Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Hyustonda Azərbaycan Dövlət Bayrağı Günü təntənəsi (FOTO)

ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir təşkil olunub. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xüsusilə bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə həmçinin Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştatının Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki Baş konsulları, habelə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin və Amerika Azərbaycan, Türk, Yəhudi icmaları və Hyuston ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində çıxış edən Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova qonaqlara bu əlamətdar günün tarixçəsi barədə məlumat vermiş, habelə Bakı və Hyuston qardaşlaşmış şəhərlər arasında əlaqələr və bu əlaqələrin inkişafı perspektivləri haqqında danışıb.

Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov müsəlman şərqində ilk demokratik respublikanın rəmzi olan bu bayrağın 25 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın üzərində ucaldıldığını deyən diplomat, Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu gün ölkəmizin gücləndiyini, bütün sahələrdə irəlilədiyini, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. Azərbaycan diplomatı bu il eyni zamanda Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin 40-ci il dönümünün olduğunu qeyd edərək, bu iki şəhər arasında əməkdaşlığı və onun Azərbaycan-ABŞ münasibətlərinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib. O, bu tədbirin Hyustonda keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, burada fəal və çoxsaylı Azərbaycan diasporasının olduğunu bildirib və bu kontekstdə Azərbaycan Mədəniyyət Mərkəzi və onun direktoru İradə Axundovaya Vətənimizin ABŞ-da tanıdılması və ölkələrimiz arasında münasibətlərin inkişafına dəstəyinə görə təşəkkürünü bildirib.

Sonra çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Amerikanın Azərbaycan icmasını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin təbii olduğunu, iki şəhərin bir çox aspektlərə görə oxşarlığını xatırladıb. R.Sekuta hər iki şəhərin qarşılıqlı olaraq təcrübə mübadiləsinin artırılmasının faydalı olacağına ümid ifadə edib. Səfir Azərbaycanın ABŞ üçün önəmindən danışaraq ölkələr arasında strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq, iki ölkə arasında enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusilə vurğulayıb.

Bundan sonra çıxış edən Hyuston şəhər şurasının üzvü Kayk Laster şəhər meri Silvester Turner adından Azərbaycan icmasını təbrik etmiş, onların Hyuston şəhərinin sosial və mədəni həyatına verdiyi töhfələrə görə təşəkkür edib və 9 noyabr tarixinin Hyuston şəhərində Azərbaycan Bayrağı Günü elan edilməsi ilə bağlı şəhər merinin bəyannaməsini səsləndirib. Daha sonra ABŞ Konqresinin üzvü El Qrinın təmsilçisi Sam Merçant konqresmenin adından Azərbaycanın Bayraq Günü münasibətilə bəyannaməni oxuyub.

Son bir neçə il ərzində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil olunan Azərbaycanın Dövlət Bayrağı Günü tədbirləri artıq ənənəyə çevrilmiş və bu təşəbbüs Texas ştatının rəsmiləri tərəfindən fəal şəkildə dəstəklənir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir