Cümə , 29 Mart 2024
Drone Cameras

Gəncə və Şəkinin daşınmaz əmlak elektron kadastr məlumat bazası yaradılıb

Gəncə şəhərinin və Şəki rayonunun torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb və ərazilərin rəqəmsal kadastr xəritələri tərtib olunub.

 

Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən Gəncə və Şəki şəhərlərində icra olunmuş “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin yekun ictimai təqdimatında bildirilib. “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi Azərbaycan ilə Almaniya arasında hökumətlərarası müqaviləyə uyğun olaraq, Almaniyanın KfW İnkişaf Bankının dəstəyi ilə 2013-cü ildən reallaşdırılıb və bu ilin sentyabrında başa çatıb.

Layihənin əsas məqsədi Gəncə şəhərinin və Şəki rayonunun torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində mükəmməl elektron kadastr məlumat bazasının yaradılmasından və ərazilərin rəqəmsal kadastr xəritələrinin tərtibindən ibarət olub.

Layihə çərçivəsində bu şəhərlərdəki bütün əmlaklar – torpaq sahələri, fərdi evlər, mənzillər, həyətyanı və pay torpaqları yenidən ölçülərək sərhədləri dəqiqləşdirilib, eləcə də əmlakların sənədləri öyrənilib.

Layihənin icraçısı Əmlak Məsələləri Dövlət Komitəsi, məsləhətçisi isə beynəlxalq tender yolu ilə seçilmiş Almaniyanın GFA/GCI konsorsiumudur.

Tədbirdə Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev qeyd edib ki, qarşıdakı 4 il ərzində bütün ölkə ərazisi üçün vahid elektron kadastr uçotu informasiya sistemi yaradılacaq.

Layihənin İcra Qrupunun rəhbəri, Almaniyanın GFA/GCI Konsorsiumunun nümayəndəsi Oliver Haitzmann Layihə çərçivəsində aparılan işlər və layihənin nəticələrindən istifadə imkanları barədə məlumat verib. Onun sözlərinə görə, layihənin icrası dövründə Gəncə və Şəkidə ümumilikdə 250 min hektarı əhatə edən ərazidə ölçmə işləri aparılıb. 191,3 min torpaq sahəsi, 95,6 min obyekt və tikili, eləcə də 32,8 min mənzil üzrə məlumatlar toplanıb.

Qrup rəhbəri bildirib ki, ölçmə işləri ən müasir avadanlıqlarla aparılıb. Çöl-ölçmə işlərinin nəticələri məsləhətçi şirkət tərəfindən yoxlanılaraq Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi İnformasiya Sisteminə (DƏQKİS) daxil edilməsi məqsədilə Komitəyə təqdim edilib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir