Cümə , 19 Aprel 2024
Drone Cameras

Fransadan Azərbaycana növbəti zərbə – FOTOFAKT

Fransanın Alfortville şəhəri ilə Azərbaycanın işğal olunmuş Laçın şəhəri arasında “dostluq bəyannaməsi” imzalanıb.

Noyabrın 20-də Fransanın Alfortville şəhəri ilə Azərbaycanın işğal olunmuş Laçın şəhəri arasında dostluq bəyannaməsinin imzalanması Azərbaycan-Fransa münasibətlərinə böyük təhdiddir. Ölkənin Fransa ilə tərəfdaşlıq siyasətinə maraq göstərdiyi bir vaxtda Azərbaycanın işğal altındakı, xüsusilə Dağlıq Qarabağ probleminin tam mərkəzində dayanan Laçın rayonunda separatçı qüvvələrlə işbirliyi Fransa adına böyük xəyanətdir. Fransada erməni diasporasının Azərbaycanın işğal altındakı ərazilərində separatçı qüvvələrə dəstək verməsi heç kəsə sirr deyil. Lakin Fransanın böyük şəhərlərindən sayılan Alfortville merinin belə bir addım atması artıq diasporanın başını aşan bir mövqedir. Və görünən odur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrliyində yer alan Fransanın vasitəçilik missiyası siyasi reallıqlarla üst-üstə düşmür. Bu günə qədər Fransa ilə Qarabağ separatçı rejimi arasında doqquz bənzər bəyannamə imzalanıb.

Sonuncu bəyannaməyə əsasən, bu sənəd ortaq səylərlə Qarabağın bölgələrini inkişaf etdirmə imkanını yaratmalı, erməni camaatına yaşadıqları torpaqlarda “öz gələcəklərini qurmaq fürsəti” verməlidir. Baxmayaraq ki, müstəqilliyinin bərpasından sonra xarici siyasətində mühüm istiqamətlərdən biri kimi Avropa istiqamətini götürən Azərbaycan, həmin dövrdən etibarən Avropanın böyük dövlətlərindən biri olan Fransa ilə əlaqələri genişləndirməyə başlayıb. Heydər Əliyevin prezidentliyi dövründə özünün inkişaf mərhələsinə qədəm qoyan Fransa-Azərbaycan münasibətlərini, sonrakı illərdə dövlət başçısı İlham Əliyev çoxşaxəli istiqamətdə genişləndirə bilib. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında təkcə siyasi deyil, həmçinin dərin iqtisadi və mədəni əlaqələr mövcuddur. Fransa qondarma erməni soyqırımını tanıyan ölkələr sırasında olsa da, müxtəlif vaxtlarda dövlət və hökumət rəsmiləri bunun Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinə təsir etmədiyini bəyan ediblər.

Politoloq Fikrət Sadıqov Aznews.az-a bildirib ki, Fransa siyasi dairələrinin müəyyən hissəsi ermənilərə rəğbəti ilə seçilir:

Fransadan Azərbaycana növbəti zərbə - FOTOFAKT

“Reallıq budur ki, bu, Fransa cəmiyyətinin müxtəlif dairələrində erməni diasporunun çoxillik fəaliyyətinin nəticəsi idi. Fakt budur ki, Azərbaycanın işğal altında olan rayonunun Alfortville ilə Ermənistan şəhəri kimi qardaşlaşması psixi pozuntularla əlaqəlidir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və rəsmi Parisin özü də gözəl bilir ki, Azərbaycanın hansı rayonları erməni iğalı altındadır. Müvafiq addımı atmaq – Fransa-Azərbaycan münasibətlərinə növbəti zərbə və beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Azərbaycanın Xarici İşlər nazirliyi və digər rəsmi qurumlar çox güman ki, bu fakta öz münasibətini açıqlayacaq, Fransa rəhbərliyinə müəyyən etirazını bildirəcəkdir. Bu faktı cavabsız qoymaq olmaz. Həmçinin cavab elə olmalıdır ki, bu gələcəkdə belə addımların qarşısını alsın və digərlərinə dərs olsun”.

Qeyd edək ki, şəhərlər arasında dostluq bəyannaməsinin imzalanmasına dair qərar 2017-cil il iyulun 30-da Alfortville şəhər şurasında keçirilən səsvermə zamanı verilib. Bəyannamənin 2017-cil ilin sentyabrında imzalanması planlaşdırılsa da, mərasim 2 ay gecikib. 2017-cil ilin yayında bildirilib ki, bəyannamənin imzalanmasından sonra Dağlıq Qarabağ ərazisinə növbəti səfər təşkil ediləcək. Səfər zamanı Alfortville şəhərinin nümayəndələri Laçın şəhərində 2016-cı ildə Alfortville şəhəri tərəfindən Ermənistanın “Blue Cross” təşkilatına ayrılan qrant vasitəsilə inşa edilmiş məktəbin açılışında iştirak edəcəklər. Bu baxımdan Alfortville şəhərinin nümayəndələrinin yaxın zamanlarda Dağlıq Qarabağ ərazisinə səfər edəcəkləri istisna edilmir.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir