Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Məmurlar arasında büdcə talançılığı deputatları da dilə gətirdi…

“Bu vəsaitin oğurlanması hər bir Azərbaycan vətəndaşının cibinə girmək anlamına gəlir”

img

İlqar Hüseynli: “Talanan vəsaitin yerinə qoyulması yalnız cinayət əməlindəki məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər”

 

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim edib. Qeyd edək ki, təqdim edilən hesabatla bağlı deputatların sərt çıxışları qeydə alınıb.

Palata sədri hesabatında deyib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibat uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib. V.Gülməmmədov bildirdi ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb. Onun sözlərinə görə, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: “Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə Sosial Müdafiə Fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib”.

Hesablama Palatası 9 iş üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. V.Gülməmmədov bildirdi ki, 2018-ci ildə Hesablama Palatasının nəzarət fəaliyyətini illər üzrə qruplaşdırsaq, auditlə əhatə olunmuş vəsaitin 21,1 faizi hesabat ilini, 50,7 faizi 2017-ci ili, qalan 28,2 faizi isə əvvəlki illəri əhatə edir: “Keçən ilin nəticələri də göstərdi ki, nöqsanlar əvvəlki illərdəki kimi xarakterikdir. Ən çox yol verilən nöqsanlar əsasən büdcə qanunvericiliyinin pozulması, eləcə də mühasibat uçotunun aparılması, büdcə vəsaitlərinin istifadəsi zamanı satınalmalara cəlb edilməsi və dövlət büdcəsinin investisiya xarakterli vəsaitlərinin xərclənməsində olub.

Nöqsanların baş verməsi, əsasən vəsaitlərin icrası üzrə məsul şəxslərin normativ-hüquqi aktların tələbləri ilə tam tanış olmaması və ya düzgün tətbiq edilməməsi ilə bağlıdır. İkinci bir tərəfdən, təcrübəyə əsaslanıb qeyd edim ki, daxili, həmçinin, maliyyə nəzarətlərinin bütün mərhələlərinin güclü olması nöqsan və pozuntuların sayını minimuma endirir”.

Qeyd etdiyimiz kimi, hesabatın müzakirəsi çox sərt tonda davam etdirilib. Bir çox millət vəkili büdcə vəsaitlərinin israf edilməsi ilə bağlı daha sərt tədbirlərin görülməsinə çağırış edib.

Deputat Fəzail Ağamalı talanmış büdcə vəsaitlərinə diqqət çəkib: “Necə edək ki, büdcədən maliyyələşən qurumların büdcə vəsaitinin dağıdılmasına imkan verilməsin? Hələ də bu məntiqi başa düşə bilmirəm ki, ayrı-ayrı qurumların mənimsədiyi pullar hər il Palatanın illik hesabatında göstərilir, lakin bu ənənəyə son qoyulmur. Necə etmək lazımdır ki, buna imkan verilməsin? Bunun üçün Palata öz işini daha yüksək səviyyədə qurmaqla bərabər, qurumun müstəqilliyi təmin edilməlidir. Elə etmək lazımdır ki, Hesablama Palatasının işinə müdaxilə sıfra endirilsin”. F.Ağamalı bildirib ki, sənəddə bir sıra qurumların rəhbərliyinin dövlət vəsaitini mənimsədiyi konkret faktlarla əksini tapıb: “Hesabatda qeyd olunur ki, Bakı şəhərində mənzil-istismar sahəsi, eləcə də Bakıda fəaliyyət göstərən yaşıllaşdırma idarələri tərəfindən mənimsənilən vəsait büdcəyə geri qaytarılıb. Lakin bu qurumların heç birinin rəhbərliyinə ”gözün üstə qaşın var” deyən olmayıb”. Deputat deyib ki, vəzifədən gedən qurum rəhbərləri barədə vaxtında araşdırma aparılmalıdır: “Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında məlumatlara mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

Digər millət vəkili Fazil Mustafa isə hesabatda mənimsəmə faktlarının “nöqsan” olaraq göstərilməsinə etiraz edib: “Bu ifadələr uşaq bağçasında, orta məktəblərdə işlədilir. Dövlət büdcəsindən vəsait mənimsənilirsə, bu, artıq nöqsan deyil, cinayətdir. Belə yumşaq adlardan imtina etməyi bacarmalıyıq. 76 tender fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyi, ancaq hansı tenderin nəticəsinin ləğv olunması barədə məlumat yoxdur”.

Göründüyü kimi, millət vəkilləri büdcə vəsaitinin israf olunması ilə bağlı məsələlərin üzərindən səthi keçilməsinə etiraz edirlər. Onlar bunu cinayət əməli sayır və müvafiq hüquqi qiymətin verilməsini tələb edirlər. Millət vəkillərinin bu tələbinə ekspertlər necə baxırlar?

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, burada əsas söhbət dövlət büdcəsinin talanması və ona səhlənkar yanaşmadan gedir: “Buna bir qədər geniş anlamda yanaşmaq lazımdır. Dövlət büdcəsi bir sıra daxilolmalar hesabına formalaşır. Bunlardan əsas payı vətəndaşlarımız tərəfindən ödənilən müəyyən ödənişlər təşkil edir. Biz Neft Fondunun nizamnaməsinə baxsaq görərik ki, orada da yazılır ki, toplanan vəsait xalqın rifahını yaxşılaşdırmaq üçündür. Yəni dövlət büdcəsinin həm də xalqın malı olduğunu unutmaq lazım deyil. Bu vəsaitin oğurlanması hər bir Azərbaycan vətəndaşının cibinə girmək anlamına gəlir. Buna görə də aşkarlanmış büdcə oğurluğu faktı ilə bağlı sərt tədbirlər görülməlidir. İstər məhkəmə, istərsə də prokurorluq orqanları dərhal cinayət işinin başlanmasına sərəncam verməlidirlər. Müzakirələrin gedişində bəzi deputatların irəli sürdükləri tələbləri çox məqbul sayıram. Çünki biz görürük ki, adi bir banka krediti ödəyə bilməyən vətəndaşı məhkəməyə verirlər, hətta buna görə həbs edilənlər də olub. Onda isə niyə xalqın əmlakına belə laqeyd yanaşma olmalıdır? Cinayət baş verəndə nə edirlər? Törədəni məsuliyyətə cəlb edirlər. Hüququn bu ana xətti bu məsələdə axsamamalıdır. Talanan vəsaitin yerinə qoyulması yalnız cinayət əməlindəki məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər. Heç bir halda, həmin adamın yenə vəzifəsinə davam etməsinə əsas sayıla bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir