Bazar , 1 Dekabr 2024
Drone Cameras

Tokioda Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərə dair təqdimat maraqla qarşılanıb

Tokioda yerləşən “Gələcək Əsrin Sənaye Naviqatorları” Forumunun növbəti iclasında “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyi – iqtisadi nailiyyətlər” adlı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə keçirilən təqdimatda Gündoğar ölkənin aparıcı universitetlərinin alimləri, böyük şirkətlərin rəhbər heyəti və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Səfir Gürsel İsmayılzadə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri barədə ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb. Ölkəmizin müasir tarixindən danışaraq, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu vurğulayıb.

Ulu öndər Heydər Əliyevin yeritdiyi uzaqgörən və müdrik siyasət nəticəsində regional təhlükəsizliyin təmin olunması və iqtisadi tərəqqi üçün yaranmış zəminlə bağlı tarixi faktlar auditoriya tərəfindən maraqla dinlənilib. Səfir bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, ölkəmizdə bütün sahələri əhatə edən inkişaf barədə ətraflı məlumat verib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq iqtisadi layihələrdə ölkəmizin aparıcı mövqeyi diqqətə çatdırılıb. Azərbaycanın dünyada atan nüfuzu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolu haqqında danışan səfir hökumətin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyini, sənaye, turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcud olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən səfir Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu xatırladıb.

G.İsmayılzadə ölkəmizin əsrarəngiz təbiəti, zəngin mədəni irsi, qədim tarixi abidələri, geniş turizm imkanları, milli mətbəxin nümunələri barədə də ətraflı danışıb. Tolerant ölkə olaraq tanınan Azərbaycanda müxtəlif dinlərə məxsus milli azlıqların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını xüsusi qeyd edib.

Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini və turizm potensialını əks etdirən videoçarx və slaydlar nümayiş olunub. İştirakçıların ölkəmizlə bağlı sualları cavablandırılıb.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir