Şənbə , 20 Aprel 2024
Drone Cameras

Bilik Fondu Bakı və Salyan məktəblilərini qardaşlaşdırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan bir neçə layihə həyata keçirir. Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, 2014-cü ilin sentyabrından start götürən “İl boyu bilik” proqramı çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” layihəsi də belələrindəndir.

Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin biliklərə yiyələnməsinə, ölkəmizin multikultural mühitinə, dini və etnik müxtəlifliyinə əyani şahid olmasına dəstək verməkdir. Dövlətçilik, vətənsevərlik, tolerantlıq ideyalarının və ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır.

Bu dəfə “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakının Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdləri Salyan məktəblilərinin qonağı olublar. Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin rəhbər işçiləri, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri qonaqları böyük sevinclə qarşılayıblar. Əvvəlcə hər iki məktəbin müəllim və şagird kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra layihə iştirakçıları Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüblər. İcra başçısı Bilik Fondunun maarifçilik sahəsində fəaliyyətini yaxından izlədiyini və çox bəyəndiyini deyib, həmçinin “Qardaşlaşmış məktəblər” layihəsinin gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında böyük rol oynadığını vurğulayıb. Sonra şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə suraxanılı məktəblilərlə salyanlı yaşıdları arasında Qardaşlaşma Sazişi imzalanıb. “Bilik yarışında” iştirak edən şagirdlərə Fondun hədiyyələri təqdim olunub. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası, Cümə məscidi və Tarix Diyarşünaslıq Muzeyində olublar, Salyan şəhərini Babazənən yaşayış massivinə birləşdirən körpü, Salyan-Pambıq” ASC, Olimpiya İdman Kompleksi və Şirvan Milli Parkı ilə ilə tanış olublar.

Salyan şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Arzu Daşpoladova belə layihələrin məktəblilərin inkişafında müstəsna rolu olduğunu deyib. “Şagirdlərin dostluğu onların dünyagörüşünün genişlənməsinə, ünsiyyət mədəniyyətinin yüksəlməsinə vasitə olur. Bu layihə təkcə məktəblilərin inkişafına deyil, məktəblərin tədris prosesinin daha da təkmilləşməsinə öz töhfəsini verir. Yeni innovativ metodlarların öyrənilməsi, rayon məktəbi ilə Bakı məktəbi arasında təcrübə mübadiləsinin aparılması ümumi işimizin xeyrinədir”.

Salyan məktəblisi Elmir Əhmədov təhsil aldığı orta məktəbin “Qardaşlaşmış məktəblər” layihəsinə qatılmasını uğurlu addım kimi qiymətləndirib: “Layihə haqqında eşitmişdim, çox maraqlı olduğunu bilirdim. Sevinirəm ki, bu gün artıq mən də “Qardaşlaşmış məktəblər” ailəsinin bir üzvüyəm. Bakılı dostlarımızla gözəl günlər keçirdik. Bundan sonra da dostluğumuzu möhkəmləndirəcəyik”.

Suraxanı məktəbinin direktoru Elmira İsmayılova Salyan ictimaiyyətinin, həmçinin şagirdlərin isti münasibətindən və səmimi qarşılanmadan məmnunluğunu ifadə edib: “Bilik Fondunun təşkilatçılığı ilə şagirdlərimiz qardaşlaşdı, bu, həm də bizim məktəblərimiz arasında dostluğun təməli oldu. Əminəm ki bundan sonra da birgə tədbirlər, dəyirmi masalar, bir-birindən maraqlı disputlar keçirəcəyik”.

Suraxanı məktəblisi Təranə Səmədova da layihəyə böyük həvəslə qatıldığını deyib: “Eşidəndə ki, bizim məktəb də “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulur, çox sevindim. Çünki bu layihə barədə əvvəlcədən də xəbərim vardı. Salyanı çox bəyəndim, hələ dostlarımızın bizə qayğı və diqqətlə yanaşması, yerli əhalinin qonaqpərvərliyi bizi heyran etdi. Tezliklə dostlarımızı Bakıda – öz doğma məktəbimizdə qarşılamaqdan məmnun olaram”.

Layihə çərçivəsində artıq paytaxtda və rayonlarda olan 50-dək məktəb Qardaşlaşma sazişi imzalayıb. Azərbaycanın bütün bölgələri, Türkiyə və Rusiya məktəbləri də layihəyə cəlb olunub. Aparılan müşahidələr göstərir ki, qardaşlaşan məktəblilər arasında yaxın dostluq əlaqələri davam edir. Bu münasibətlər nəinki şagirdlər, onların valideynləri, müəllimləri, nəhayət, yaşadıqları rayon və şəhərlərin ziyalıları arasında da qarşılıqlı səmimi mühitin möhkəmlənməsinə təkan verir. Müxtəlif bölgələrdən olan, müxtəlif dini etiqadın, mədəniyyətin daşıyıcıları olan azsaylı xalqların nümayəndələrinin təhsil aldıqları məktəblərin layihəyə fəal şəkildə cəlb olunması gənclərin multikultural baxışını zənginləşdirir.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir