Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Profil” jurnalının əməkdaşı Martin Ştaudinqer Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Martin Ştaudinqer məktubunda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin həmin ərazilərin beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi olduğunu şübhə altına almadığını vurğulayıb.
O, Azərbaycan dövlətinin bu səfəri qanunsuz hesab etməsindən məlumatlı olduğunu qeyd edərək, buna görə üzr istədiyini bildirib.
Martin Ştaudinqerin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.
Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Wiener Zeitung” qəzetinin müxbiri Tomas Sayfert Azərbaycan XİN-ə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.
Məktubunda Tomas Sayfert Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycan Respublikasının həmin ərazilər üzrə suverenliyini şübhə altına almadığını vurğulayıb.
Tomas Sayfertin media nümayəndəsi olduğunu və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.
Check Also
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …