Cümə , 29 Mart 2024
Drone Cameras

Qarabağ separatçılarının Tbilisidəki “sərgisi” – Gürcüstana bəzi xatırlatmalar – ŞƏRH

Azərbaycan öz qonşuları ilə həmişə xoş məramlı davranıb. Hətta öz torpaqlarının hesabına yaradılan Ermənistanla belə işğaldan əl çəkəcəyi halda əlaqə yaratmağa, əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb. Ancaq təəssüflər olsun ki, bir sıra hallarda qonşular Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, yaxud torpaqlarını işğal altında saxlayanlara dəstək verirlər.

Ötən gün Tbilisidə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağbölgəsindən olan 7 rəssamın əl işlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb. Tədbir Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki “Ayartun” mərkəzində, Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan” mərkəzinin dəstəyi və “Şuşa Şəhər Muzeyi”nin təşkilatçılığı ilə baş tutub. Düzdür, sərginin təşkilində Gürcüstan dövlət strukturları iştirak etməyiblər. Hətta Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı məlumat da yayıb: “Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb. Konkret olaraq sərginin təşkilinə gəldikdə isə bu sərgi şəxsi təşəbbüs əsasında açılıb və bu təşəbbüsə heç bir dövlət strukturu qoşulmayıb”.

Əslində, Gürcüstan XİN-in münasibəti “nə şiş yansın, nə kabab” məsəlini xatırladır. Çünki özü separatçılıqdan əziyyət çəkən, ərazisində Abxaziya və Cənubi Osetiya kimi separatçı rejimlər olan bir ölkənin XİN-i belə “dişsiz” bəyanat yaymamalıdır. Separatçılıq nəticəsində Gürcüstandan ayrılaraq özlərini müstəqil elan edən qondarma respublikaları hətta dünyanın aparıcı güclərindən biri olan Rusiya da tanıyıb. Azərbaycan isə öz ərazi bütövlüyünü müdafiə etdiyi kimi, Gürcüstanın da bu məsələdə maraqlarını dəstəkləyib. Bu baxımdan Bakıda Gürcüstanı narahat edəcək belə tədbiri keçirməyə heç kim cürət edə bilməz. Bu birmənalıdır və buna heç Azərbaycan cəmiyyəti də yol verməz. Ancaq Gürcüstan XİN ermənilərin keçirdiyi tədbirin mahiyyətini ört-basdır etmək üçün “Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb” ifadəsini işlədib. Görünür, məsələnin ciddiliyini azaltmaq üçün Gürcüstan XİN və rəsmi Tbilisi bu sayaq yolavermə taktikasını tutub. “Şuşa Şəhər Muzeyi”nin təşkilatçılardan biri olaraq çıxış etməsi Azərbaycanın suverenliyinə qarşı çıxmaqdır. Bəs bu təşkilat haranı təmsil edir? Rəsmi Bakının icazə və məlumatı olmadan keçirilən tədbir Azərbaycana qarşı çıxmaq deyilmi?! Azərbaycanın ərazisi işğal altındadır və onun tanımadığı hansısa bir təşkilat Tbilisidə keçirilən “sərgi”nin təşkilatçısı olur. Bu, ərazi bütövlüyünə xələl gətirmirmi?! Bu həm də beynəlxalq hüququn pozulmasıdır. Əlbəttə, Gürcüstanda belə bir hadisə olsaydı deyib,  müqayisə aparmaq istəməzdik. Belə bir halı qonşu və müttəfiq dövlət üçün arzulamasaq da, bunu təsəvvür etmək də çətin deyil. Təşkilatçılardan biri də Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki “Ayartun” mərkəzidir. Bu həmin kilsədir ki, Gürcüstan ərazisindəki 450 kilsənin ermənilərə aid olduğu iddiası ilə çıxış edir. Bu yerdə ermənilərin Gürcüstana ərazi iddiasını xatırlatmaq yerinə düşər. Axalkələkiyə ərazi iddiası edirlər, hətta Ermənistan Nazirlər Kabinetinin yanında “Birləşmiş Cevaxk” təşkilatı fəaliyyət göstərir. Bu qurum dövlət büdcəsindən maliyyələşdirilir. Moskvada da eyniadlı qurum fəaliyyət göstərir.

Yeri gəlmişkən, qədim türk torpağı olan Axısqa vilayətinə gürcülər Samtsxe-Cevaxetiya, ermənilər isə “Cevaxk” adını qoyublar. Azərbaycanda baş verənlərə əsaslanaraq, demək olar ki, ermənilər həmin bölgədə “öz müqəddəratını təyinetmə hüququ”nu iddiasını irəli sürəcək. Bu şəraitdə həmin bölgənin 7 erməni rəssamı Moskvada sərgi açsa, Gürcüstanın ərazi bütövlüyünə problem olmazmı?! Hər halda biz Gürcüstana belə bir bəlanı heç arzulamırıq. Gürcüstanla Azərbaycan çox ciddi və səmimi iqtisadi tərəfkeşdirlər. Bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 567 milyon dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan xarici ölkələrlə ticarət dövriyyəsi siyahısında dördüncü yerdədir. 

Bu arada Gürcüstanın rəsmi və qeyr-rəsmi qurumlarının, ictimaiyyətinin diqqətinə bir məsələni də xatırlatmaq istərdik. Azərbaycan və Gürcüstan arasındakı münasibətin korlanmasını istəyən qüvvələr az deyil. Azından onların ikisi də hər iki dövlətə qonşudur. Ermənistan mətbuatı Bakı-Tbilisi əlaqələri, əməkdaşlığına bir qayda olaraq qısqanc və xəbis yanaşır. Azərbaycanla Gürcüstan arasında imzalanan, həyata keçirilən bütün regional müqavilələri gözdən salmağa çalışırlar. 

Noyabrın 28-də Gürcüstanda “Tbilisi: İpək yolu” adlı konfrans başlayıb. Həmin tədbirə 60 ölkədən 500 beynəlxalq şirkəti təmsil edən iki mindən çox nümayəndə qatılıb. Bu tədbir Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi gerçəkləşdikdən sonra həyata keçirilir. Başqa sözlə, tərəflər bu kimi layihələrdən qarşılıqlı şəkildə faydalanırlar. Bu, yalnız tərəflərin qarşılıqlı hörməti, ərazi bütövlüyünü dəstəkləməsi, qonşuluq münasibətlərinə əməl etməsi nəticəsində mümkün olub. Lap Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri kimi. 

Ermənilərin də konfrans ərəfəsində Tbilisidə “sərgi” açması da təsadüfi deyil. Gürcüstanda Azərbaycana qarşı, yüngül şəkildə desək, təxribatlar əvvəllər də olub. Belə ki, ötən il iyulun 2-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilən “Dinamo” – “Qəbələ” oyununda Gürcüstanın bir qrup vətəndaşı Azərbaycan və “Qəbələ” futbol klubuna aid bayraqları ayaqları altına ataraq tapdalayıblar. 2014-cü il iyulun 31-də Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda, “Bakcell Arena” stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanıb. Qonaq klubun azarkeşləri tribunada Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən plakat qaldırmışdılar. Qonşu ölkə vətəndaşlarının bu sayaq kin, nifrət, iğtişaş yayan hərəkətlərinin sayını artırmaq da olar.

Azərbaycan kimi, Gürcüstan da Avropaya inteqrasiya yolunu tutub. Ötən həftənin sonunda Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığ” proqramının V Sammiti keçirilib. Azərbaycan və Gürcüstanda bu qurumun üzvləridirlər. Sammitin yekununda qəbul olunan bəyannamədə vurğulanıb: “Proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması halları davam edir. Proqram iştirakçılarını həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq sülh yolu ilə həll edilməsi naminə səylərini artırmağa çağırırıq. Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini, suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır”. Deməli, Avropa İtifaqı ilə assosiativ üzvlüyə dair sazişi imzalayan Gürcüstan İttifaqa üzv olmaq istəyirsə, bu halda rəsmi Tbilisinin ərazi bütövlüyünün qorunması öhdəliyinə əməl etməyi öyrənməsi lazımdır. Bir məsələni də geniş şərh vermədən yada salmaq istəyirik: Azərbaycan Respublikasının Ermənistandakı maraqlarını Gürcüstan Respublikası müdafiə edir.

Nəhayət, bu yazını iki atalar sözü ilə tamamlamaq istərdik. Fikrimizcə, bu, iki dövlət arasındakı mövcud münasibətləri daha aydın əks etdirir: “Qonşu qonşunun külünə möhtacdır”, “Qonşuda bişər, bizə də düşər”. 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir