Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub

13 Dek 2017
209 baxış

2018-ci ilin iyununda Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Prezident İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin dekabrın 13-də ilk iclası keçirilib.

İclası açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov dövlətimizin başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il iyunun 5-9-da Bakıda keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, gələn il keçiriləcək dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib və Azərbaycana gələcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün hazırlanmış tədbirlər planının yüksək səviyyədə və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniştərkibli Təşkilat Komitəsi yaratması dövlətimizin başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına diqqət və qayğısının daha bir bariz nümunəsidir.

“Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda ilk Avropa, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, şahmat üzrə dünya kuboku yarışları, Avropa və dünya çempionatları yüksək səviyyədə təşkil olunub və qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq siyasi arenada, iqtisadi sahədə apardığı uğurlu və məqsədyönlü siyasətin göstəricisidir”, - deyə Yaqub Eyyubov əlavə edib.

Sonra vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edib ki, bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX trekində aparılmış yenidənqurma işlərindən sonra bu ilin oktyabr ayında təşkil olunan dünya sınaq yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatını qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Sahib Ələkbərov deyib: “Ölkəmiz gələn il sayca böyüklər arasında dördüncü dünya çempionatına ev sahibliyi edəcək. Bundan əvvəl Bakıda güləş, boks və gimnastika üzrə dünya çempionatları təşkil olunub. BMX üzrə dünya çempionatının təşkilində məsul olan aidiyyəti qurumlarda artıq işçi qruplar yaradılıb. Velosiped idmanının bu növünün geniş tamaşaçı auditoriyasının olmasını və dünyada populyarlığını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə mundiala yüksək səviyyədə ev sahibliyi etmək missiyasını öz üzərimizə götürdük. Dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar 2016-cı ildə qəbul olunub və həmin vaxtdan biz mötəbər yarışın hazırlığına start vermişik. UCİ Azərbaycanda idmana göstərilən dövlət qayğısını, idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işləri həmişə yüksək qiymətləndirir”.

Yarışa hazırlığın plana uyğun davam etdiyini deyən Sahib Ələkbərov 2015-ci ildə ölkəmizdə təşkil olunan ilk Avropa Oyunları zamanı velosiped idmanının üç növü üzrə yarışların təşkil edildiyini diqqətə çatdırıb.

Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirib, dünya çempionatının təşkilinə cəlb olunmuş dövlət strukturlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclas müzakirələrlə davam edib.

Qeyd edək ki, mundialda 30 ölkə iştirakını təsdiq edib və yarışadək iştirakçı sayının artacağı gözlənilir. İki mindən çox velosipedçinin birincilik uğrunda mübarizə aparacağı yarışı 3500 tamaşaçı tribunlardan izləyə biləcək. Yarışa biletlərin satışına gələn ilin əvvəllərində start veriləcək. Cari ildə Fransada təşkil olunan Avropa, ABŞ-da isə dünya çempionatı zamanı Bakıda keçiriləcək mundialla bağlı təqdimatlar olub. (azertac)

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq