Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Rusiya erməniləri Putinin seçkilərinə hansı maneçilikləri törədə bilər…

“Erməni diasporunun əsas özəyini təşkil edən həmin kateqoriyaya güclü əlin idarə etdiyi stabil Rusiya lazımdır ki, buna da Putinin xarizması tam uyğun gəlir”

 

İsmayıl Ağayev: “Hesab edirəm ki, Rusiyadakı ermənilərin başlıca hədəfi Sarkisyanı…”

 

Rusiyada növbəti prezident seçkisi kampaniyasına start verilib. Prezident olmaq istəyənlərin sayından da görünür ki, seçki gərgin keçəcək. Artıq 67 nəfərin Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdiyi bildirilir. Bu barədə Rusiya MSK sədri Ella Pamfilova məlumat verib.

Onun sözlərinə görə, prezidentlik uğrunda mübarizə aparmaq istəyən 67 nəfərdən 21 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 46 nəfər isə şəxsi təşəbbüsü ilə namizədliyini irəli sürüb: “2012-ci ildən sonra Rusiyanın seçki qanunvericiliyi yetərincə liberallaşdırılıb. Bu gün Rusiyada 70-ə yaxın siyasi partiya var. Bundan əlavə, namizədlərin qeydiyyat məsələsi kifayət qədər sadələşdirilib”. MSK sədri E.Pamfilova əlavə edib ki, prezidentliyə namizədlərin sayının artacağı gözlənir. Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. Təbii ki, budəfəki seçkilərin də favoriti Putin sayılır. Buna baxmayaraq, istənilən namizəd qazana və itirə biləcəyi səslərin dairəsini müəyyənləşdirməyə çalışır. Bu istiqamətdə xüsusi olaraq Rusiyada yaşayan milli diasporların da səsinin əldə edilməsinə yönəlik fəaliyyət ortaya qoyulur. Ermənistanda hazırda Rusiyaya qarşı aqressiv münasibət var. Bunu həmin ölkədəki vəziyyətdən açıq hiss etmək mümkündür. Ermənistan cəmiyyətinin Rusiyaya arxa çevirərək Avropaya meyllənməsi bunu bir daha sübut etmiş oldu. Bəllidir ki, xaricdə yaşayan diasporların əsas koordinasiyası millətlərə məxsus olan dövlətlərdə edilir. Bu baxımdan da Rusiyadakı prezident seçkilərində həmin ölkədə yaşayan ermənilərin mövqeyi maraqlı olacaq. Onların Putinin yenidən prezident seçilməməsi üçün təxribatlar törətməyə gücləri çatacaqmı?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin bu istiqamətdə istəyi böyük ola bilər: “Ancaq Rusiyadakı diasporların gücünə yaxşı bələd olan adam kimi deyə bilərəm ki, erməni diasporu Rusiyadakı seçkilərdə təxribat törədəcək gücdə deyil. Əvvəla onların sayı o dərəcədə çox deyil ki, seçkinin taleyini dəyişə bilsinlər. Ancaq burada söhbət yalnız saydan getmir. Təxribatı törədə bilmək üçün həmin diasporun əlində təsir rıçaqlarının olub-olmamasından söhbət gedir. Etiraf etməliyik ki, ermənilərdə az da olsa belə təsir imkanları var. Çünki onların Rusiyanın mühüm dövlət qurumlarında çalışan çoxlu sayda nümayəndələri var. Onda sual olunur: həmin adamlar təxribat törətməyə, Putinin seçilməməsində maraqlı olacaqlarmı? Cavabı, birmənalı olaraq, “yox!” kimi vermək olar. Çünki həmin adamların çoxu uzun illərdir Putin hakimiyyətində təmsil olunurlar. Bilirsiniz ki, Putin 20 ilə yaxın bir zamandır hakimiyyətdədir. Bu baxımdan da kadrların ələnməsi prosesi uğurla həyata keçirilib. Orta təbəqədə olan erməni diaspor nümayəndələri isə əsasən bizneslə məşğul olurlar. Onların da çoxu Sarkisyan rejiminin əlindən qaçıb Rusiyaya pənah aparıblar. Erməni diasporunun əsas özəyini təşkil edən həmin kateqoriyaya güclü əlin idarə etdiyi stabil Rusiya lazımdır ki, buna da Putinin xarizması tam uyğun gəlir. Hesab edirəm ki, Rusiyadakı ermənilərin başlca hədəfi Sarkisyanı yola salmağa hesablanıb, nəinki Putini”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir