Cümə , 19 Aprel 2024
Drone Cameras

Azərbaycanın turizm imkanları Bəhreyn Krallığında təqdim edilib

Körfəz ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axınının daha da artırılması çərçivəsində cari il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilib. Növbəti təqdimat nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin təşkilatçılığı ilə Bəhreyndə reallaşıb.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə “Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın Körfəz ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkətinin və mehmanxananın rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərinin sayının nəzərəçarpan dərəcədə artdığını, xüsusən ərəb turistləri üçün ölkəmizin cəlbedici olmasını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı silsilə fərman və sərəncamlar nəticəsində Körfəz ölkələrindən Azərbaycana gələn turistlər üçün sadələşdirilmiş viza rejimi təqdim edilərək Hava Limanlarında viza almaq imkanı yaradılıb. Eyni zamanda, “Asan viza” sistemi vasitəsilə 3 gün müddətində elektron qaydada vizaların əldə olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin rahat və təhlükəsiz səfərlərinin təşkil olunması qeyd olunan normativ-hüquqi bazanın yenilənməsinin məntiqi nəticəsidir.

Nazir çıxışında bəhreynli turistlərin Azərbaycana daha çox səfər etməsi üçün hər cür imkanların olduğunu bildirib və təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə çağırıb. Həmçinin Bəhreyn turistlərinin səfərləri üçün mədəni, dini, sağlamlıq, dağ-xizək, şopinq, ov və s. turizm növlərinin Azərbaycanda mövcud olması bu əlaqələrin daha da inkişaf etməsi üçün imkanlar yaradır.

Daha sonra Azərbaycanın Körfəz ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri ölkənin təqdimatını keçirib, Azərbaycanı turizm ölkəsi kimi cəlbedici edən imkanlardan, o cümlədən iqlimin əlverişliliyi, insanların qonaqpərvərliyi, İslam dininə uyğun olaraq halal turizm imkanlarının mövcud olmasından bəhs edib.

Qeyd olunub ki, son illər Körfəz ölkələri ilə sıx fəaliyyət nəticəsində ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşların sayı artıb. Eyni zamanda, həm kütləvi informasiya, həm də digər təbliğat vasitələrində yeni və inkişafda olan turizm destinasiyası kimi Azərbaycana marağın olduğu vurğulanıb.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir