Cümə , 26 Aprel 2024
Drone Cameras

“Bakutel-2016” sərgisində dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək

Noyabrın 29-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransı işə başlayacaq. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 28-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavini bildirib ki, builki sərgidə dünyanın 9 ölkəsi – Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alacaq. Ənənəvi olaraq, sərgidə RYTN-in dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunacaq. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllər nümayiş olunacaq.

Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər ərzində “Bakutel” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.

Bakutel-2016” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.

Dörd gün davam edəcək sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi”, “Google art project” layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq. Eyni zamanda, sərgi çərçivəsində konfranslar, forumlar təşkil ediləcək.

Qeyd edək ki, sərgidə iştirakçı və ziyarətçiləri işgüzar görüşlər, müzakirələrlə yanaşı, bir sıra sürprizlər, maraqlı müsabiqə və viktorinalar gözləyir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir