Çərşənbə , 26 Yanvar 2022
Home » Dünya » Nazir: İşğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən Ermənistan şirkətlərinin DB layihələrinə cəlb olunması yolverilməzdir

Nazir: İşğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən Ermənistan şirkətlərinin DB layihələrinə cəlb olunması yolverilməzdir

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və DB arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Nazir Ş.Mustafayev qeyd edib ki, DB ilə əməkdaşlıq çərçivəsində indiyədək 51 layihə həyata keçirilib. Bu layihələrdən 40-ı artıq başa çatıb. Nəqliyyat, su təchizatı və kanalizasiya, sosial, kənd təsərrüfatı sahələrini əhatə edən 11 layihənin icrası isə davam etdirilir. DB ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub, “Abşeron göllərinin bərpası” layihəsi üzrə isə DB ilə birgə iş aparılır.

Ş.Mustafayev Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu TANAP layihəsinin enerji sektorunun inkişafı baxımından vacibliyini və bu layihəyə davamlı dəstəyin göstərilməsinin önəmini vurğulayıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa göstərilən dəstək tədbirləri, bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verən İqtisadiyyat naziri DB tərəfindən özəl sektora maliyyə dəstəyinin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, kənd təsərrüfatı, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında peşə təhsili sahəsində əməkdaşlıq Azərbaycan üçün maraqlı istiqamətlərdəndir.

Görüşdə nazir Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri olan Ermənistan bankları və şirkətlərinin DB layihələri çərçivəsində hər hansı işlərə və xidmətlərə cəlb olunmasının yolverilməz olduğunu vurğulayıb.

DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti S.Müller səfər çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsinin və bir sıra sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. DB-nin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrə dair fikirlərini bölüşən S.Müller bir sıra layıhələrin, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin uğurlu icrasını müsbət qiymətləndirib, Bankın ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirəcəyini bildirib.

Check Also

Türkiyənin Samsun şəhərində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş …