Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İdarə Heyətinin bu ilə olan ilk iclası keçirilib. İclasda mərkəzin 2017-ci il fəaliyyət proqramı müzakirə olunub. İclası giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev BDM-in 2016-cı ildə həyata keçirdiyi fəaliyyəti haqqında danışmış və 2017-ci il ərzində nəzərdə tutulmuş iş planı ilə bağlı idarə heyətinin üzvlərini məlumatlandırıb. Daha sonra BDM sədrinin birinci müavini, aparat rəhbəri Samir Adıgözəlli məruzə ilə çıxış edib. O, çıxışında bu il ərzində həyata keçiriləcək tədbirlər proqramı və mərkəzin iş fəaliyyəti haqqında məlumat verib. İdarə heyətinin üzvləri, Rauf Zeyni, Vəli Əliyev, Azər Kərimov, Natiq Bədəlov, İradə Rizazadə, Əziz Ələkbərli və Ceyhun Ağayev ayrı-ayrılıqda çıxış edərək, mərkəzin 2017-ci il fəaliyyət proqramı ətrafında və gündəlikdəki digər məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Toplantının sonunda BDM-in 2017-ci il fəaliyyət proqramı əlavə və dəyişikliklərlə qəbul edilib. Eyni zamanda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı BDM tərəfindən ölkədə və ölkədən kənarda (Çexiya, Rusiya və Türkiyə) tədbirlərin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, fevral ayının 15-dən başlayaraq Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək. BDM idarə heyəti həmçinin son zamanlar mətbuatda millət vəkili Araz Əlizadə tərəfindən Bakının erməni-daşnak və bolşevik hərbi birləşmələri tərəfindən azad olunmasında böyük xidmətləri olan Nuru Paşa və Qafqaz İslam Ordusu haqqında etdiyi çıxışları qətiyyətlə pisləyərək, bu fikirləri tariximizə, milli dövlətçiliyimizə və bütövlükdə xalqımıza qarşı xəyanətə bərabər addım kimi qiymətləndirib. Toplantıda BDM NTK-nın sədri Əkbər Vəliyev də iştirak edib.
boyikmillet.com