Şənbə , 27 Aprel 2024
Drone Cameras

İrəvan teatrı mövsümü “Min möhtəşəm Günəş”lə açdı, izdiham yaşandı

Artıq bir müddət idi ki, tamaşaçılar Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının yeni mövsümünün acılmasını gözləyirdi. Nəhayət ki, bu oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Min möhtəşəm günəş” tamaşası ilə  baş tutdu.

Tamaşanı izləmək üçün mərkəzə gəldiyimiz zaman isə gözlərimizə inanmadıq. Yüzə yaxın tamaşaçı bayırda qalmışdı. Əvvəlcə səhvən hansısa müğənninin və ya başqa tədbirə gəldiyimizi düşündük. Lakin təşkilatlçılar doğru ünvana gəldiyimizi, sadəcə tamaşa başlayar-başlamaz artıq zal dolduğundan, digər tamaşaçılara yer qalmadığını bildirdi. Bayırda qalan tamaşaçılar arasında gənclər, orta və yaşlı təbəqənin nümayəndələri, hətta xarici vətəndaşlar da var idi.

Nəhayət ki, uzun müddət gözlədikdən sonra mətbuat nümayəndəsi kimi zala daxil ola bildik. Elə zalda da tamaşaçı əlindən tərpənmək mümkün deyildi, ayaq üstə duran kim, yerdə əyləşib diqqətlə tamaşanı izləyən kim. Diqqətimizi çəkən isə tamaşaçılar arasında əməkdar artist Ayşad Məmmədov və digər ziyalıların olması idi. Aktyorlar isə səhnənin kiçik olmasına baxmayaraq böyük potensialla tamaşanı təqdim edirdilər.

Tamaşaya gəldikdə isə, qeyd edək ki, “Min möhtəşəm günəş” tamaşası əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən iki hissəli dram əsəridir. Əsər Əfqanıstan darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadının həyatından bəhs edir.

Belə ki, əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir-rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.

Qeyd edək ki, adı çəkilən tamaşanın premyerası ilk dəfə olaraq bu ilin iyun ayında Rus Dram Teatrında keçirilib. Həmin vaxt da tamaşa böyük anşlaqla keçmişdi. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı isə əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Səhnə əsərində rollarda əməkdar artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov iştirak edir.

Tamaşa iki böyük hissədən ibarət olmasına baxmayaraq, tamaşaçılar sona qədər tamaşanı izləyərək, alqışlarla qarşıladılar.

Tamaşanı izləyən təbrizli tələbələr Minu Mehrafiz və Handinu Hayadux musavat.com-a bunları deyib: “Bizi bu tamaşaya rejissor Elvin Mirzəyev dəvət etmişdi.  İlk dəfə iki ki, Bakıda teatr tamaşasını izləyirik. Tamaşa çox gözəl və maraqlıdır. Bir çox  dostlarımız da tamaşaya gəlmək istəsə də, təəssüf ki, yer yox idi. Təbrizdə də tamaşalarda olmuşuq. Demək olar ki, mövzu baxımından arada fərq olsa da eynilik çoxdur”.

Əməkdar artist Ayşad Məmmədov tamaşanı çox bəyəndiyini bildirdi: “İlk dəfədir ki, İrəvan Teatrının tamaşasında iştirak edirəm. Çox potensialı olan aktyorlardır. Tamaşanın müəllifi Elvin Mirzəyevin “Əli və Nino” filmində çəkilmişəm.  O həm yaradıcı, həm də gözəl insan kimi mənə çox yaxındır. Kollektivə uğurlar arzulayıram”.

Teatrın direktoru İftixar Piriyev isə həm tamaşadan, həm də tamaşaçılardan razı qaldığını dedi: “Baxın, bu, bizim işimizdir. Gördüyünüz kimi, bəlkə də 500-600 nəfər tamaşaçı bayırda qaldı, məcburən geri qayıtdı. Əslində bu gözlənilirdi. Çünki bu əsər  iki dəfə Rus Dram Teatrının səhnəsində oynanılmışdı, özü də açıq kassa ilə… Hər iki tamaşa anşlaq olmuşdu, bayırda xeyli sayda tamaşaçı qalmışdı. Heyranedici oldu. İndi də anşlaq olacağını əvvəlcədən gözləyirdik. Yenidən böyük zalı olan Rus Dram Teatrının səhnəsində bu tamaşanı oynayacağıq. Çünki tələbat çoxdur.

Deyim ki, İrəvan teatrın tamaşaları həmişə anşlaq olur. Bundan əvvəl də bizim “Oğru” adlı tamaşamız var idi, 2003-cü ildə O da bu cür  20 dəfə anşlaqla keçdi. Küçələrdə əllərdə bilet satılırdı. İrəvan teatrı adətən vətənpərvər, milli ideologiyalarımızla bağlı reperturara üstünlük verdiyindən özünə məxsus çoxlu sayda tamaşaçıları var.  Buna görə də tamaşaçı baxımından şikayətçi deyilik”.

İftixar Piriyev yaxın gələcəkdə tamaşaları teatra məxsus binada təqdim edəcəklərinə ümid etdiyini bildirib: “Teatrımızın binası təmir olunmalıdır. Ona görə də tamaşalarımızı məcburən hələ ki, başqa teatrın səhnələri oynayırıq. Gördüyünüz kimi bu gün “YARAT” Mərkəzinin qonağıyıq. Və burda çıxış etməyimiz çox qürurvericidir. Çünki bu məkan çox sevilir. Bu məkanın da öz tamaşaçıları var. Gördüyünüz kimi bu gün həmin tamaşaçılar böyük izdiham yaratdılar. Hesab edirəm ki, İrəvan Teatrının 2000-ci ildən başlayan dinamikası gələcəkdə də davam edəcək”.

Xatırladaq ki, bir müddət bundan əvvəl aparıcı Rövşanə Bektaşi efirdən məcburi köçkün teatrlarının, o cümlədən İrəvan, Şuşa teatrlarının gərəkli olmadığını, işə yaramadığnı, buna görə də onların bağlanılmasını istəmişdi. Tamaşada yaşanan izdiham bəlkə də aparıcının qalmaqallı ifadələrinə tutarlı bir cavab idi.

Güman ki, məcburi köçkün teatrların bağlanılmasını istəyən teleaparıcı və ya digərləri mədəniyyətimizin bir qolu olan bu teatrların heç olmasa, bir tamaşasında və ya premyerasında iştirak etsəydi, bu cür mövqe ortaya qoymazdılar… (musavat)

 

boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir