Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanda elektron ticarətlə məşğul olan 186 portal qeydə alınıb

Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Qərbi Avropanın bir neçə ölkəsinin, o cümlədən İspaniyanın qabaqcıl təcrübəsini araşdırır və həmin təcrübələrin tətbiqi mexanizmi üzərində müvafiq işlər aparır.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib.

Ə.Məmmədovun sözlərinə görə, təkcə İspaniyada il ərzində idman-mərc oyunlarından orta hesabla 533 mln. avro gəlir qeydə alınıb: “İspaniyada xarici internet portalları vasitəsilə mərc oyunlarına görə ölkə rezidentləri tərəfindən həmin portallara ödənilən və geri alınan məbləğlərin fərqindən yaranan xalis gəlirdən 30% vergi ödənilir. Bu mexanizm İspaniya ilə internet portalı arasında bağlanılmış qarşılıqlı müqavilə ilə tənzimlənir”.

Nazirlik əməkdaşı deyib ki, hazırda Azərbaycanda 186 internet portalı elektron ticarətlə məşğuldur: “Vergilər Nazirliyi tərəfindən elektron ticarətin vergiyə cəlb olunması haqqında qanun layihəsi hazırlanır və hazırda aidiyyəti qurumlarla müzakirə olunur. Bununla yanaşı, Baş İdarə tərəfindən qabaqlayıcı tədbirlər görülərək araşdırmalar aparılıb, internet portallarının yaradılmasına nəzarət edən müvafiq qurumla birgə virtual məkanda e-ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi və bu sahədə ümumi vergi nəzarətinin qurulması istiqamətində işlərə başlanılıb. Ümumi nəzarətin qurulmasının mərhələlərlə həyata keçiriləcəyi nəzərə alınaraq, ilk mərhələdə Baş İdarə tərəfindən cari ilin I rübündə 186 internet portalı və ya sosial şəbəkələr vasitəsilə elektron mal alğı-satqısı həyata keçirən istifadəçilər müəyyən edilib. Onlardan 54-nün vergi orqanında qeydiyyatda olmadığı, 47-sinin isə qeydiyyatda olduğu halda dövriyyəsinin olmadığı və ya məhsulların satış qiymətləri ilə müqayisədə minimum olduğu müəyyənləşdirilib. Bununla bağlı vergi orqanında qeydiyyatı olmayan şəxslərin uçota alınması barədə müvafiq bildirişlər göndərilib, qeydiyyatı olan, lakin dövriyyəsi olmayan şəxslərin bank hesablarına müvafiq sorğular verilib və yaranmış kənarlaşmalar barədə vergi ödəyicilərinə məktub ünvanlanıb”. 

“Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin I rübü ilə müqayisədə II rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub. Hazırda elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsinin, bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyən edilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində işlər aparılır”.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir