Bazar , 28 Aprel 2024
Drone Cameras

Soros öz pullarının 75 faizini qoysa da, Azərbaycanda sabitliyi poza bilməz…

“Bu siyasi hadisə diqqətləri bir daha həssas geosiyasi qovşaqda yerləşən ölkəmizə yönəltmiş olacaq”

Elməddin Behbud: “Soros Fondunun 2018-ci ildə keçiriləcək prezident seçkilərini fürsət bilərək atacağı istənilən addımın nəticəsiz qalacağına əmin ola bilərsiniz”

“Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Çünki Sorosun layihə adlandırdığı proqramlar dünya üçün əsl təhlükə mənbəyidir. Əsasən ölkələrdə “rəngli inqilab”ları maliyyələşdirən şəxs kimi tanınan Sorosun belə “səxavət” nümayiş etdirməsi haqlı olaraq böyük narazılığa səbəb olub. Məlum olub ki, amerikalı milyarder C.Soros öz adını daşıyan fondun hesabına 18 milyard dollar köçürüb.
Sorosun ayırdığı 18 milyard dolların ayrı-ayrı ölkələrdəki siyasi layihələrə xərclənəcəyi də iddialar arasındadır. Bura bir sıra Asiya, o cümlədən, Avropa dövlətləri daxildir. Sorosun külli miqdarda maliyyə vəsaiti ayırmasından sonra bu fondun ölkə üçün təhlükəli olduğunu nəzərə alan Avstriya hökuməti qurumun fəaliyyətini dayandırıb. Qeyd edək ki, Avstriyadan əvvəl Azərbaycan da daxil olmaqla bir çox dövlətlər təhlükəli fəaliyyətini nəzərə alaraq, fondun fəaliyyətinə qadağa qoyublar.
İddiaya görə, Soros Fondunun ayırdığı 18 milyard dollar bir sıra ölkələrdə keçiriləcək prezident və parlament seçkiləri üçün istifadə olunacaq. Fondun hədəfində olan ölkələr arasında 2018-ci ildə prezident seçkilərə keçiriləcək Rusiya, Azərbaycan və parlament seçkilərinin keçiriləcəyi Ermənistanın adı var. Son zamanlar xalq kütlələri və müxalifətin Poroşenko hökumətinə qarşı fəallaşdığı Ukraynanın da adı çəkilir.
Sorosun ayrıdığı yeni fantastik məbləğlə bağlı nəzərdə tutulan planlar Qərbə boyun əyməyən və müstəqilliyə tam meyl edən bir ölkə kimi tanınan Azərbaycana qarşı da yönəldilə bilərmi?

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud “Bakı-Xəbər”ə bildirdi ki, Soros Fondu dünyada, xüsusilə də postsovet məkanında “rəngli inqilab”lar layihəsinin maliyyə qaynağı kimi tanınır: “Eyni zamanda Soros Fondu və bu tip institutların, əslində, Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişini icra etdiyi də artıq heç kim üçün sirr deyil. Təbii ki, gələn il ölkəmiz üçün mühüm siyasi hadisə – prezident seçkiləri keçiriləcək. Bu siyasi hadisə diqqətləri bir daha həssas geosiyasi qovşaqda yerləşən ölkəmizə yönəltmiş olacaq. Maraqlı dairələrin, o cümlədən də Soros Fondunun bu istiqamətdə fəallıq göstərməyə çalışması heç də gözlənilməz deyil. Ancaq əminəm ki, adıçəkilən fondun başbilənlərinin bizim ölkəmizlə bağlı “gözləntiləri” o qədər də yüksək deyil. Soros Fondunun və onun idarəçisi olan dairələrin qəbul edə bilmədiyi ən əsas məsələ Azərbaycanın qətiyyətli və müstəqil siyasətidir. Cənab Prezident İlham Əliyev 2003-cü ildən indiyədək bütün mürəkkəb siyasi situasiyalarda birmənalı şəkildə bütün maraqlı qüvvələrə, beynəlxalq birliyə Azərbaycanın milli maraqlarının onun üçün hər şeydən önəmli olduğunu açıq və qətiyyətli şəkildə nümayiş etdirib. Xalq cənab Prezidentin bu siyasətini dəstəkləyir və ölkədə aparılan bütün sahələri əhatə edən islahatlar kursuna inanır. Bu cəhətdən ölkəmizdə siyasi hakimiyyətin dizayn edilməsi ilə bağlı kənar qüvvələrin, o cümlədən də Soros Fondunun 2018-ci ildə keçiriləcək prezident seçkilərini fürsət bilərək atacağı istənilən addımın nəticəsiz qalacağına əmin ola bilərsiniz. Eyni zamanda, biz bilirik ki, Açıq Cəmiyyət İnstitutu ABŞ-in himayəsində olan “insan haqları”nın müdafiəçisi qismində özünü dünyaya sırıyan bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə mənbəyidir. “Amnesty İnternational”, “Human Rights Watch”, “Free Press” vi digər QHT-lər bu sıradandır. “Human Rights Watch” təşkilatının 2011-ci ildə 128 milyon dollarlıq qrant layihələrinin 100 milyonunu Soros Fondu ödəyib. Bu layihələr bilavasitə müxtəlif dövlətlərə qarşı siyasi təzyiq instrumenti kimi istifadə olunan hesabatların hazırlanmasına və digər bu kimi istiqamətlərə yönəldilib. Bunlar bir daha məlum beynəlxalq şəbəkənin çirkin məqsədlər üçün yüz milyonlarla vəsait xərcləməyə hazır olduğunu göstərir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir