Bu gün Gürcüstan parlamentinin iclasında azərbaycanlı deputat Savalan Mirzəyev Xocalı soyqırımı mövzusunda çıxış edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputatın çıxışı televiziya ilə canlı yayımlanıb.
S. Mirzəyev bildirib ki, düz 25 il öncə – 26 fevral 1992-ci ildə baş verən hadisə Qafqaz xalqlarının tarixinə qara hərflərlə yazılıb. O, azərbaycanlıların yaşadığı Xocalı qəsəbəsində törədilən faciədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyini nəzərə çatdırıb: “Bizlər bu tribunadan uca səslə Xocalı faciəsini yada salmalıyıq və bu faciəyə düzgün qiymət verməliyik ki, bu cür hadisələr nə bizim bölgədə, nə də bütün dünyada təkrarlansın. Təəssüf ki, həm bu faciə, həm də Qafqazda baş verən bir çox müharibələr xaricdən idarə edilib. Xocalı faciəsinin də əsas günahkarları sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən dəstəklənən separatçılar olub. Qafqazda müharibələr bitməlidir, biz mütləq Qafqaz xalqlarının birlik və sülh mühitində yaşamasına nail olmalıyıq”.
Qeyd edək ki, S. Mirzəyev hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasının deputatıdır.