Şənbə , 2 Dekabr 2023

Tək Ermənistan separatçı İraq kürdlərinin müttəfiqi kimi qaldı…

Ermənistanın kürd separatçıları ilə daim işbirliyində olduğu, onlar vasitəsilə Türikyəyə, Azərbaycana qarşı müəyyən addımlar atmaq niyyəti artıq danılmaz faktlarla sübut olunub. O da məlumdur ki, indinin özündə belə Ermənistan PKK terrorçularına bütün vasitələrlə dəstək verir.

Qeyd olunan xüsusda Türkiyədə fəaliyyət göstərən Beyynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey elə son aylarda bir neçə dəfə maraqlı açıqlamalar verib. Məsələn, onun sözlərinə görə, Ermənistan PKK terrorçularına pasport verir: “PKK terrorçuları, başda Avropa olmaqla, müxtəlif ölkələrə Ermənistan pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal məkan Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir”.
Bundan başqa o da məlumdur ki, Ermənistan hakimiyyəti PKK terrorçularını Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də öz ərazilərində yerləşdirməkdə davam edir. Hətta məlumatlara görə, PKK-nın Dağlıq Qarabağda 12 təlim və sığınma düşərgəsi var. Ümumiyyətlə, Ermənistan bölgədəki terror təşkilatlarının sığındığı və təlim keçdikləri əsas ölkədir. İrəvan rejimi PKK terror təşkilatına dəstək verərək, onlardan Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışır. Bundan başqa, ermənilər vaxtaşırı Türkiyədə və müxtəlif ölkələrdə yaşayan kürdləri əsasən mədəni əlaqələrin inkişafı adı altında İrəvana toplayır.  Burada  mədəni əlaqələrin inkişafı adı altında ermənilərin Türkiyədə, Azərbaycanda öz məkrli siyasətlərini həyata keçirmək niyyətləri əsas müzakirə mövzusuna çevrilir.  Bir müddət öncə isə məlum olmuşdu ki, Ermənistan İraq Kürdüstanının mərkəzində, yəni Ərbildə baş konsulluq açmaq niyyətindədir. Ermənistan hökuməti bunu Kürdüstanla diplomatik əlaqələrin qurulması, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, eyni zamanda,  orada erməni icmasının yaşaması ilə izah edib. Məhz belə bir vaxtda bəlli olub ki, ermənilər növbəti xain addım atmağa hazırlıq görür. Söhbət İraq Kürdüstanının müstəqillik referendumundan gedir. Erməni ekspert Karen Ovanesyan bildirir ki, İrəvan Kürdüstanın müstəqilliyini referendumdan dərhal sonra tanımalıdır: “Kürdüstanın müstəqilliyini elan etməsi kürd hərəkatlarının oyanışında əsas ola bilər. Bu, Türkiyənin mövqeyini zəiflədəcək. Bu həmçinin, Ermənistana regionda yaxşı mövqe yaradacaq”. Aydındır ki, belə vəziyyət Ermənistanın Türkiyəyə qarşı növbəti xəyanətindən başqa bir şey deyil. Eləcə də İran və İraqa da ermənilər bununla xəyanət edir.

Yeri gəlmişkən qeyd edək ki, İraq, İran və Türkiyənin Xarici İşlər Nazirliklərinin başçıları Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bununla bağlı  üçtərəfli görüş keçirib. İbrahim əl-Cəfəri, Cavad Zərif və Mövlud Çavuşoğlu Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumu ilə bağlı birgə bəyanat qəbul edib. Ərbili referendumun keçirilməsindən imtinaya çağıran bəyanatda İraqın ərazi bütövlüyünə sədaqət ifadə olunub və bildirilib ki, referendum İraqın İŞİD-ə qarşı mübarizəsini böyük təhlükə altına qoyur. Bəyanatda referendumun İraq Konstitusiyasına zidd olduğu, regionda yeni münaqişələrinin başlanmasına səbəb ola biləcəyi vurğulanıb.

Bundan başqa, məsələ ilə bağıl İraq ordusu və “Haşti Şabi” qruplaşması Kərkükün Havice və Şirkat bölgələrində əməliyyata başlayıb. Rəsmi Bağdadın referendumdan əvvəl Kərkükə hərbi müdaxilə edəcəyi ehtimal edilir. Qeyd edək ki, İraqın şimalındakı yerli hökumət sentyabrın 25-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Onlar bu “tədbirdə” Kərkükün də iştirakına çalışır. Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Farnsa, rəsmi Bağdad “referendum”a qarşı çıxış edib. Amma Ermənistan kimi dövlətlər burada kürdlərə hərtərəfli dəstək verir. Son məlumatlara görə, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani, heç nəyə baxmayaraq, sentyabrın 25-də referendumun baş tutacağını açıqlayıb. Bərzani kürd xalqını heç kəsi dinləməməyə çağırıb: “Kənardakılar deyil, yalnız Kürdüstan xalqı referenduma qanunilik qazandıracaq, Bu səbəbdən heç kəsin sözünü dinləməyin, referenduma gedirik”.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir