Şənbə , 13 İyul 2024
Drone Cameras

“Əli və Nino” filmi Los Ancelesdə nümayiş etdirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində təqdim olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, oktyabrın 24-də Festivalın ilk açılış filmi kimi nümayiş etdirilən “Əli və Nino” tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, “Oskar” və “Emmi” mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorlar, aktyorlar və digər şəxslər iştirak ediblər. “Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq, Festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdə “Əli” rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.

Nümayişdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın yaxın tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb. “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.

Hollivudun məşhur nəşrlərindən olan “Variety” jurnalının, “Sony” şirkətinin və hər il “Qızıl Kürə” mükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduqları Festivalın açılış filmi kimi “Əli və Nino” filminin seçilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edən N. Ağayev bunun filmin yüksək keyfiyyətinin və dəyərinin bariz göstəricisi olduğunu vurğulayıb.

Sonra film nümayiş etidirilib.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir