Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “N” hərbi hissəsində 9 noyabr – Dövlət Bayrağı Gününə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin digər rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri iştirak ediblər.
Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.
Sonra hərbi hissənin ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə həsr edilmiş “Əbədi məşəl” kompleksinin açılışı olub.
Dövlət himni səsləndirilib və döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Daha sonra gənc əsgərlər Azərbaycan Respublikasına, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü layiqincə qoruyacaqlarına, əsgəri borca vicdanla əməl edəcəklərinə təntənəli surətdə and içiblər.
Dövlət Bayrağı Günü və andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini, veteranları, valideynləri və qonaqları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.
General-leytenant Mədət Quliyev qeyd edib ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, təhlükəsizlik təmin olunur.
Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradıldığını vurğulayan general-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, hərbi andı qəbul edən hər bir əsgər Azərbaycan Respublikasının keşiyində mətin dayanmalı, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməli, nümunəvi mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, hərbi peşənin sirlərini dərindən öyrənməli, fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmağa çağırıb.
Sonra gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.
Mərasim başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb. (azertac)
boyukmillet.com