Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

“Kral Holding” Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə

Şirkətin yerləşdiyi ofis və ərazisi söküntüyə məruz qalıb.

Bir neçə gün bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanında söküntü işləri həyata keçirilib. Ovçular Cəmiyyətinə aid olan həmin ünvanda “Kral Holding” Şirkəti və Azərbaycan Kapoeyra Federasiyası yerləşirdi. Şirkətin rəhbəri və eyni zamanda federasiyanın vitse-prezidenti Elşən Bayramovun boyukmillet.com-a verdiyi məlumata əsasən, uzun illərdir “Kral Holding” Şirkətinin və şirkətin dəstəyi ilə yaradılmış Azərbaycan Kapoeyra Federasiyasının məlum ünvanda yerləşdiyini bildirib. Onun sözlərinə görə şirkət tərəfindən Ovçular Cəmiyyətinin binasının yenidən tam təmiri üçün və eyni zamanda həmin ərazidə əlavə olaraq tikilmiş “Olimp” kafe üçün rəhbərlik etdiyi şirkət tərəfindən 500.000 vəsait xərclənmişdi. Elşən Bayramovun qeyd etdiyinə görə Ovçular Cəmiyyəti ilə razılaşdırmaya əsasən həmin bina “Kral Holding” Şirkətinə satılacaqdı. O, söküntü zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdüyünü və başçı tərəfindən “Kral Holding”-in yerlə təmin olunacağının təminatının verildiyini bildirib. Şirkət rəhbəri Bakı Şəhər İcra Hakimiyyəti başçısına rəsmi məktubla müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Hacıbala müəllim!

Siz uzun illərdir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində fasiləsiz və sədaqətlə Heydər Əliyev idealarına xidmət etməkdəsiniz. Həm elmi biliyiniz, həm də yüksək idarəçilik bacarığınız ilə paytaxtımız Bakı şəhərinin abadlaşdırılması, yenidən qurulması istiqamətində danılmaz xidmətlərinizi xalqımız və dövlətimiz daim qiymətləndirməkdədir.

Mən işadamı olaraq daim cənab prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmiş və öz növbəmdə ölkəmizin inkişafı istiqamətində imkanlarım daxilində fəaliyyət göstərmişəm. Təsisçisi və direktoru olduğum “Kral Holding” şirkətinin də iqtisadiyyatımızın inkişafı baxımından yeni iş yerlərinin açılması istiqamətində xidmətləri olmuşdur. Amma təəssüflər olsun ki, bu gün “Kral Holding” şirkəti məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Bu günlərdə Yasamal rayonu 31/41 məhəllə, Mətbuat prospekti 29 ünvanda Ovçular cəmiyyətinin yerləşdiyi bina sökülməyə məruz qalmışdır. Bildirmək istəyirəm ki, göstərilən ünvanda “Kral Holding” şirkəti və şirkətimizin dəstəyi ilə yaradılmış Azərbaycan Kapoeyra Federasiyası yerləşirdi. Bu ünvanda şirkətimiz tərəfindən federasiyanın fəaliyyəti üçün lazımi tikinti işləri aparılmış və 10 kabinetdən ibarət “Olimp” kafe tikilmişdir. Ümumilikdə “Kral Holding” şirkəti tərəfindən 500.000 manatdan artıq vəsait xərclənmişdir. Mövcud durum gördüyünüz kimi şirkətimiz üçün çox acınacaqlıdır. Həm şirkətimizin yerləşdiyi inzibati bina və ərazisi sökülmüş, həm də tərəfimizdən xərclənmiş vəsait itkiyə getmişdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ovçular cəmiyyətinin binası bizdən əvvəl tam yararsız vəziyyətdə olmuşdur. Orada şirkətimiz tərəfindən əsaslı təmir-tikinti işləri aparılmış və əlavə olaraq yuxarıda qeyd etdiyimiz obyekt tikilmişdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, söküntü zamanı ərazidə Sizinlə görüşümüz oldu. Görüş zamanı dəymiş ziyanın ödəniləcəyi və yaxud hökumət tərəfindən şirkətimizin yerlə təmin ediləcəyi ilə bağlı mənə dediyiniz sözlər bizdə böyük arxayınçılıq yaratdı. İnanıram ki, Sizin və dövlətimizin köməkliyi ilə şirkətimiz düşmüş olduğu çətin vəziyyətdən çıxacaqdır.

Hörmətli Hacıbala müəllim!

Cənab prezidentimiz çıxışlarında sahibkarların hüquqlarının qorunması və onlara dövlət dəstəyinin verilməsi istiqamətində daim öz göstəriş və tövsiyyələrini vermişdir. Eyni zamanda prezidentimizin qayğısı nəticəsində ölkəmizdə idmana böyük şərait yaradılmış və bu istiqamətdə ürəkaçan işlər davam etməkdədir. Bütün bunlara inanaraq həm təsisçisi olduğum “Kral Holding” şirkətinin, həm də Azərbaycan Kapoeyra Federasiyasının yerlə təmin olunacağına ümid edirəm. Sizdən xahiş edirəm ki, qısa zamanda bu işdə bizə köməklik göstərəsiniz.

 

boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir