Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 06 Mart 2019

“Bu məsələnin gündəlikdən çıxarılması Azərbaycanın diplomatik uğurudur”

img

Bəhruz Quliyev: “Onları qərəzli mövqe sərgiləməkdən əl çəkməyə məcbur etmək lazımdır”

 

“Bəzi təşkilatlarda, eləcə də AŞPA-da bir qrup insan anti-Azərbaycan mövqeyi tutaraq, qeyri-obyektiv münasibətləri ilə ölkəmizin imicinə xələl gətirmək istəyir. AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində “çirkli pulların yuyulması”na dair mövzu gündəlikdə əks olunsa da, icraata qəbul edilməyib və yekdilliklə gündəlikdən çıxarılıb”.

Xəbər verildiyi kimi, bu fikirləri AŞPA-nın komitə iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində martın 4-də Parisdə AŞPA-nın komitə iclasında yuxarıda adıçəkilən məsələ gündəlikdən çıxarılıb: “AŞPA-nın üzv ölkələrində problemlərin araşdırılması və onların həll olunmasında hər hansı bir ölkənin hədəf seçilməsi qəbulolunmazdır. Bütün məsələlər ümumi kontekstdə müzakirə edilməlidir”.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, AŞPA-nın əsas problemlərindən biri daxilində ikili standartları müəyyən edib aradan qaldırmaq istiqamətində səylər göstərməməsidir: “Bu gün ölkəmizə qarşı bu qərəzli məruzənin gündəlikdən çıxarılmasının həm qlobal problemlərin həllinə, həm də AŞPA-nın ikili standartlardan can qurtarmasına yardımçı olacağına ümid edirəm”.

Sözügedən məsələnin gündəlikdən çıxarılması həm də Azərbaycan diplomatiyasının uğurudur. Çünki zaman-zaman Avropadakı qurumlarda müəyyən qüvvələr Azərbaycana qarşı müxtəlif çirkin kampaniyalara start veriblər, amma son nəticədə öz məqsədlərinə çata bilməyiblər. Bu baxımdan, sözügedən məsələnin gündəlikdən çıxarılmasını ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən “Səs” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin sözlərinə görə, bu, Azərbaycan diplomatiyasının uğurudur: “Reallıq ondan ibarətdir ki, zaman-zaman Avropadakı müəyyən dairələr Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər. Dəfələrlə biz bunun şahidi olmuşuq. İstəyirlər ki, hansısa vasitələrlə Azərbaycanın beynəlxalq imicini qaralasınlar. Guya hansısa “çirkli pullar yuyulur” və s. Əslində, belə iddiaların heç bir əsası yoxdur. Bunu onların özləri də yaxşı bilirlər. Sadəcə, bu kimi vasitələrlə Azərbaycana təzyiq göstərmək istəyirlər. Ona görə də bu məsələnin gündəlikdən çıxarılması Azərbaycanın diplomatik uğurudur. Digər tərəfdən, belə bir məsələnin müzakirə mövzusu olmasının özü, faktiki olaraq, Azərbaycana qarşı qərəzin göstəricisidir. Bu qərəz də ikili standartlardan irəli gəlir. AŞPA, ATƏT və digər beynəlxalq qurumlar daim Azərbaycanda gedən prosesləri mikroskopla izləyirlər. Fürsət yaranan kimi, kiçik bir detalı belə şişirdirlər və çalışırlar onu mənfi formada təqdim etsinlər. Bütün bunlar onların bizə qarşı qərəzli yanaşmasından qaynaqlanır. Ancaq Azərbaycanın apardığı uğurlu siyasət belə cəhdləri fiaskoya uğradır. Ona görə də sözügedən qurumlar öz mövqelərində Azərbaycana münasibətdə dəyişiklik etməlidirlər. Onları qərəzli mövqe sərgiləməkdən əl çəkməyə məcbur etmək lazımdır”.

Nəşr olunub SİYASƏT

Afrikada ac bəbirlərin bir yaşayış məntəqəsində insanlara hücumu əks etdirən video kadrlar yayınlanıb.

Boyukmillet.com xəbər verir ki, bəbirlər qarşılarına çıxan hər kəsə hücum edir, onlara xəsarət yetirir. Arzuolunmaz vəziyyətə qəfil yaxalanan sakinlər isə “çağrılmamış vəhşi qonaqlara” qarşı heç bir tədbir görə bilmirlər.

Həmin görüntüləri təqdim edirik: (Azyaşlıların və əsəbləri yerində olmayanların baxmaması məsləhətdir) 

Nəşr olunub CƏMİYYƏT

“Həmin etiraflar ona Vətənə xəyanət maddəsilə cinayət işinin açılmasına əsas verir”

img

Mehman Muradlı: “Bu kommunikasiyanın nəticəsi olaraq ona ya Fransada cinayət işi açılmalıdır, ya da həmin ölkə onu Azərbaycana təhvil verməlidir”

 

Fransaya mühacir adı ilə sığınan və söyüş söymək üzrə tam ixtisaslaşan Vidadi İsgəndərli hər gün yeni sərsəmləmələri ilə sosial şəbəkələr üzərindən yayımlarını davam etdirir. Onun son çıxışlarında Vətənə xəyanət etdiyi birbaşa özü tərəfindən etiraf olunur.

Məsələn, Vidadi İsgəndərli deyir ki, Qarabağda müharibə başlasa, o, heç vaxt ermənilərə güllə atmaz, həmin silahı Azərbaycan Prezidentinə tərəf tuşlayar. Daha sonra deyir ki, Azərbaycan hakimiyyəti Fransada onu zərərsizləşdirmək üçün 15 nəfərdən ibarət xüsusi dəstə göndərib. Ən maraqlısı isə budur ki, V.İsgəndərli bu “dəyərli” məlumatı Fransanın xüsusi xidmət orqanlarından aldığını bildirir. Bununla da, faktiki olaraq, V.İsgəndərli başqa bir ölkənin xüsusi xidmət orqanları ilə  yaxından əməkdaşlıq etdiyini etiraf etmiş olur. V.İsgəndərli Azərbaycan vətəndaşıdır, qanunvericiliyə görə, bizim ölkənin vətəndaşının hansısa xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsi qadağandır və bunun üçün hüquqi məsuliyyət nəzərdə tutulur. Onun bu etirafı İsgəndərliyə cinayət işinin açılması üçün əsas vermiş olurmu?

Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu tip adamdan hansı əməli desən gözləmək olar: “Əslində, şərəfsiz əməlləri ilə ad çıxarmış birinin ciddi auditoriyada müzakirə olunmasının da tərəfdarı deyiləm. Amma onlar çirkin niyyətlərini davam etdirdikləri üçün, dediklərini cavabsız qoymaq da olmur. Bu adam öz atasının məzarını qohum-əqrəbasının əli ilə zibillətdi, sonra həmin əməli hakimiyyətin üzərinə atmaq istədi. Fransa xüsusi xidmət orqanlarının adından danışması isə inandırıcı görünmür. Amma V.İsgəndərli nə qədər zərərli adam olsa da, hüquqşünas kimi qanunlardan yaxşı xəbəri var. Bilir ki, etdiyi etiraflar onun üçün cinayət işinin açılmasına tam əsas verir. Həmin etiraflar ona Vətənə xəyanət maddəsilə cinayət işinin açılmasına əsas verir. Bu, 274-cü maddədir. Casusluğa gəldikdə isə, onun əməlində bu epizod görünmür. Yəni bu elə maddədir ki, onu yalnız bir etirafla sübut etmək olmur. Gərək ortaya ciddi dəlillər də qoyulsun. Heç bir ölkənin xüsusi xidmət orqanı belə bir etirafı hansısa psixi xəstəyə etməz. Hətta götürək ki, bunu etsələr belə, V.İsgəndərlinin həmin məlumatı açıqlamasına onların özləri sərt reaksiya verər. Hesab edirəm ki, o, həmin etirafı ilə, eyni zamanda, Fransanın xüsusi xidmət orqanlarını pis vəziyyətə salıb. Belə çıxır ki, Vidadini qızışdıran onlardır? Fransa cinayət qanunvericiliyində bunun necə həll edildiyini deyə bilmərəm. Amma hesab edirəm ki, Baş Prokurorluq bununla bağlı Fransa Prokurorluğuna sorğu göndərməlidir. Bu kommunikasiyanın nəticəsi olaraq ona ya Fransada cinayət işi açılmalıdır, ya da həmin ölkə onu Azərbaycana təhvil verməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

img

Ermənistan ordusunda baş verən olaylar düşmən silahlı qüvvələrinin hələ də böyük xaos içində olduğunu göstərir. Ölkədə hakimiyyət dəyişikliyinə rəğmən yaşananlar erməni ordusunun tənəzzülünün daha da dərinləşdiyini üzə çıxarır. Məhz belə bir vaxtda ordu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. Bəlli olub ki, yenə əvvəlki kimi,Ermənistan ordusundakı ölüm faktları gizlədilir.

Məlumatlara görə, Ermənistan ordusunda 2019-cu il ərzində baş verən 4 ölüm faktı barədə məlumat gizlədilib.  Əldə edilən məlumatlarla bağlı rəsmi mövqe öyrənmək üçün cari ilin 1 yanvar-20 fevral tarixləri arasında Ermənistan ordusunda neçə itki olduğu barədə İstintaq Komitəsinə yazılı müraciət edilib. Müraciətə cavab olaraq, İstintaq Komitəsindən bildirilib ki, qeyd olunan müddət ərzində hərbi xidmətlə bağlı 3, hərbi xidmətlə bağlı olmayan isə 4 ölüm faktı qeydə alınıb. Beləliklə, 1 ay 21 gün müddətində Ermənistan ordusunda 7 hərbi qulluqçu ölüb. Amma bu ölüm faktları üzrə Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumat verməyib. Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətlə əlaqəsi olmayan ölüm halları barədə məlumatları gizlətsə də, bunu mediada yayılan məlumatlardan sonra təsdiqləməyə vadar olub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan 7 erməni hərbçinin ölüm faktına dair məlumatın gizlədilməsi barədə açıqlama verməyə məcbur olub: "Bu, məlumat verməmək mənası daşımır. Kim deyir ki, bunu ilk növbədə bizim saytda yerləşdirmək lazımdır? Mənim elə bir öhdəliyim yoxdur".

Amma parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Köçəryan nazirlik təmsilçisinin belə bir açıqlama verməsinin qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, Müdafiə Nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almır: "Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırılmalıdır. Günahı olan istənilən şəxs - istər general, istər zabit və digər hərbçi öz layiqli cəzasını almalıdır”. Onun sözlərinə görə, “bu ənənənin əsası Serj Sarkisyanın hakimiyyəti dövründə qoyulub və hələ də davam etdirilir".

Hüquq müdafiəçisi Janna Aleksanyan son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. O qeyd edib ki, 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub: "Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədənkənar hallar baş verir. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması təşkil edir. Yəni əsgərlər alçaldılır və döyülürlər".

Digər bir məlumata görə isə, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbçilərinin acınacaqlı vəziyyətdə xidmət etmələri ilə yanaşı, hər hansı bir xəstəliyə düçar olduqda müalicə məntəqələrinə göndərilmələri də onlar üçün bir bəlaya çevrilib.  Xəstələnən əsgərlərin müalicəyə göndərilməsinə nail olmaq üçün valideynlər dəridən-qabıqdan çıxır. Rüşvət vermədikdə, şikayət etmədikdə, hansısa bir vəzifəli şəxs tərəfindən tapşırılmadıqda xəstə hərbi qulluqçunun müalicəyə göndərilməsi müşkül məsələdir. Məlumatda deyilir ki, bu günlərdə möhkəm soyuqlayan və 39 dərəcə yüksək hərarətlə müalicəyə göndərilməyən Ardak Harutyan, eləcə də həkim tərəfindən vəziyyəti “kafi” qiymətləndirilən Movses Balayan adlı hərbçinin valideynləri övladlarının hospitala göndərməsi üçün bütün imkanlarını səfərbər ediblər. Uzun süründürməçilikdən sonra yüksək vəzifəli bir məmurun “xahişi” ilə hər iki hərbi qulluqçu, nəhayət ki, müalicəyə göndərilib. Bunu üçün valideynlər müəyyən qədər rüşvət də verməli olublar və belə halalrın sayının yüzlərlə olduğu vurğulanır.

Bütün bunlar fonunda orduda fərarilik hallarının sayının artması təbii sayılır. Belələrinin sayı artıq minlərlə ölçülür. Vəziyyətdən çıxış yolu kimi isə Ermənistan parlamentinin ixtisaslaşmış komissiyası erməni ordusunda hərbi xidmətdən yayınmış və 27 yaşı tamam olan şəxslərin pul müqabilində cinayət təqibindən azad edilməsi haqqında müddətin uzadılmasının tənzimlənməsi sənədinə müsbət rəy verib. Parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü Armen Xaçatryan qeyd edib ki, hazırkı vəziyyətə olan məlumatlara əsasən, məcburi hərbi xidmətdən yayınan 10 min erməni gəncin axtarışda olması barədə faktlar mövcuddur. Bunlardan 3200 nəfər 27-35 yaş arasında olanlardır. Xaçatryan deputatları bu layihənin lehinə səs verməyə çağırmaqla, qısa xülasə təqdim edib: "2016-2017-ci illər ərzində bu kateqoriyadan olan 625 şəxs Ermənistana qayıdıb və müvafiq qaydada təyin olunan 795 milyon dram vəsait ödənişi həyata keçirilib. Lakin bu layihə problemi tamamilə həll etmir. Daha geniş hərtərəfli həll sistemi tapılmalıdır. Elə bir həll sistemi lazımdır ki, bu kimi cinayətlərin qarşısını alsın və Ermənistana geri dönüşü təşviq etsin". Lakin erməni mediası yazır ki, orduda xaos davam etdikcə, ölkədən daha çox sayda gəncin qaçışını gözləmək mümkündür. Hökumətin isə pul qarşılığında onları cinayət məsuliyyətindən azad etmək niyyəti hansısa nəticə verməyəcək.

 

Nəşr olunub SİYASƏT

Artıq yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başlayıblar. 
 
Bu barədə Mia.az-a adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.
 
Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat da əlavə olunub. 
 
Bundan sonra MM üzvləri yanvar ayının 1-dən hər ay ümumilikdə aşağıdakı məbləğdə faktiki vəsait alırlar:
 
1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)
 
2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)
 
3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)
 
4. Komitə sədri: 5940 manat (əvvəl - 2970 manat)
 
5. Komitə sədrinin müavini: 5568 manat (əvvəl - 2 784 manat)
 
6. Sıravi deputat: 5196 manat (əvvəl - 2 598 manat)
 
Məlumata görə, yanvar ayının 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə qalxıb: "Təəssüf ki, bu cür yüksək artımlar deputat köməkçilərinə, MM-in ekspertlərinə şamil olunmadı. Halbuki, bu gün deputat köməkçiləri MM-in aparatına toplanmış, ancaq demək olar ki, gün keçirməklə məşğul olan məmur balalarından çox əziyyət çəkir, işləyirlər. Əgər o məmur balaları MM-ə karyera kimi baxırsa, biz iş yeri kimi baxırıq. Onlardan fərqli olaraq, deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Yəni əlavə o qədər xərclərimiz çıxır ki, bu da aldığımız 800 manat civarındakı maaşa uyğun deyil".
 
Məlumata görə, problemlə bağlı Milli Məclisin Maliyyə idarəsi ilə yanaşı, İşlər idarəsinin müdiri Firudin Hacıyevə də müraciət olunub. Lakin bu müraciətlər faydasız olub: "Nəticədə deputat köməkçiləri, ekspertlər, sürücülər və xadimələr bu artımdan kənarda qalıblar".
 
Məsələ ilə bağlı bir neçə deputatından münasibət öyrənmək istədik. Lakin hər biri müxtəlif bəhanələrlə suallardan yayınaraq, aylıq maaşlarını açıqlamadılar. 
 
Mili Məclisə isə iki dəfə rəsmi sorğu göndərsək də, suallarımız cavabsız buraxıldı.
 
MM-in rəsmi mövqeyini dinləməyə hazırıq.
Nəşr olunub CƏMİYYƏT
 
 
Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.
 
Boyukmillet.com xəbər verir ki, mikroavtobus saat 05.30 radələrində "Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında "ZİL" markalı yük avtomobili ilə toqquşub.
 
Son məlumatlara əsasən mikroavtobusun sərnişinlərindən 6 nəfəri ölüb, qalanları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtoqəzanın iştirakçılarının dəqiq sayı və onların yaşayış yeri məlum deyil.
 
Ehtimala görə sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata əsasən qəza yük avtomobilinin mikroavtobusun yoluna çıxması nəticəsində baş verib. 
 
Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.
Nəşr olunub HADİSƏ

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasıminin ONA-nın İran müxbirinə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı ermənilərin Qarabağın işğalını dəstəkləyən plakat açmalarını pisləyən bəyanatı böyük rezonans doğurub.

Bəyanat nəinki Azərbaycan, eləcə də İranın nüfuzlu media orqanlarında geniş işıqlandırılıb.

B. Qasıminin ermənilərin təxribatçı addımı qarşısında İranın rəsmi mövqeyini əks etdirən bəyanatını İranın rəsmi dövlət agentliyi olan İRNA baş səhifəsində ONA-ya istinadən dərc edib.

Eyni zamanda qonşu ölkənin tanınmış "Fars", “Tasnimnews”, İSNA, İLNA, "Mehr" və digər agentlikləri bəyanatı ONA-ya istinadən yayımlayıb.

Populyar xəbər portalları, o cümlədən "entekhab", "bartarinha" və s. də bəyanatı ONA-ya istinadən dərc edib.

Diqqət yetirilməli vacib məqam odur ki, İran məhkəmə sisteminin rəsmi xəbər saytı olan “mizanonline” da B. Qasıminin ONA-ya açıqlamasını yayıb.

Bəyanat ölkə daxilində müxtəlif televiziya kanalları və radiolarda da ONA-ya istinadən geniş işıqlandırılıb.

Eyni zamanda bir çox xarici xəbər agentliyi İran XİN-nin etiraz bəyanatını ONA agentliyinə istinadən dərc edib. Onlardan Anadolu Agentliyi, "Ulusal" və digər agentlikləri göstərmək olar.

İranda bu gün çıxan bəzi qəzetlər də İran XİN sözçüsünün bəyanatını ONA-ya istinadən dərc edib.

Və ən nəhayət, İran XİN-in rəsmi internet səhifəsində B. Qasıminin bəyanatı ONA-ya istinadən yerləşdirilib və rəsmi xəbər kanalında yayımlanıb.

Qeyd edək ki, B. Qasımi N. Paşinyanın səfəri zamanı “Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın açılmasını özbaşına və qəbuledilməz addım adlandırıb, İran İslam Respublikasının bunu dəstəkləmədiyini bəyan edib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşməsi normal haldır. Lakin "Ararat" idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış addımdır, qəbuledilməzdir”, - deyə o ONA-nın İran müxbirinə açıqlamasında bəyan edib.

İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub | Foto qalereya

İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub | Foto qalereya

İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub | Foto qalereya

İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub | Foto qalereya

İran XİN sözçüsünün ONA-ya açıqlaması böyük rezonans doğurub | Foto qalereya

Nəşr olunub DÜNYA

Ukraynalı tədqiqatçı, tarixçi, məşhur erməni əsilli bloger Filipp Ekozyants etibarlı mənbələrə əsasən “erməni” etnoniminin kökləri ilə bağlı apardığı araşdırma haqda yeni bir video paylaşıb.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, tarixçi bir neçə gün bundan əvvəl öz sosial şəbəkə hesabında paylaşdığı materialda yalnız dini icma və qrupların erməni adlandırıldığını qeyd edib.

“Məndən sözügedən paylaşımıma sübut gətirməyimi istədilər. Məhz bu səbəbdən mən XVII əsrdən XIX əsrə qədər sənədlərin toplandığı gələcəkdə nəşr olunacaq kitabımdan bəzi çıxarışları götürdüm. Məsələn, 1773-cü ildə nəşr olunmuş Pyotr Alekseyevə məxsus kilsə lüğətində erməni sözünün şərhi verilib. Pyotr Alekseyevin kitabından sitat: “Ermənilər – öz ərazilərində bidətçiliyi yaydıqları üçün bu cür adlandırılıblar”, – tədqiqatçı bildirib.

Qeyd:

Pyotr Alekseyev – Moskvanın Arxangelsk kilsəsinin baş keşişi, leksikoqraf (XVIII-XIX əsrlərdə ən böyük slavyan-kilsə lüğətinin müəllifi), ilahiyyatçı və kilsə tarixçisi, tərcüməçi, 1783-cü ildən Rusiya Akademiyasının üzvüdür. Onun lüğəti 1789-1798-ci illərdə tərtib edilmiş Rusiya Akademiyasının məşhur lüğətinin əsasını təşkil edib.

Daha sonra tarixçi XVII əsrin ikinci yarısında Avropada həmin dövrdə mövcud olmuş bütün rahib ordenlərinin öz ənənəvi geyimlərinin şəkilləri ilə birlikdə təsvir olunduğu kitabların yarandığını qeyd edib.

“1680-cı ilə aid Paris nəşri mövcuddur. Bu kitabda yalnız rahib ordenlərindən bəhs olunur. Bu kitabda “erməni rahib” sözünə də rast gəlinir.

Həmçinin 1688-ci ilə aid analoji Amsterdam nəşri də var. Ordenlərin çoxluğu arasında “Erməni ordeni” də var. Qeyd edək ki, bu kitablarda yalnız dini qruplar toplanıb, kitablarda xalqlar və millətlər haqqında heç bir məlumat yoxdur.

“Analoji kitablardan birində “ermənilər” sözü aşağıdakı kimi şərh olunur: şərqdəki bir dini təriqətdir və iki patriarxı var”, – Ekozyants bildirib.

Bundan sonra tarixçi ermənilərin dini icmalar kimi göstərildiyini daha bir neçə qədim kitabdan nümunələr göstərir.

“20-ci əsrə qədər Avropa elmi mənbələrində ermənilər yalnız dini qruplar kimi xatırladılır. Rusiya Akademiyasının lüğətində “ermənilər” və “Ermənistan” sözlərinə ümumiyyətlə heç bir şərh verilməyib. Ermənistan bu lüğətdə sadəcə bir dəfə “Armyak”(Dəvə yunundan hazırlanmış parça) sözünün izahı zamanı istifadə olunur.

Videonun sonunda Ekozyants öz həmvətənləri olan ermənilərə müraciət edir:

“Əgər siz XIX əsrə qədər “erməni” sözünün təkcə rahibə ordenləri və dini icmalara deyil, eyni zamanda, hansısa bir xalqa aid edildiyinə əminsinizsə, zəhmət olmasa, bu barədə elmi işlər, lüğətlər və ya digər sənədlərdə müvafiq xatırlatmalar tapın və onları təqdim edin”.

Nəşr olunub DÜNYA

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində baş verən insident iki nüvə gücünün hərbi potensialına dair müzakirələrə səbəb olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Nəşrin yazdıqlarına görə, Hindistan hökuməti müharibə başlayacağı halda cəmi 10 gün bəs edəcək sursata sahib olduğunu açıqlayıb.

Hindistan Məclisinin Daimi Müdafiə Komitəsinin üzvü Qaurav Qoqoy ölkənin hərbi təchizatının 68 faizinin köhnə olduğunu açıqlayıb.

“Ordumuz müasir cəbbəxanadan məhrumdur, ancaq XXI əsr səviyyəsində hərbi əməliyyatlar təşkil etməyə məcbur olur”, – millət vəkili bildirib.

Nəşrin apardığı araşdırmanın nəticələrinə əsasən Pakistanın hərbi gücünün Hindistandan 2 dəfə çox olduğu göstərilib. Hindistan ordusunun zəifləməsinin əsas səbəbi kimi isə silah alışı ilə bağlı məsələlərin bürokratik maneələrlə rastlaşması qeyd olunub.

Xatırladaq ki, hind rəsmilər 2018-ci ilin hərbi büdcəsini 45 milyard dollar olduğunu açıqlayıb. Lakin 1.2 milyon aktiv xidmətdə olan kontingentin maaşları və təqaüd xərcləri çıxıldıqdan sonra ölkənin silah alışına ayırmaq üçün cəmi 14 milyard vəsaiti qalır.

Nəşr olunub DÜNYA

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.

Boyukmillet.com xəbər verir ki, yeni çapdan çıxan "Özümüzdən böyük Sözümüz" adlı kitabda müəllifin ədəbi düşüncələri əks olunub. Eyni zamanda, kitabda S.Rüstəmxanlının Azərbaycan dili, ədəbiyyatı, və cəmiyyəti haqqında fikirləri, görkəmli sənətkarlarla bağlı portret-oçerkləri də yer alıb.

Qeyd edək ki, "Özümüzdən böyük Sözümüz" adlı kitab "Qanun" nəşriyyatında çap olunub.

Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb - FOTO
Nəşr olunub CƏMİYYƏT

Reytinq