SOCAR tərəfindən 2006-cı ildən indiyədək 1 844 hektar neft və neft məhsulları ilə çirklənmiş ərazi təmizlənib. “Report” xəbər verir ki, bunu bu gün SOCAR-da “Ümumdünya ətraf mühitin mühafizəsi günü”nə həsr olunmuş tədbirdə Şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
“Neft sənayesi 200 ilə yaxın tarix ərzində böyük inkişaf yolu keçib. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Bakı 1846-cı ildə dünyada neftin ilk dəfə istehsal olunduğu bir məkandır və həmin vaxtda, eyni zamanda XX əsrin əksər hissəsində ekoloji məsələlər prioritet sayılmırdı. Odur ki, biz müstəqilliyimizin bərpasından sonra ətraf mühitin çirklənməsi nöqteyi-nəzərindən çətin vəziyyətdə idik. Xüsusilə də Abşeron yarımadasını və Xəzər dənizini nəzərdə tuturam”.
Onun sözlərinə görə, bu ərazilərin təmizlənməsi üçün 100 milyonlarla dollar vəsait xərclənib və xərclənməyə davam edilir: “Azərbaycanda və Xəzər dənizinin bizə aid hissəsində neft-qaz əməliyyatları tamamilə beynəlxalq standartlara uyğun şəkildə aparılır. SOCAR Azərbaycanda geniş vüsət alan ekoloji hərəkatın liderlərindən biri kimi ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə daim böyük həssaslıqla yanaşır. Neft-qaz yataqlarında ilbəil ekoloji tədqiaqtlar aparılır, alınan nəticələr ümumililəşdirilir”.
***
SOCAR prezidenti qeyd edib ki, Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib: “Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu neft strategiyası respublikamıza Sovetlər dönəmindən miras qalmış ekoloji problemlərin həllində təkanverici qüvvə rolunu oynayıb”.
Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, BP Azərbaycandakı fəaliyyətində ətraf mühitin mühafizəsinə xüsusi önəm verir və bu sahədə SOCAR ilə birlikdə bir sıra uğurlu layihələrə imza atıb: “Biz Azərbaycanda məşəldə yandırılmanın azaldılması öhdəliyinə sadiqik”.
Tədbirdə çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə görülən işlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan şamda yandırılan qazın azaldılmasına görə birinci yerdədir.
Tədbirdə ətraf mühitin mühafizəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra ətraf mühitin mühafizəsi sahəsində uğurlu fəaliyətə görə seçilən BP və SOCAR əməkdaşları mükafatlandırılıb.