Cümə axşamı , 29 Fevral 2024
Drone Cameras

Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva İrəvanı daha təhlükəli oyuna qoşur

Ermənistanın son anda Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) hərbi təlimlərində iştirakdan imtina eləməsi işğalçı ölkənin ekspert dairələrində az qala, şok effekti yaradıb. Rəsmi İrəvanın təlimlərə bir müddət öncə yox, məhz bu təlimlər başlayan gün (!) “yox” deməsi dərhal suallar doğurub (təlimlər sentyabrın 3-dən başlayıb və 11-nə qədər davam edəcək).

Əksər təhlilçilər qərarın Moskvanın diktəsi ilə, yəni İrəvanın iradəsi əleyhinə verildiyinə əmindirlər. Bu qənaəti Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsruni Ovannisyanın olayı şərh eləməkdən imtina eləməsi daha da gücləndirib.

Maraqlıdır ki, düz 4 il öncə – 2013-cü il 3 sentyabrda, Ermənistanın Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalaması ərəfəsində də analoji olay baş vermişdi. O vaxt prezident Serj Sərkisyan Moskvada Putinlə görüşdən sonra bəyan eləmişdi ki, Ermənistan AB ilə sənəd imzalamaqdan imtina edir və Putinin layihəsi olan Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulur.

NATO təlimlərindən imtina da 3 sentyabra təsadüf edir. Yəni bu, işğalçı ölkə üçün rüsvayçı, qara bir tarixin təkrarlanmasıdır. Qərarın Sərkisyanın Rusiya prezidenti ilə Soçidəki görüşündən az sonraya təsadüf eləməsi də diqqət çəkməyə bilməz. Görünür, İrəvanın son vaxtlar Qərbə ünvanlı izafi reverensları Moskvanı təngə gətirib və öz vassalına bir daha yerini göstərməli olub.

Noyabrda isə Ermənistan yenə də AB ilə çərçivə sazişi imzalamağa hazırlaşır. Görək, İrəvanın buna iradəsi, Kremlin isə səbri çatacaqmı?

*****

NATO təlimlərindən imtina Ermənistanın Rusiyanın sözəbaxan vassalı olduğuna şəkk-şübhə saxlamadı. Bunu erməni siyasi şərhçilərinin özləri də etiraf və qeyd edirlər.

“3 sentyabr tarixi yenə təkrarlandı. Ermənistan Gürcüstandakı təlimlərdən imtina elədi. Niyə məhz Ermənistan imtina elədi? Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bu suala cavab verə bilməyib. Ancaq onsuz da hər şey aydındır – söhbət Moskvanın kobud təzyiqindən və məcbur eləməsindən gedir”.

Musavat.com-un məlumatına görə, bu sözlər erməni siyasi şərhçi Sarkis Arsruninin hadisəyə həsr elədiyi şərhdə yer alıb.

“Ermənistan hakimiyyəti 4 il öncəki kimi, yenə də özündə müvafiq iradə tapa bilmədi və Moskvanın şantajı və təhdidlərinə tabe oldu. Moskva isə İrəvana başqa təsir rıçaqlarına malik deyil və yalnız onu yeni Qarabağ müharibəsi ilə hədələyə və ya Serj Sərkisyan hakimiyyətinin sabitliyinə, hətta Ermənistandakı təhlükəsizliyə birbaşa təhlükə yaradan ünvanlı şantaja əl ata bilər” – deyə bildirən A. Arsruni təəssüflə vurğulayır ki, “son vaxtlar dinamik inkişaf edən Ermənistan-NATO əlaqələrinə bu imtina ilə ciddi zərbə vurulmuş olub”.

“Eyni zamanda bununla Ermənistan-Avropa Birliyi münasibətlərinə, İrəvanın xarici siyasəti şaxələndirmək cəhdlərinə də zərbə dəydi və ölkəmizin nüfuzu, beynəlxalq birliyin gözündə obyektivliyi sual altına düşdü”, – deyə o. vurğulayıb.

Erməni şərhçi daha sonra yazır: “Rusiya-ABŞ münasibətlərində son günlər baş verən dramatik olayları da ciddiyə alsaq, böyük ehtimalla, Moskva Ermənistanı daha təhlükəli və qlobal oyuna cəlb edib. Çox mümkündür ki, Ermənistanın NATO təlimlərində iştirakını ləğv eləməklə Moskva İrəvanın vasitəsilə mahiyyət etibarilə ABŞ-a cavab verir. Bu versiya doğrudursa, demək, o zaman Ermənistan Kremlin antiqərb siyasətində instrumentlərdən birinə çevrilir – özünün ölkəmiz üçün olduqca xoşagəlməz nəticələri ilə, o cümlədən Qarabağ nizamlanması prosesində xoşagəlməz sonuncları ilə birgə. Bu fonda heç bir zəmanət yoxdur ki, Ermənistan son anda Avropa Birliyi ilə çərçivə sazişindən də imtina eləməyəcək. Bu xüsusda Sərkisyanın vədi heç nədir (Ermənistan prezidenti son açıqlamalarının birində sənədin imzalanacağını deyib –red.), çünki qərarlar Moskvada qəbul olunur” – sonda erməni analitik əlavə edib.

*****

Azərbaycanda da İrəvanın qərarı adekvat qarşılanıb və əslində təəccüb doğurmayıb.

“Ermənistan hakimiyyətinin son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimindən imtina etməsinin səbəbi aydındır – Moskva qadağan edib!” Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı, Azərbaycan da iştirak edəcək.

“Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq, biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur” – deyə politoloq qeyd edib.

E.Şahinoğlu həmçinin qeyd edib ki, İrəvan bundan öncəki təlimlərdə iştiraka görə Moskvadan icazə almışdı. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım ata bilməz.

Əlavə edək ki, NATO təlimlərdən imtina bir daha Rusiyanın faktiki ucqar quberniyasına çevrilmiş Ermənistanın Dağlıq Qarabağ məsələsində də həlledici söz sahibi olmadığını ortaya qoyur. Bu da o anlama gəlir ki, rəsmi Bakı konfliktin nizama salınmasında müstəsna olaraq Moskva ilə dil tapmaq zorundadır – istər dinc həll yolu olsun, istərsə də hərb variantı…

Check Also

Putin: “Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır”

Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir