Boyukmillet.com xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrı Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” pyesinin motivləri əsasında hazırladığı “Bu günün çay dəsgahı” iki şəkilli alleqorik komediyasını Ordubad Rayon Mədəniyyət Sarayında rayonun uşaq və məktəbliləri üçün nümayiş etdirib.
Zahirən təmsilvari və əyləncəli təsir bağışlayan, ədəbiyyatımızda ilk alleqorik və mənzum dram əsəri olan bu dram əsərinin motivləri əsasında hazırlanan tamaşa bu günümüzlə əlaqələndirilib. Qeyd etmək lazımdır ki, bu əsər milli uşaq dramaturgiyamızda ilk nümunə sayıla bilər. Böyük yazıçının əsərindəki əsas mövzu saxlanılsa da tamaşanın quruluşçu rejissoru Nurbəniz Niftəliyeva əsərin personajlarını həm də müasir dövrün elmi-texniki imkanları ilə uyğunlaşdırmağa çalışıb və personajların hamısına müasir adlar verib. Əsərin süjet xətti müqəssirin tapılması üzərində qurulub. Tamaşadakı bütün dialoqlar da buna xidmət edir. Samovar (Sarvan), Padnos (Pərvanə), Truba (Totu), Çaynik (Ceka), Maşa (Məşdi), Qaşıq (Qoşqar), Stəkan (Sitarə), Nəlbəki (Nüşabə) adları ilə əvəzlənməklə həm də cansız əşyadan canlı personaja çevriliblər.
Əsərdə yalnız bir canlı obrazın, Nökər Əlinin adı dəyişməyib.
Tamaşadakı rəqslərin də quruluşunu Nurbəniz Niftəliyeva verib. Musiqi tərtibatçısı Mirsaleh Seyidovdur. Tamaşadakı rolları isə Uğur Nəsirli, Nurlan Qafarov, Səkinə Məmmədova, Nihad Mahmudov, Mirmehdi Seyidov, Tuncay Əşrəfov, Ülvi Bədəlov, Aysu Dünyamalıyeva, Heyran Abdullayeva oynayıb, maraqla təqdim etməyi bacarıblar. Balaca aktyorlar tamaşada əslində iki surət canlandırırlar.
Tamaşa maraqla qarşılanıb.