Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Dünya » Ombudsman Aparatı xarici KİV-lərin Lapşinlə bağlı iddialarına cavab verdi

Ombudsman Aparatı xarici KİV-lərin Lapşinlə bağlı iddialarına cavab verdi

Ombudsman Aparatının bəzi xarici kütləvi informasiya vasitələrində Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası zamanı guya cinayət və cinayət prossesual qanunvericiliyin tələblərinin pozulması barədə yayılan iddialara cavab verib.

Belə şərhləri yanlış sayan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Trend-ə bildirib ki, bu kimi şərhlərin hüquqşünaslar tərəfindən verilməsi təəssüf hissi doğurmaqla yanaşı, həmin şəxslərin məntiqinin hüquqa deyil, siyasi tapşırığa söykəndiyini göstərmiş olur:

“Qeyd etmək istərdim ki, Azərbaycan tərəfi məsələnin məhz hüquq müstəvisində, beynəlxalq hüquq normalarına uyğun həll olunduğunu sübut edib və bununla bağlı kütləvi informasiya vasitələrində kifayət qədər geniş şərhlər verilib”.

A.Lapşinin Azərbaycana ekstradisiyası zamanı məhz cinayət və cinayət prossesual qanunvericiliyin tələblərinə də tam əməl edildiyini diqqətə çatdıran A.Səfixanlı qeyd edib ki, Cinayət Prossesual Məcəllənə görə, cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə şəxsin xarici ölkədən verilməsi üçün tələblər var. Bu tələblərə əsasən, şəxsin törətdiyi cinayət əməlinə görə həm sorğu edən, həm də sorğu edilən dövlətin qanunvericiliyində cinayət qaydasında cəzalandırılmalı olan və törədilməsinə görə bir ildən az olmayan müddətə azadlıqdan məhrum etmə növündə və ya daha ağır cəza nəzərdə tutulmalıdır.

Aparat rəhbəri qeyd edib ki, bu tələblər Azərbaycanın Cinayət Prosessual Məcəlləsinin 496.2-ci maddəsində, Belarusun Cinayət Prosessual Məcəlləsinin 491-ci maddəsinin 4-cü hissəsinin birinci bəndində, Rusiyanın Cinayət Prosessual Məcəlləsinin 460-cı maddəsinin 2-ci hissəsində təsbit olunub. Hər üç ölkənin Cinayət Prossesual qanunvericiliyində şəxsin cinayət məsuliyyətinə cəlbi məqsədilə xarici ölkədən verilməsi üçün əsas tələb törətdiyi əmələ görə bir ildən az olmayan müddətə azadlıqdan məhrum etmə və ya daha ağır cəza nəzərdə tutulmasıdır. A.Lapşinin törətdiyi əməllər Azərbaycanın Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində təsbit olunmuş cinayət əməllərinin tərkibini yaradır və həmin maddələrin sanksiyalarında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Belarusun Cinayət Məcəlləsinin 361-ci maddəsinin (Belarusun xarici təhlükəsizliyi, onun suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi və müdafiə qabiliyyəti əleyhinə yönəlmiş hərəkətlərin həyata keçirilməsi üçün çağırışlar) 3-cü hissəsində anoloji əmələ görə nəzərdə tutulan sanksiyada 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 371-ci maddəsinin (Belarus Respublikasının dövlət sərhədini qanunsuz keçmə) ikinci hissəsində nəzərdə tutulan sanksiyada 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Rusiyanın Cinayət Məcəlləsinin 280.1-ci maddəsinin (Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərin həyata keçirilməsi üçün açıq çağırışlar) 2-ci hissəsində təsbit olunmuş anoloji əməllərin törədilməsinə görə nəzərdə tutulan sanksiyada 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 322-ci maddəsinin (Rusiya Federasiyası dövlət sərhədi qanunsuz keçmə) ikinci bəndində nəzərdə tutulan sanksiyada 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub: “Göründüyü kimi, hər üç ölkənin cinayət qanunvericiliyində A.Lapşinin törətdiyi əməllərə görə 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur. Bütün bunlar bir daha onu sübut edir ki, Lapşinin Azərbaycana ekstradisiyası zamanı cinayət və cinayət prossesual qanunvericiliyin tələblərinə tam əməl olunub”.

Check Also

Azərbaycan lideri Qoşulmama Hərəkatına üzv olan ölkələrə yeni təklif verib

“Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü …