Şənbə , 19 İyun 2021
Home » Dünya » Akif Çovdarovun məhkəməsində kürəkəni və qohumu ifadə veriblər

Akif Çovdarovun məhkəməsində kürəkəni və qohumu ifadə veriblər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Biləcəri qəsəbəsinin sabiq bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər ifadə veriblər.
Şahid qismində A.Çovdarovun qohumu Natiq Hümbətov dindirilib. O, İ.Xəlilovun A.Çovdarov həbs ediləndən sonra ona müraciət etdiyini bildirib: “İlham Xəlilov dedi ki, guya Akid Çovdarova 60 min manat borcu olub, ancaq bu borc sənədi mənim adıma rəsmiləşdirilib. O, notariusdan ona sənəd verməyimi istədi. Mən “bu necə ola bilər ki, mənim xəbərim yoxdur?” dedim. İlham isə mənim xəbərin olmadığını bildiridi. İlham dedi ki, “əgər borcun yoxdursa, nədən çəkinirsən? Bir sənədi niyə vermək istəmirsən?”. Mən də fikirləşdim ki, bu, Akif müəllimin yaxın dostudur. Çünki o, Akif Çovdarovun evinə gəlib-gedən olub. Buna görə onun dediyi ilə razılaşdım. Əgər bilsəydim ki, İlham belə edəcək, əlbəttə razı olmazdım. Ona inanmışdım”.
A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, notariusdan məhkəməyə göndərilən arayışda belə bir razılıq sənədinin verilməsi təkzib olunub.
Daha sonra A.Çovdarovun kürəkəni Rövşən Qasımov məhkəmə iclasında ifadə verib. O, deyilənlərin yalan olduğunu söyləyib: “Düzdü, İlhamdan torpaq almışam. Amma bunun Akif Çovdarov vasitəsi ilə alınması və ona qarşı təzyiqlərin olması yalandır”.
Onun sözlərinə görə, torpaq sahəsi alınan zaman sənədlərdə problem olduğu üçün oranı bəyənməyib: “Akif Çovdarov həbs edilən zaman isə İlham mənə zəng elədi ki, bu işlə bağlı Biləcəri bələdiyyəsində də yoxlamalar başlanılıb. O, mənə verdiyi sənədləri qaytarmağımı xahiş etdi. Mən də sənədləri geri qaytardım. Əgər torpaq mənim adıma olsa idi, niyə qaytarardım?”.
İ.Xəlilov isə qeyd edib ki, A.Çovdarovun kürəkəninin adına olan torpaq sahəsi ilə bağlı çıxarış olub. A.Çovdarovun vəkilləri isə belə bir çıxarışın olmadığını vurğulayıblar.
Digər zərərçəkmiş şəxs, Binəqədi rayonunun sabiq bələdiyyə sədri Elman Salmanov da İ.Xəlilovla bağlı əlavə ifadə verib. O deyib ki, İ.Xəlilov ondan A.Çovdarova pul vermək adı ilə əlavə 16 min manat alıb.
Vəkil S.Rəsulov söyləyib ki, A.Çovdarov zərərçəkmiş İ.Xəlilovun ifadəsinə münasibət bildib: “Müvəkkilim məhkəmədə qeyd etdi ki, narazılığı prokurorluq əməkdaşlarınadı. Onun sözlərinə görə, prokurorlar belə şərəfsizləri generalların əlehinə ifadə vermələrini tələb ediblər”.
Poses günün ikinci yarısından sonra davam etdiriləcək.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Check Also

ABŞ Səfirliyi Ermənistandakı amerikalılara XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Ermənistandakı Səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə …