Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Dünya » “Müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın”

“Müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın”

“Gürcüstan demokratiya yolu ilə irəliləyən ölkədir”

Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi durumu Gürcüstan dövləti ilə yanaşı Azərbaycanın da nəzər nöqtəsindədir.

Dünya Azərbaycanlıları Konqresinin İcra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı İnterpress.az saytına açıqlama verib. Samir Adıgözəlli hesab edir ki, Gürcüstanda keçirilən parlament seçkiləri dünya ictimaiyyətinin olduğu kimi, Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzindədir: “Bu diqqət sadəcə Gürcüstanın bizə qonşu olmasından yox, həmçinin də, Gürcüstanda yaşayan azərbaycanlıların taleyinə maraqdan qaynaqlanır. Azərbaycan dövləti hər zaman Gürcüstanı ciddi məsələlərdə müdafiə etmiş, onun ərazi bütövlüyünə, siyasi addımlarına hər zaman hörmətlə yanaşıb və onun yanında olub”. 

Azərbaycan və Gürcüstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkən Samir Adıgözəlli bu münasibətləri pozmağa çalışan qüvvələri gözardı etməməyin vacibliyini vurğulayıb: “Müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın. Xüsusilə də, Gürcüstanda müxtəlif vəzifələri tutmuş ermənilər bu prosesdə maraqlıdırlar. Lakin nə Azərbaycan, nə də Gürcüstan belə təxribatlara heç vaxt getməyib”.

Müsahibimiz həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən söz açıb: “Gürcüstanda yaşayan azərbaycanlıların kənd təsərrüfatı, suvarma, məşğulluq və təhsil sahəsində problemləri var. Yeni formalaşdırılan parlamentdə bu cür problemlərin daha aktiv müzakirə edilməsini ümid edirik. Azərbaycanlı millət vəkillərinin seçilməsi də buna daha çox inam yaradır”. 

Sonda seçki prosesini şərh edən Samir Adıgözəlli, Gürcüstanda sabitliyin qorunub saxlanılmasının region üçün əhəmiyyətindən danışıb: “Məsələyə politoloji istiqamətdən yanaşsaq, seçkidən əvvəl ictimai-siyasi atmosferdə seçkilərin başa-baş gedəcəyi barədə fikirlər mövcud idi, müxalifətdə olan Vahid Milli Hərəkat partiyası yüksək fəallıq göstərirdi. Bununla belə Gürcü arzusu da üstünlüyü əldən vermək niyyətində deyildi. Ümumilikdə, Gürcüstan demokrtaiya yolu ilə irəliləyən ölkədir. Seçkinin bəzi məntəqələrdə saxtalaşdırılması iddialarına isə Gürcüstan rəsmiləri lazım olan açıqlamanı verəcəklər. Hələ ki, tam nəticələr yoxdur, bu seçki prosesinin normal başa çatmasını arzu edirəm”.

Check Also

Anım günü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində hərəkət iki gün məhdudlaşdırılacaq

27 sentyabr – Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın …