Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Samir Adıgözəlli: 15 Sentyabr niyə hələ də dövlət səviyyəsində qeyd olunmur? — Nuru Paşanın abidəsi niyə yoxdur?


15 Sentyabr Azərbaycan tarixində sadəcə Bakının azad edildiyi gün deyil. Bu tarix Azərbaycanın bolşevik istilasından xilasının, milli dövlətçiliyin müdafiəsinin və Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm tarixi simvollarından biridir.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin tarixində həlledici hadisələrdən biri oldu. Bakı milli hökumətin nəzarətinə keçdi və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün mühüm imkan yarandı.
Buna baxmayaraq, üstündən uzun illər keçməsinə rəğmən, 15 Sentyabr hələ də dövlət səviyyəsində layiq olduğu formada qeyd olunmur.
Bu məsələ ilə bağlı illər ərzində müxtəlif formatlarda müraciətlər edilib. Ölkə rəhbərliyinə şəxsən dəfələrlə müraciətlər olunub. Lakin bütün bu cəhdlərə baxmayaraq, nəticə dəyişməyib.
Vaxtilə bu məsələnin qarşısında maneə kimi bizə ayrı-ayrı məmurların adı çəkilirdi. Hətta “Ramiz Mehdiyev imkan vermir, mane olur” deyənlər də vardı.
İndi isə sual yaranır: Ramiz Mehdiyev yoxdur. Bəs maneə nədir?
Azərbaycanın azadlığı və dövlətçiliyi uğrunda mübarizədə mühüm xidmətləri olan Nuru Paşanın xatirəsini əbədiləşdirmək, onun adına Bakıda möhtəşəm bir abidə ucaltmaq nə üçün bu qədər çətindir?


Əgər Azərbaycan öz tarixini, milli dövlətçilik ənənələrini və müstəqilliyini həqiqətən prioritet hesab edirsə, onda bu tarixə münasibət də buna uyğun olmalıdır.
Təəssüf ki, bu gün də ölkədə bolşevik işğalının ideoloji izlərini yaşatmağa çalışan yanaşmaların mövcudluğu barədə narahatlıqlar səslənir. Halbuki müstəqil Azərbaycan öz tarixini işğalçıların deyil, azadlıq uğrunda mübarizə aparanların gözü ilə dəyərləndirməlidir.
15 Sentyabrın dövlət səviyyəsində qeyd olunması və Nuru Paşanın Azərbaycanda abidəsinin ucaldılması sadəcə bir tarixi şəxsiyyətə ehtiram məsələsi deyil.
Bu, Azərbaycanın öz tarixinə, dövlətçiliyinə və milli yaddaşına münasibətinin göstəricisidir.
Tariximizi unutmaq olmaz. Çünki milli yaddaşını itirən xalq gələcəyini də sağlam şəkildə qura bilməz.
15 Sentyabr — Bakı üçün deyil, bütövlükdə Azərbaycanın bolşevik istilasından xilası ilə bağlı milli tariximizin şərəfli səhifəsidir.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …