2017-ci ildə Nurəddin Aslanovun təşəbbüsü ilə çəkilişinə start verilən və Birinci Qarabağ Müharibəsinin başlama səbəblərini özündə əks etdirən “Son nəfəsədək” filminin primerası oldu. Real hadisələrə söykənən film ümumi Qarabağ haqqında yox, konkret bir neçə kəndin ətrafında baş verən hadisələrdən bəhs edir. Baş rolunu İlqar Cahangirin canlandırdığı “Son nəfəsədək” filminin kadro heyəti gənc, o qədər də məhşur olmayan aktyorlardan təşkil edilsə də uğurlu və möhtəşəm performans filmi daha da baxımlı və maraqlı edir. Möhtəşəm ssenari, uğurlu rejissor və mükəmməl kadro seçimi Qarabağ həqiqətlərini bütün çılpaqlığı ilə gənc nəsillərə çatdırmaq üçün ən gözəl vasitədir. Bu mövzuya müraciət rejissor tərəfindən Azərbaycan gəncliyinə və həmçinin kinosuna edilən qiymətsiz tövhədir. Tədbir iştirakçılarından olan Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək bildirdi ki, Qarabağ müharibəsi haqda filmlər insanları qələbəyə ruhlandırır. Gənc nəsilə vətən sevgisi aşılayır. Bu baxımdan Qarabağ mövzusuna müraciət edən rejissorlara dəstək olmaq vacibdir: ” Dəvətimizi qəbul edib gəldiyiniz üçün hamınıza öz adımdan və heyətimiz adından təşəkkür edirəm. Bu gün Azərbaycan xalqının burada iştirak edən övladları hesab edirəm ki, Azərbaycanın talehyüklü məsələlərinin həllində olduğu kimi, burada da bir araya gəliblər və bu birlik, bərabərlik hamımızı sevindirir. Qarabağımız uğrunda çəkilən bu filmdə iştirak edən insanlar bu filmin nümayişinə yox, bu filmin ərsəyə gəlməsinə yox, Azərbaycan xalqının bir araya gəlməsinə xidmət edir. Bu gün sizlərin burada iştirakınız o deməkdir ki Ali Baş Komandanımızın hər hansı bir çağırışı olarsa, hər hansı bir əmr olarsa, sizlərin belə araya gəlməniz bu gün artıq sübut olundu. Allah Ali Baş Komandanımızın canını sağ eləsin ki, o, bu gün bizim şəhid ailələrimizə, qazilərimizə, Milli Qəhrəmanlarımızın ailələrinə dövlət səviyyəsində qayğı göstərir. Bu gün Azərbaycan ordusunun maddi- texniki bazasının inkişafı üçün Ali Baş Komandanımız əlindən gələni edir. Bu sahə dövlətimizin, Ali Baş Komandanımızın daima diqqətindədir. Hesab edirəm ki, biz bir xalq olaraq, millət olaraq öz növbəmizdə Ali Baş Komandanımızın əmr və tapşırıqlarını həyata keçirəriksə, qazilərimizin yanında olarıqsa, şəhid ailələrimizin yanında olarıqsa, Milli Qəhrəmanlarımıza hörmət edəriksə, şəhid ana-atalarına, şəhid balalarına və şəhid həyat yoldaşlarına qayğı göstərəriksə, onda bizim imkanıarımız, uğurlarımız daha çox olar. Bir daha sizin hamınıza təşəkkür edirəm və öz minnətdarlığımı bildirirəm.” Milli Məclisin üzvü Aqil Abbas, Birinci Qarabağ müharibəsi iştirakçıları, Aprel döyüşçüləri, şəhid ailələri ilə yanaşı, bir çox media nümayəndələrinin də iştirak etdiyi primera uğurla baş tutub. Çıxışlardan sonra film ictimaiyyətə təqdim olunub.