Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək.
APA-nın məlumatına görə, ikinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq.
İdmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil ediləcək, layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.
“Bakı Marafonu-2017” ötən il olduğu kimi Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Qeyd edək ki, 2016-cı il mayın 1-də təşkil olunan ilk yarımarafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən yarımarafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan və çalışan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri də qoşulub. Yarımarafonda həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən turistlər iştirak edib.
Bu il keçiriləcək yarımarafona 16 yaşdan yuxarı hər kəs – şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. “Bakı Marafonu-2017”də iştirak etmək istəyənlər qeydiyyat üçün fevralın 10-dan aprelin 20-dək Bakının ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu-2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcəklər.
“Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcək.
Bununla yanaşı, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçısı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla, 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.
7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.
Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar “Bakı Marafonu-2017”nin rəsmi feysbuk səhifəsi – www.facebook.com/bakumarathon və www.bakumarathon.az saytında təqdim olunacaq. Əlavə məlumat üçün telefon nömrəsi: 012 310 13 31.