Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası davam edir

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası davam edir. Kampaniyanın məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin təlimlərdə iştirak edərək maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasında gənclərin rolunun artırılmasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, kampaniya gənclərin ictimai-sosial mövqeyinin formalaşması və beləliklə, daha yaxşı gələcəkdə yaşamaları üçün məşğulluq, təhsil sahəsində çatışmazlıqlar, sağlamlıq məsələlərində məlumatsızlıq kimi sahələri əhatə etməklə, 17 Dayanıqlı İnkişaf Məqsədindən olan keyfiyyətli təhsil, gender bərabərliyi, yaxşı səhiyyə və rifah adlı 3 məqsədi özündə birləşdirir. Bu istiqamətdə “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası çərçivəsində keçirilən sorğu artıq başa çatıb. Sorğuda 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri iştirak edib. Həmçinin Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində 2 günlük təlimlər təşkil olunub. Hazırda fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin məlumatlılığının artırılması məqsədi ilə kampaniya davam etdirilir. Statistik məlumatların əks olunduğu infoqrafikalar sosial şəbəkələrdə yayımlanır.

Kampaniya çərçivəsində iki sosial videoçarx (https://www.youtube.com/watch?v=ri0f3D55_K0) hazırlanıb. Videoçarx keyfiyyətli təhsil mövzusunu əhatə edib. Videoda cəmiyyətdə təhsilin vacibliyi və uşaqlar üçün keyfiyyətli təhsilin əhəmiyyəti vurğulanıb.

Ölkənin tanımış sənətçiləri də bu kampaniyaya qoşularaq fikirlərini bölüşüblər.

Xalq artisti Eldar Mansurov: “Bütün şagirdlər, tələbələr savad qazanmağa xüsusi diqqət yetirməlidirlər. Biz valideynlərimizdən həyat dərsi alırıq, müəllimlərimiz vasitəsilə isə digər biliklərə yiyələnirik. Bunlar üst-üstə gəldikdə gələcəkdə cəmiyyətimizə gərəkli şəxsiyyətlər formalaşır”.

Teleaparıcı Ceyhun Əli: “Təhsili təkcə məktəbdə almırıq. Təhsil həyat tərzidir. Öyrənməyə və təhsil almağa sevgi ailədən başlayır. Övladlarımızın təhsil almasına qayğımızı əsirgəməyək”.

Əməkdar artist Tünzalə Ağayeva: “Təhsilsiz, intellektsiz insan hər zaman gücsüz sayılır. Günümüzdə intellektin, savadın, bütün nailiyyətlərimizin əsasında yaxşı təhsil durur”.

İkinci videoçarx (https://www.youtube.com/watch?v=0vdP8kTdaOY&t=28s) isə cəmiyyətimizdə vacib mövzulardan biri olan gender bərabərliyinə həsr olunub. Hazırda qlobal miqyasda gender bərabərsizliyi milyonlarla insanın inkişafını məhdudlaşdırır. Lakin son yüz ildə dünya dövlətləri gender problemlərinin həlli istiqamətində böyük addımlar atıb. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri dünyada qadınlara və qızlara qarşı olan ayrı-seçkiliyə son qoymağa nail olmaqdır.

Taekvando üzrə Azərbaycan millisinin üzvü Fəridə Əzizova bu barədə fikirlərini bölüşərək deyib: “Gender bərabərsizliyi cəmiyyətimizin əsas problemlərindən biridir. Bu, ailələrdə də özünü büruzə verir. Qız uşaqlarının hər hansı fəaliyyəti daha çox məhdudlaşdırılır. Mən də bu problemlə qarşılaşırdım. Döyüş idmanı ilə məşğul olmaq ailəmi cəmiyyətdən gələn təzyiqlərlə də üzləşdirirdi. Lakin bu, mənim üçün böyük şans idi, mən idman sayəsində çox şey qazandım. Uğurlarım artdıqca cəmiyyətdəki təzyiq də azaldı”.

Qeyd edək ki, dünya liderləri tərəfindən BMT-nin baş qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunub. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keçiriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək barədə razılığa gəliblər.

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir