Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycan QHT-ləri Bakı-Tiflis-Qars Dəmiryolunun son dayanacağında…

Məlum olduğu kimi Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihə həyata keçirilib.Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində hər iki ölkə üçün səmərəli görüşlər keçirilib.

Mərkəzdən Boyukmillet.com-a verilən məlumata görə, bir qrup QHT rəhbərlərinin və media təmsilçilərinin iştirak etdiyi nümayəndə heyəti  İğdırda görüşləri tamamlayaraq Qarsa səfər edib. Qarsda ilk olaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamala Atatürkün abidələri ziyarət edilib. Daha sonra nümayəndə heyəti Azərbaycanın Qarsdakı Baş Konsulluğunda olub. Baş konsul Nuru Quliyev qəbul zamanı ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərdən danışaraq bu sahədə QHT-lərin də üzərinə böyük vəzifə düşdüyünü bildirib. BDM sədri dr. İsmayıl Ağayev də görüşdə çıxış edərək, Qars bölgəsində Azərbaycanın ictimai təşkilatlarının fəallığının artırılmasının vacibliyini vurğulayıb. Bu baxımdan belə bir heyətin bölgəyə səfərinin reallaşmasının əhəmiyyətli olduğunu qeyd edib. Eyni zamanda Baş konsulluğun bu məsələyə yaxından diqqət ayırdığına görə minnətdarlığını bildirib. Daha sonra Qars Şəhid Ailələri və Qaziləri Dərnəyinin ofisində Qars ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Türkiyə Müharib Qazilər Dərnəyinin Qars şöbə başqanı Yüksəl Öztürk Azərbaycan heyətini salamlayıb iki qardaş ölkənin təşkilatlarının bir araya gəlməsinin qürurverici olduğunu bildirib. Daha sonra BDM sədri İsmayıl Ağayev, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, Qars Şəhid Ailələri və Qaziləri Dərnəyinin başqanı Muhsin Akçay, Azərbaycan Qafqaz Kültür Dayanışma Dərnəyinin başqanı Nəbi Arıq, Türkiyə Yardım Sevənlər Dərnəyinin başqanı Yasin Yıldırım, Odalar Birliyi başqanı Adəm Burulday, Sənaye Sitesi Başqanlığının rəhbəri Namık Akça və başqaları çıxış edərək, Azərbaycan -Türkiyə QHT-lərinin yaxından birgə əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıblar. Görüşdə bir qrup şəxsə plaketlər təqdim edilib. Nümayəndə heyəti səfər proqramı çərçivəsində Bakı – Tiflis – Qars Dəmiryolunun açılışı münasibətilə Qars Dəmiryolu Vağzalını da ziyarət edib. Habelə QHT və KİV nümayəndələri Qarsda ermənilər tərəfindən içində ibadət edən insanlarla bərabər yandırılmış məscid ilə də tanış olub. Burada ermənliərin törətdiyi ağır cinayətin miqyası haqqında TYSD-nin başqanı Yasin Yıldırım Azərbaycan heyətinə geniş məlumat verib. Qeyd edək ki, yandırılmış məscid Yasin Yıldırımın babası tərəfindən bərpa edilərək istifadəyə verilib. Səfər proqramının sonuncu günündə heyət Qars, Arpaçay Koçköydə uyuyan Azərbaycanın xalq qəhrəmanı Soltan bəy Paşabəyoğlunun məzarını ziyarət edib. Soltan bəyin xatirə lövhəsinin qarşısında təşkil olunmuş tədbirdə baş konsul Nuru Quliyev, BDM sədri İsmayıl Ağayev, ASİM-DER başqanı Göksel Gülbey, Kənd Bələdiyyəsinin sədri və digərləri çıxış edərək Soltan bəyin həyatı və mübarizə yolu haqqında fikirlərini bölüşüblər. Tədbirdə iştirak edən Soltan bəyin nəvəsi Laçın Şirkətlər Qrupunun prezidenti Yücəl Laçın babasına, xalq qəhrəmanına göstərilən diqqətə görə Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinə və bütünlükdə Azərbaycan xalqına öz təşəkkürünü bildirib. Tədbirdən sonra işadamı Yücəl Laçın tərəfindən ehsan süfrəsi verilib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova, Ortaq Dəyərlər İB-nin sədri Aqil Camal, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, Bakı-Xəbər qəzetinin əməkdaşı, azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev iştirak edib.

 

 Boyukmillet.com

 

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir