“Kərkükdə apardığımız mübarizə öz nəticəsini verdi” – Fevzi Əkrəm Tərzioğlu

07 İyu 2018
241 baxış

“Bizim üçün əsas olan millət vəkillərimizin sayı yox, saxtakarlığın aradan qaldırılmasıdır”.

Boyukmillet.com xəbər verir k, bu fikirləri müsahibəsində İraq türkmanlarının liderlərindən biri, keçmiş millət vəkili Fevzi Əkrəm Tərzioğlu deyib. O, Parlamentə ötən ay keçirilmiş seçkilərdə Kərkük bölgəsi üzrə səslərin yenidən hesablanmasına dair qərardan danışıb.

– Kərkük bölgəsində keçirilmiş seçkilər üzrə səslərin yenidən sayılması haqqında qərar necə qəbul edildi?

– Dünən İraq parlamentinin əksər millət vəkillərinin iştirakı ilə fövqəladə toplantısı keçirildi. İclasda Kərkük dairə seçki komissiyasının tərkibinin dəyişdirilməsi haqqında qərar qəbul edildi. Qərarda 9 nəfərdən ibarət Komissiya üzvlərinin yenilənməsi nəzərdə tutulur. Komissiyanın yeni tərkibi artıq təsdiqlənib və səslərin yenidən sayılmasına da onlar nəzarət edəcək. Qeyd edim ki, səslərin ilkin hesablanması zamanı kürdlərin elektron sistem vasitəsilə saxtakarlıq etmələrindən sonra bu dəfə səslər bir-bir əllə sayılacaq.

– Səslərin yenidən sayılmasına nə vaxt başlanılacaq?

– Komissiya bu gün yeni tərkibdə artıq işə başlayıb. Bundan sonra isə artıq səslər sayılacaq. Əvvəlcə səslərin ümumilikdə 10 faizinin yenidən sayılması təklif olunsa da, daha sonra bölgə üzrə səslərin bütövlükdə təkrar hesablanması qərarlaşdırıldı. Dediyim kimi, səslər bu dəfə əllə sayılacaq.

– Səslərin yenidən sayılması zamanı şəffaflıq necə təmin olunacaq? Prosesi izləyə biləcəksiz?

– Təbii ki, bu proses açıq olacaq. Yəni səslərin sayılmasını Birləşmiş Millətlər Təşkilatının rəsmiləri ilə yanaşı, seçkilərə qatılmış hər partiyadan bir təmsilçi müşahidə edəcək. Bu, əlbəttə ki, böyük uğurdur. Yəni millətimizin 23 günlük mübarizəsi şükürlər olsun ki, öz nəticəsini verdi. Eyni zamanda, İraq parlamentinin və Bağdad hökumətinin türkmanların haqlı tələblərinə həssaslıqla yanaşdığı vurğulanmalıdır.

– Prosesin yekununda türkman millət vəkillərinin sayı neçəyə yüksələ bilər?

– Bizim üçün əsas olan millət vəkillərimizin sayının neçə olacağı yox, saxtakarlığın aradan qaldırılmasıdır. Bütün mübarizəmizin məqsədi budur. Yəni millət vəkillərinin sayının necə dəyişəcəyi mühüm deyil. Çünki bir vəkili ola bilər ki, on vəkildən də üstün, keyfiyyətli fəaliyyət göstərər. Yaxud da on millət vəkili ola bilər ki, bir nəfərə dəyməz. Bununla belə, millət vəkillərimizin sayının artacağı gözlənilir. Səslərin yenidən sayılmasından sonra alınacaq nəticəni tanımağa hazırıq.

– Kürdlərin səslərin yenidən sayılmasına reaksiyası necədir?

– Parlamentin səslərin yenidən sayılmasına dair qərarından sonra bütün etnik qrupların buna sayğı ilə yanaşmaqları lazımdır. Bu baxımdan, kürdlərin bu qərar necə yanaşacaqları mühüm deyil. Şübhə yoxdur ki, kürdlər səslərin təkrar sayılmasından sonra çox sayda millət vəkili yerini itirəcəklər. Onsuz da, kürdlər 2003-cü ildən etibarən böyük saxtakarlıqlara yol verərək, İraqda ciddi mövqelərə yiyələniblər, ölkəni parçalamağa çalışırlar. Ancaq biz ölkənin bütövlüyü və türkmanların haqlarının qorunması, onların səadəti üçün əlimizdən gələni edəcəyik. Yenicag.az

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq