“Bəzi məmurların, cavabdeh şəxslərin öz işlərinə məsuliyyətli yanaşmaması üzündən belə vəziyyət yaranır”
Son vaxtlar müəyyən vətəndaşların şəxsi işləri və şikayətləri ilə bağlı bir sıra ictimailəşmiş məsələlərin həllinə birbaşa Prezidentin, Birinci vitse-prezidentin müdaxiləsinin şahidi oluruq. Ölkə başçısı humanizm prinsiplərindən çıxış edərək, sözügedən məsələləri nəzarətə götürür və onların həllini təmin edir. Bununla bağlı mövcud problemlər dərhal aradan qaldırılır.
Bu kimi faktların təhlili belə rəy yaradır ki, Prezidentin bəzən reaksiya verməyə məcbur olduğu məsələləri, əslində, yerli məmurlar, nazirlər və ya komitə rəhbərləri səviyyəsində həll etmək mümkündür. Əslində, bütün bunları onlar həll etməlidirlər. Ancaq təəssüf ki, biz bu məsələlərin həll edilmədiyini görürük. Nəticədə bu problemlər böyüyərək şişir, daha sonra ictimailəşir. Vaxtında həll edilmədiyinə görə də ölkə başçısı buna müdaxilə etməli olur. Aydındır ki, Prezident İlham Əliyevin ölkə başçısı olaraq daha böyük və ciddi işləri var. Nəticədə ortaya belə bir mənzərə çıxır ki, bəzi məmurların öz işlərinin öhdəsindən gələ bilməməsi üzündən bu vəziyyət yaranır. Halbuki, bu işlərə cavabdeh olanlar öz məsuliyyətlərini dərk edib vaxtında problemləri həll etsəydilər, belə vəziyyət yaranmazdı. Yəni onların görməli olduğu işi Prezident göməzdi. Təkcə son həftələrdə Prezidentin və Birinci vitse-prezidentin şəxsi nəzarətinə götürülərək həll edilən məsələləri yada salmaq kifayətdir ki, bunun həqiqət olduğunu görə bilək. Bu baxımdan, sözügedən məsələni ekspertlər necə dəyərləndirirlər?
- Rəsul Cahangirli: “Ona görə də bundan məmurlar, iş adamları və digər cavabdeh şəxslər ciddi nəticə çıxarmalıdırlar”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bəzi məmurların, cavabdeh şəxslərin öz işlərinə məsuliyyətli yanaşmaması üzündən belə vəziyyət yaranır: “Prezident İlham Əliyev, belə olan halda, məsələyə özü müdaxilə etməli olur. O cümlədən, Birinci vitse-prezident Mehriban Əliyeva bu kimi problemləri həll etməli olur. Dəfələrlə biz bunun şahidi olmuşuq. Son günlər bununla bağlı yaşananlar deyilənlərə əyani sübutdur. Bu onu göstərir ki, bir sıra məmurların görməli olduğu işi ölkə başçısı görməli olur. Həmin məsuliyyətsiz məmurlardan fərqli olaraq, Prezident İlham Əliyev hər zaman öz işinə ciddi yanaşır, xalqın maraqlarından çıxış edir. Ən çətin günlərdə xalqın yanında olur. Necə ki, dəfələrlə bunun şahidi olmuşuq. Bəzi məmurların nöqsanları sayəsində problemlər üst-üstə yığılaraq xoşagəlməz fəsadlara yol açır. Bununla onlar həm də Prezidenti çətin vəziyyətdə qoyurlar. Problemlər vaxtında həll edilsə, vəziyyət bu həddə gəlib çatmaz. Ona görə də bundan məmurlar, iş adamları və digər cavabdeh şəxslər ciddi nəticə çıxarmalı, Prezidenti əlavə işlərlə məşğul etməməlidirlər. Belə halların təkrarlanmasına yol verməməlidirlər”.