Cümə , 26 Aprel 2024
Drone Cameras

Qərbdən sonra Rusiyadan da soydaşlarımız arasında Azərbaycanın dövlət simvollarına qarşı təhqirlər başlayıb

Related image

Avropada özünü Azərbaycan iqtidarına müxalifət adlandıran 5-10 nəfərin prezident seçkisi öncəsi sosial şəbəkələrdə əxlaqdan, tərbiyədən uzaq, söyüş dolu ifadələrlə çıxışları nəzərə çarpmağa başladı. Belə fəaliyyət ölkəmizə qarşı açıq düşmənçilik demək idi. Bu, ilk növbədə, həmin insanların mahiyyətini və hansı mənəviyyata sahib olduqlarını ortaya qoyur.

Söyüş ritorikasından yararlanaraq insanları ləkələmək, onlara hər cür böhtanlar atmaqla aşağılamağa çalışmaq, əslində, mənəviyyatsızlıq və siyasi yoxsulluq əlaməti sayılır. Bu gün Avropadan Bakıya ultimatum yağdıran dırnaqarası soydaşlarımızın kiçik bir qrupu məhz bu pozucu yolu tutublar. Avropada oturub heç bir “qırmızı xətt” gözləmədən, özlərini “azad adam” adlandıran, mahiyyətcə ölkəmizin milli maraqları əleyhinə sifariş yerinə yetirən bir qrup adamın çıxışları xəstə təxəyyülün məhsulu olmaqla yanaşı, həm də hüquqi nihilizmin real göstəricisidir. Çünki bu şəxslərin ifadələrindən belə anlaşılır ki, onlar ölkə hüdudlarını tərk etdikdən sonra Azərbaycan əleyhinə istənilən təxribat və öz millətinə nifrət, kin üzərində qurulan çıxışlarında tam azad olduqları düşüncəsindədirlər. Məhz bu üzdən etika, əxlaq, milli ruh hissi olmadan Azərbaycana qarşı düşmənçilik, böhtançılıq, təxribat elementləri bu qədər qabarıq nəzərə çarpır. Ən  təəssüfedici hal budur ki, həmin adamlar əsasən Azərbaycan simvollarını hədəfə alırlar.  Təəssüflər olsun ki, onların gizləndiyi Avropa ölkələri Azərbaycanın qanuni tələblərinə baxmayaraq, həmin adamlar barədə heç bir ölçü götürmürlər.

Maraqlıdır ki, son vaxtlar belə meyllər artıq Rusiyadan da qaynaqlanmağa başlayıb. Sosial şəbəkələrin imkanlarından istifadə edən Rusiyada yaşayan bəzi soydaşlarımız Avropadakı Orduxanın, Turalın, Mirzəlinin yolunu getmək istəyirlər. Özlərini talış millətinin nümayəndəsi kimi təqdim edən bir dayı-bacıoğlu tandemi ortaya çıxıb. Paylaşımlarında qeyd edirlər ki, onlar Rusiyada biznes fəaliyyəti ilə məşğul olurlar, maddi vəziyyətləri də pis deyil. Buna baxmayaraq, ölkə rəhbərliyinin ünvanına təhqiredici fikirlər yağdırırlar. Belə hadisənin Azərbaycanla yaxın münasibətlərə malik olan Rusiyada baş verməsi maraqlıdır. Söyüşcül dəstənin etnik kartla Rusiyadan efirə çıxmasının arxasında hansı amillər dura bilər?

Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli Boyukmillet.com-a açıqlamasında bildirdi ki, praktikaya əsaslanaraq bəzi mülahizələrin üzərində xüsusi dayanmaq olar: “Bəzi söyüş makinalarının indi də Rusiyadan görünməyə başlaması təəccüblüdür. Dediyiniz adamları mən də izləmişəm. Avropadakılardan heç nəyi ilə fərqlənmirlər. Əksinə, bir az da təhlükəlidirlər. Çünki etnik kartdan istifadə etməklə Azərbaycanda separatizm toxumlarını səpmək istəyirlər.  Çıxışlarında tez-tez milli amili qabardırlar. Fikir versəniz görərsiniz ki, bu amildən ermənilər də məharətlə istifadə edirlər. Hətta öz ərazilərində guya talış millətinin səsi olan  televiziya yayımları da edirlər. Rusiyada istər biznes, istərsə də hakim dairələrə erməni lobbisinin güclü təsir imkanları var. Şübhə yoxdur ki, həmin adamları o dairələr fəallaşdırıb. Bununla Azərbaycan dövlətinə qarşı təzyiq üsullarını əllərində saxlamaq istəyirlər. Yeni cücərmək istəyən bu amili yerindəcə zərərsizləşdirmək lazımdır. Ola bilər ki, hakim dairələr bunu ciddiyə almır. Amma pis presedentin əsası qoyula bilər. Rusiyanın müvafiq qurumlarına bununla bağlı müraciət edilməlidir. Sual oluna bilər: Rusiyada 2 milyon soydaşımız yaşayırsa, niyə bu missiyanı üzərinə məhz etnik azlığın nümayəndələri götürür? Deməli, ortada şübhəli məqamlar var”.

Məhəmmədəli QƏRİBLİ

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir