyəsinin aşağı olması bir növ iqtisadiyyatda uğurun təsdiqlənməsi deməkdir.

“Rəsmi açıqlamalarda kimsə rəqəmlərlə danışmır, çünki rəsmi məlumatlar il ərzində bir neçə yüz insana çatır.

Rəsmi açıqlamalarda konkret məlumatlar əvəzinə analoqu olmayan inkişaf barədə pafoslu notlar səslənir. Lakin ölkədə yaşayan zaman ətrafında nə qədər insanın ölkəni tərk etdiyini görürsən”.



Rumyantsevin sözlərinə görə, Statistika Komitəsinin məlumatları mövsümi mühacirəti də, daha dəqiqi desək 6 aylıq Rusiyaya gedənləri və ya qayıdanları da nəzərə almır. Həmçinin, iki və ya üç vətəndaşlığı olanlar da qeydə alınmır.

Mühacirət mövzusunun siyasiləşdirilməsi barədə həmçinin miqrasiya prosesləri üzrə tədqiqatçı Arif Yunus da Consortium for Applied Research on International Migration (CARIM) şirkəti üçün yazılmış “Azərbaycanda mühacirət üzrə statistik məlumatlarının toplanması” məqaləsində də yazır.

Onun fikrincə, “Miqrasiya tədqiqatı immiqrasiya və emiqrasiyada olduğu kimidir.

Mövcud informasiya vasitələriylə verilən məlumat tam deyil. Bundan başqa mühacirlərin hesablanması mövzusu müasir Azərbaycanda siyasiləşdirilib və bu da hesablamalara ciddi təsir göstərir “.

“1992-93-cü illərdə prezident aparatının informasiya-təhlil şöbəsinə başçılıq etmişəm və Dövlət Statistika Komitəsi bizə rüblük xidməti bülletenlər hazırlayırdı. Lakin bir qədər sonra Dövlət Statistika Komitəsinin və miqrasiya xidmətinin saytı açıldıqdan sonra, fərq etdim ki, onlar özlərinin 90-cı illərə aid olan məlumatlarını təmizləyirlər”,- Arif Yunus deyir. Yunus Azərbaycandakı siyahıya alınma məlumatlarının da dəqiq olmadığını iddia edir.

“Bizim dövlət bu yolla ölkədə hər şeyin yaxşı olduğunu sübut etməyə çalışır. Əgər belədirsə, onda insanlar niyə ölkəni tərk edirlər?”

Ölkəni niyə tərk edirlər?

İş. Tomrid artıq 6 ildir ki Rusiyada yaşayır və Moskva ətrafında bir otaqlı mənzil kirayələyib. O, Bakıda neftçi işləyib.

Tomrid Moskvadakı evinin mətbəxində
Image captionTomrid Moskvadakı evinin mətbəxində

Müqaviləsi başa çatdıqdan sonra Tomrid yaxşı məvacibli iş tapa bilmədiyi üçün ölkəni tərk edib.

“Mən bilmirəm ki, Bakıda qalsaydım nəyim olardı. Mən ara-sıra ora gedirəm.

Orada mənim tanışlarımın ya həqiqətən yaxşı işi var, ya da ki işsiz oturublar. Mən əmin deyiləm ki, birincilərin siyahısında ola bilərdim”.

Təhlükəsizlik. Psixiatr Rüstəm bu ilin sentyabr ayında Almaniyaya köçüb. Onun ölkəni tərk etməsinin əsas səbəbi təhlükəsizlikdir.

“Məndə ölkəni tərk etmək ideyası iki il əvvəl, Binəqədi yaşayaış məntəqəsində baş verən yanğından sonra yaranmışdı.

Həmin yanğında uşaqlar həlak olmuşdular. O zaman mən tam əmin oldum ki, ailəm burada müdafiə olunmur”.

Bundan sonra Rüstəm tanışlarından Almaniyada həkimlərə ehtiyac olduğunu, həkim kimi mühacirət etməyin çətin olmadığını öyrənir və Rüstəm alman dilini “sıfırdan” öyrənməyə başlayır.

Hazırda Rüstəm Münhen yaxınlığındakı kiçik Bad Schussenried şəhərində öz şəxsi mənzilində yaşayır.
Image captionHazırda Rüstəm Münhen yaxınlığındakı kiçik Bad Schussenried şəhərində öz şəxsi mənzilində yaşayır.

“Mən Azərbaycanda stabilliyə və təhlükəsizliyə, uşaqlarımın uğurlu gələcəyinə və özümün təqaüd yaşındakı həyatımın yaxşı olacağına əmin deyildim”, – o deyir.

Həyatın ümumi keyfiyyəti. Hazırda Rüstəm Münhen yaxınlığındakı kiçik Bad Schussenried şəhərində yaşayır.

“Azərbaycandan fərqli olaraq burada özünü əyalətdə hiss etmirsən. Burda yaxşı infrastruktura, vağzal, 3-4 böyük mağaza, poçt şöbəsi var. Başqa sözlə desək mən şəhərdən çıxmadan burada nə istəsəm tapa bilərəm “, – o deyir.

Rüstəm həm qiymətlərin, həm də maaşının Bakıdakından yuxarı olduğunu deyir. Bir neçə aydan sonra təcrübəsi sona çatan Rüstəm tam ştata keçiriləcək və o xanımını və qızlarını da buraya gətirəcək. O, bunun Yeni İlə qədər baş tutacağına və böyük qızının məktəbə burada gedəcəyinə ümid edir.

“O, burada alman dilində təhsil alacaq, uşaqlar və böyüklər üçün olan inteqrasiya kurslarına gedəcək.

Hansı ki, bu kurslarda vergi ödəməyi və zibili ayrıca tullamağı öyrədirlər”.

Perspektivin olmaması. “Mən Bakıda pis yaşamırdım. Çoxlu dostlarım, yüksək maaşlı və maraqlı işim vardı. Lakin mən ölkəni əhatə edən neçə rifah şarının bir gün mütləq partlayacağını və hər şeyin pis olacağını bilirdim”, deyə hazırda Varşavada yaşayan pedaqoq Lyudmila danışır.

Korrupsiya. “Korrupsiyanın səviyyəsi mənə irəli getməyə imkan vermirdi. Hələ sovet vaxtında bizim ailəmizdə bir dənə də olsun partiya üzvü yox idi. Babam dənizçi idi və o kapitan olmayacaqdı, nənəm laborant, atam isə mühəndis idi. Mən də onlar kimi bu sistemə daxil ola bilmədim və rüşvət almadım”, Lyüdmila belə deyir.

nümayiş

İqtidar nə deyir?

Parlamentin millət vəkili və hakim “Yeni Azərbaycan” partiyasının yüksək rütbəli üzvü Aydın Mirzəzadə rəsmi statistikanın tamamilə obyektiv olduğunu deyir.

“Bu məlumatlar siyasiləşdirilə və təhrif oluna bilməz.

Əgər bu belə olsaydı, heç olmasa bir dənə beynəlxalq təşkilat bunu bəyan edərdi. Azərbaycandan mühacirət edənlər həqiqətən var, yalnız ona görə ki, bütün dünya hərəkətdədir və istənilən azərbaycanlı harada yaşamağın daha rahat olduğunu özü seçir”, millət vəkili əminliklə deyir. Bundan başqa onun sözlərinə görə, Azərbaycana mühacirət edənlər də az deyil.

“Burada söhbət inkişaf etmiş ölkələrdən getmir, bura qonşu ölkələrdən və Amerika ölkələrindən də gələnlər var”, – Mirzəzadə bildirir.

Onun sözlərinə görə, hakimiyyət miqrasiya vəziyyətinə təsir göstərən çətinliklərə qarşı uğurla mübarizə aparır: “Azərbaycanın bəzi regionlarında məşğulluq problemləri var və ya başqa ölkələrdən fərqli olaraq az keyfiyyətli xidmətlər mövcuddur.

“Lakin nəzərə alsaq ki, biz gənc ölkəyik və Ermənistanla müharibə şəraitindəyik, çətinliklərin yaranması təəccüblü deyil və əlbəttə ki, bu kimsənin məsuliyyətini üzərindən götürmür. Amma ümumilikdə dinamikaya baxsaq, Azərbaycan miqrasiya üçün daha uğurlu və əlverişli ölkəyə çevrilir “, – millət vəkili bildirib.



Beyin axını?

Azərbaycanlılar ölkəni təkcə iş axtarışı ilə tərk etmirlər. Mütəxəssislərin dediyinə görə, son illərdə mühacirətin strukturası dəyişib.

“Onun istiqamətləri dəyişib. Əvvəllər əsasən orta yaşlı kənd sakinləri Rusiyaya gedirdilərsə, indi Avropa ölkələrinə gedənlərin sayı artıb. Gedənlər isə daha çox ixtisaslaşmış kadrlardır. Həmçinin mühacirlərin yaş həddi də aşağı enib”, – Arif Yunus deyir.

Onun sözlərinə görə, bu gün yaxşı təhsil alan və Azərbaycanda uyğun iş tapa bilməyənlər ölkəni tərk edir.

“Ölkəni tərk edənlərin çoxu Avropada yaşamağa qalan keçmiş tələbələrdir. Bakıda təhsilini başa vuranlar isə texniki və mühüm tətbiqi peşə nümayəndələridir ki, onlara böyük tələbat var. Bunlar mühəndislər, proqramçılar, İT mütəxəssisləri və həkimlərdir”.

“Bəli, beyin sızması baş verir və o adi gözlə görünür. Mənim ətrafımdakı 20-25 yaşlı insanlar ölkəni tərk edir.

Onların arasında yalnız yaxşı iş tapa bilməyənlər deyil, həmçinin sadəcə başqa həyatı seçməklə yaxşı iş yerindən imtina edənlər də var “. (bbc.com)

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir