Cümə , 26 Aprel 2024
Drone Cameras

Rusiyada yaşayan azərbaycanlıları birləşdirən yeni bir təşkilatın yaradılmasına ehtiyac var

Rusiya azərbaycanlılarının təşkilatlanması ilə bağlı problemi qurtardı, yeni proses başlayır…

Samir Adıgözəlli: “Hər halda, gələn ilin əvvəlindən bununla bağlı müəyyən addımlar atılacaq və biz bunun şahidi olacağıq”

Xəbər verildiyi kimi, Ümumrusiya Azərbaycan Konqresinin birinci instansiya məhkəməsinin və Apelyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb. Rusiya Federasiyası Ədliyyə Nazirliyi də, öz növbəsində, ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.

Məlumat üçün qeyd edək ki, ÜAK 2001-ci ildə təsis olunub. Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ən nəhayət, noyabrın 2-də Rusiya Ali Məhkəməsi şikayəti geri qaytarıb.

Bu arada Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasıın rəhbərləri qeydiyyatı ləğv edilmiş ÜAK-ın prezidenti akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.

Şübhəsiz ki, məlum qərarla razılaşıb fəaliyyəti ümumiyyətlə dayandırmaq olmaz. Ona görə ki, Rusiyada milyonlarla soydaşımız yaşayır. Bu baxımdan yeni diaspor qurumunun yaradılmasına ehtiyac var.

Maraqlıdır, diaspor fəaliyyəti ilə məşğul olan fəallar bununla bağlı nə təklif edirlər?
Məsələyə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, yeni qurumun yaradılması daha məqsədəuyğundur: “Hələlik Rusiya Federasiyasının qanunları çərçivəsində mövcud prosedurlar nəyi tələb edirsə, biz o addımları atmalıyıq. Belə ki, bu istiqamətdə müəyyən addımlar atılır və bundan sonra da atılacaq. Eyni zamanda, bütün bu məsələlər, cənab Prezident başda olmaqla, Azərbaycan dövlətinin nəzarətindədir. Hesab edirəm ki, bunun özü çox önəmli faktordur. Çünki ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinin verdiyi qərar çox ciddi bir məsələdir. Buna sıradan bir məsələ kimi yanaşmaq olmaz. Ona görə ki, burada söhbət bizimlə qonşu olan və dünyada böyük əraziyə malik olan Rusiyada yaşayan soydaşlarımızdan gedir. Nəzərə almaq lazımdır ki, Rusiyada bizim çoxsaylı soydaşımız yaşayır. Onlar ölkənin biznes dairələrində, dövlət qurumlarında və digər sahələrdə fəaliyyət göstərirlər. Orada nə qədər təhsil alan, elm adamı olan soydaşımız var. Yəni kimsə düşünməsin ki, Rusiyada olan soydaşlarımız ancaq fəhləliklə məşğul olurlar. Təbii ki, bu belə deyil. Ümumilikdə, bunun heç bir fərqi yoxdur. Ona görə ki, onların hamısı bizim soydaşımızdır. O da heç kəsə sirr deyil ki, ÜAK-ın bağlanması sırf hüquqi məsələ deyil. Belə bir qərarın verilməsi həm də siyasi məqsədlərlə bağlı olub. Ona görə də Rusiyada yaşayan azərbaycanlıları birləşdirən yeni bir təşkilatın yaradılmasına ehtiyac var. Başqa bir ad altında belə bir təşkilatın yaradılması çox vacibdir. Bununla bağlı aldığımız bəzi informasiyalar var. Görünən odur ki, bu istiqamətdə müəyyən məsləhətləşmələr gedir, fikir mübadilələri aparılır. Hər halda, gələn ilin əvvəlindən bununla bağlı müəyyən addımlar atılacaq və biz bunun şahidi olacağıq”.

 

Vidadi ORDAHALLI 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir