Cümə , 29 Mart 2024
Drone Cameras

DAK və ATO Bakının işğaldan azad olunmasının 98 illiyi münasibətilə tədbir keçirib

3 sentyabr 2016-cı il tarixində Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Turan Ocağının (ATO) təşkilatçılığı ilə 15 sentyabr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasınən 98 illiyi münasibətilə “dəyirmi masa” keçirilib.

 

İlk öncə 1918-ci ilin sentyabr ayında Bakının bolşevik-daşnak işğalından azad edilməsi zamanı şəhid olmuş 1 130 türk əsgərinin xatirəsinə Dağüstü Parkda ucaldılmış Türk Şəhidliyi ziyarət edilib. Şəhidlərin xatirəsi yad olunduqdan və ruhlarına dualar oxunduqdan sonra tədbir Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında davam etdirilib.

Tədbiri DAK-ın Həmsədr Aparatının rəhbəri Samir Adıgözəlli açaraq belə bir günü qeyd etməyin millət olaraq borcları olduğunu bildirib: “Türk Şəhidliyini ziyarət etmək yalnız Türkiyənin Azərbaycandakı səfirliyinin yox, hər birimizin borcudur. Eyni zamanda, Nuru paşaya abidə ucaldılması xüsusilə də Bakıda yaşayan azərbaycanlıların borcudur. Hazırda yalnız Türkiyə səfirliyinin ərazisində Nuru paşaya büst qoyulub. Çünki 15 sentyabr olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti də mövcud olmayacaqdı. Məhz Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Bakını işğalçı erməni-bolşevik birləşmələrindən azad etməsi nəticəsində Cümhuriyyət öz paytaxtını seçdi və defakto olaraq bütün ölkə ərazisində qanuni hakimiyyətini təmin etdi. Ancaq təəssüflər olsun ki, bu gün 15 sentyabr tarixinə, xilaskar türk ordusunun əməyinə barmaqarası yanaşanlar var. Bu qüvvələrin Bakının qurtuluş gününü həzm edə bilmədikləri görünür. Belə çıxır ki, o zamanlar Bakının erməni daşnakları, rus və ingilis işğalçılarından azad edilməsi hansı qüvvələri qane etmirdisə, bu gün də həmin qüvvələr içərimizdə mövcudluğunu qoruyub saxlayıb. Məhz tarixi proseslər də Azərbaycanın yerləşdiyi coğrafiyada yaşamaq və ayaqda qalmaq üçün daima bu qüvvələrlə məcburi şəkildə mübarizə aparmalı olduğunu göstərir”.

Onun sözlərinə görə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq günlərdən biri olan 15 sentyabra qarşı laqeydlik var: “Nuru paşa və onun silahdaşlarının xatirəsini uca tutmaq bizim ən böyük borcumuzdur. Bu günün daha dərindən öyrənilməsi və təbliğ edilməsinə çalışmalıyıq. Düşmən daima bizi tariximizdən, keçmişimizdən, milli şüurumuzdan ayırmağa səy göstərir. Nə qədər ki, milli şüurumuzdan, məfkurəmizdən, dəyərlərimizdən kənarda qalacağıqsa, bir millət olaraq yaşamaq və böyümək imkanlarımız sıfıra bərabər olacaq”.

DAK-ın Qərbi Azərbaycan (Ermənistan) nümayəndəliyinin rəhbəri Səməndər Mehdiyev deyib ki, 15 sentyabr yalnız Bakı şəhərinin deyil, bütövlükdə Azərbaycanın işğaldan azad edilməsi günüdür: “Bu gün millətimizin, xalqımızın, dövlətimizin azadlıq günüdür. Ona görə də 15 sentyabr tarixini çox geniş şəkildə qeyd etməliyik. Təəssüf ki, son vaxtlar bu tarixə biganəlik var. Bəzi yerli və xarici qüvvələr türkçülüyü, turançılığı arxa plana atmağa çalışırlar. Ancaq türkçülük, turançılıq özünü tanımaq, keçmişimizi yada salmaq deməkdir. Türklər gündoğandan günbatanadək bütün əraziləri əhatə ediblər və torpaqlarının da ölçüsü olmayıb. Lakin son vaxtlar özünə türk deyə bilmək xofu yaranıb. Biz başqa millətlərə qarşı nə mübarizə aparmır, nə də onları aşağılayıb özümüzü yüksəltmirik. Biz türkük. Azərbaycanda yaşayan ləzgi, talış, tat və s. öz milli kimliyini danmır, ancaq türklər türk olduğunu deməyə sanki qorxur, buna pis baxacaqlarını düşünür. Bizim dilimiz türk dilidir və nəslimiz, kökümüz türkdür. Axı bunu nə üçün gizlətməliyik? Türk milləti dünyanın ən böyük və humanist millətlərindən biridir. Osmanlı İmperiyası 600 illik hökmranlığı dövründə tutduğu ərazilərdə yaşayan millətlərə qarşı həmişə yaxşı olub. Məhz bunun nəticəsidir ki, idarəetmədə qeyri-türk millətləri də təmsil olunublar”.

Onun sözlərinə görə, ötən əsrin əvvəllərində ermənilər neftlə zəngin olan Bakını işğal etmək istəyirdilər: “Bu məqsədlə Şaumyanın rəhbərliyi altında erməni daşnakları 1918-ci ilin martınadək kütləvi qırğınlar törətmişdilər. Ona görə də Xalq Cümhuriyyəti tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi elan edildi. Ümumiyyətlə, Bakı xanlığının mövcud olduğu dövrdə əhalinin 70 faizi türk olub. Ancaq çar Rusiyasının işğalından sonra 1806-cı ildə Bakı xanlığı ləğv edildi və ermənilər, ruslar və digər millətlər Bakıya axışmağa başladı. Türklər şəhərin mərkəzindən sıxışdırılıb çıxarıldı, o zamanlar yalnız dəniz kənarındakı 39 kənddə türklər qalmışdı. Nəticədə 1918-ci ilə qədər Bakı demək olar qeyri-türk millətlərin əlində idi. Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşanın göstərişi ilə Nuru paşa Azərbaycana göndərildi. Qafqaz İslam Ordusu Göyçayda, Kürdəmirdə erməni daşnaklarını məhv etdikdən sonra Bakıya girdi və şəhəri işğaldan azad etdi. Ancaq Osmanlı dövləti Antanta blokunun üzvü kimi I Dünya müharibəsində məğlub olduğundan tezliklə öz qoşunlarını Qafqazdan çıxarmaq barədə şərtə əməl etmək məcburiyyətində qaldı. Qafqaz İslam Ordusu Azərbaycanı tərk edəndə 116 min kvadrat kilometr ərazimiz var idi. Ancaq Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra 86 min qaldı. Azərbaycan müstəqilliyini qazanandan sonra ərazisinin ¼-i erməni işğalı altına düşüb. İndi əsas məqsədimiz işğal edilmiş torpaqlarımızı azad etməkdir. Ermənistan adlı bir dövlət mövcud olmayıb. Həmin 29,8 min kvadrat kilometr ərazidə Azərbaycan türkləri yaşayıblar. İrəvan, Gümrü də daxil olmaqla böyük şəhərlərin əhalisinin 80-90 faizi türklər olub. Sadəcə, bir qrup yezidi kürdlər olub. Ancaq ermənilər Şərqi Anadoludan qovulduqdan sonra həmin torpaqlara yerləşdirildilər və sonradan tarixi ərazilərimizə sahib çıxdılar”.

ATO-nun İdarə Heyətinin üzvü Samir Quliyev qeyd edib ki, türk olmaq tanrı tərəfindən verilmiş bir lütfdür: “Bunu qanında, damarında hiss edib türk törəsi kimi davam etdirmək hər kəsin işi deyil. Bizim düşmənlərimiz çoxdur, dostumuz isə yalnız özümüzük. Yəni türkün türkdən başqa dostu, qardaşı yoxdur. Başqa bir millətdən bizə dost və ya qardaş çıxmayacaq. Bizim düşmənimiz rusdur, farsdır, ingilisdir, erməni onların maşasıdır. Hind mənşəli hay çaqqalları indi bizimlə düşmənçilik edir, meydan sulayırlar. Türküstan, Turan kimi böyük bir ərazi parçalanıb, kiçilə-kiçilə, əzilə-əzilə, xırda, didilmiş, yıpranmış, dağıdılmış torpaqların sahibləri qalmışıq. Çin səddi sırf türklərin qorxusundan inşa edilib. Türk olmaq şərəfdir, şərəfsizlər bunu anlamaz. Biz türk olmağımızla qürur duymalıyıq. Biz Azərbaycanda yaşayan Oğuz türkləriyik.

Tədbirdə həmçinin ATO-nun başqan yardımçısı İsmayıl Cavadzadə, ATO-nun üzvü İmran Novruzov və başqaları da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir