Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 12 İyun 2019

boyukmillet.com baş direktor Vüqar Süleymanzadənin rəhbərlik etdiyi qurumdakı şok faktları təqdim edir.

       Yük avtomobil sahiblərinə qarşı nəqliyyat işçilərinin törətdiyi özbaşına fəaliyyətlər illərdir ciddi bir problem kimi diqqət mərkəzindədir. Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu problem qismən həllini tapsa da amma görünür ki, hansısa qüvvələr ayda külli miqdarda pulun toplandığı bu sahəni əldən vermək istəmir. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti “ Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili” MMC tərəfindən fiziki və hüquqi şəxslərdən qanunsuz şəkildə alınan rüsumlar ciddi bir rəqəmi təşkil edir. Yük maşınının 1 tonuna aylıq dövlət rüsumu 2 azn olmasına baxmayaraq, fiziki şəxslərdən 1,5 tonluq yük maşını üçün 70 azn daha yüksək tonnajlı maşınlar üçün isə daha artıq “şapka” tələb olunur. Hüquqi şəxslərə isə (firmalara) fərqlənmə nişanı birdəfəlik və pulsuz verilməlidir. Lakin onlardan da illik ən azı 180 azn rüsum məcburi alınır. Daha böyük özbaşınalıqları isə DANX-nın müfəttişlərinin hüquqi şəxsə aid olan maşınları yolda saxlayaraq ağıllarına gələn rəqəmi (300-400 azn) tələb etmələridir. DANX-yə məxsus olan 30-a yaxın maşın Müşviq, Xocahəsən, Baksol, Nasosnu və Qaradağ istiqamətlərində fəaliyyət aparırlar. Dövlət Yol Polisinin əməkdaşı olmadan hər hansı bir maşını saxlamaq qeyri-qanunidir. Buna baxmayaraq müfəttişlər qanunsuz olaraq maşınları saxlayıb fərqlənmə nişanı tələb edirlər. Təkcə Bakı şəhərində fiziki şəxslərə aid ayda 7000 avtomobilin qeydiyyatdan keçdiyi bildirilir. Bu isə təkcə fiziki şəxslərdən ayda yarım milyon azn-dən artıq pulun yığılması deməkdir. Bu rəqəmin isə dövlət rüsumu ilə təqribən 10%-i dövlət büdcəsinə köçürülür. Bu göstəricilər təkcə fiziki şəxslərdən Bakı, Sumqayıt və Şamaxı şəhərləri üzrədir. Hüquqi şəxslər üzrə və ümumrespublika üzrə daşımalaradan əldə olunan vəsaitlərlə bağlı isə araşdırmalarımız davam edir. Heç bir hüquqi əsası olmayan qəbzlər təqdim edərək 25 azn tələb edirlər. Halbuki həmin qəbz 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləğv edilib. Respublika Dövlət Yol Polisində əvvəllər yüksək vəzifə tutan Vüqar Süleymanzadə  MMC-yə baş direktor təyin olunandan sonra da məlum prinsipləri ilə işləməyə davam edir. Onun qanunsuz əməlləri, dostluq və qohumluq prinsipləri ilə insanların işə götürməsi haqqında araşdırmalarımızı davam etdiririk. Prezident tərəfindən ləğv edilmiş qəbzlər ayda neçə dənə veriril, bununla bağlı ayda onlara nə qədər faiz qoyulur. Bütün bunlarla bağlı geniş araşdırma yazı ilə ictimaiyyəti məlumatlandıracağıq.

boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

img

Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan ölkəmizə ekstradisiya olunması ilə bağlı məsələ hələ də yubanır. Hətta vəziyyət o yerə çatıb ki, Azərbaycanın Rusiyadakı səfirliyi bununla bağlı Moskvaya rəsmi nota verib.

Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar: "Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər. F.Abbasovun deportasiyasının bu şəkildə yubadılması kimə lazımdır və Moskva niyə bunu edir?

  • Azər Həsrət: “… şübhəli məqamların olduğunu və bu işdə hansısa maraqlı qüvvələrin maneçilik törətdiyini söyləməyə əsas verir”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, F.Abbasovla bağlı məsələ qaranlıq məqamlarla zəngindir: “Onun deportasiya olunması bu qədər uzun çəkməməlidir. Çünki Rusiya qanunvericiliyinə görə, onu təcili şəkildə Azərbaycana göndərməli idilər. İkinci bir tərəfdən isə, mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, Fuad bir müddət əvvəl Rusiyadan deportasiya edilibmiş, sadəcə, sərhədi yenidən Belarus üzərindən qanunsuz keçdiyi üçün həbs edilib. Açığını deyim ki, bu məlumatın nə dərəcədə doğru olub-olmadığı barədə nəsə deyə bilmərəm. Amma aydın şəkildə görünür ki, məsələnin bu qədər şişirdilməsi hansısa qaranlıq məqamlardan xəbər verir. Bu səbəbdən də proses başlayandan çox təmkinli davranmağa üstünlük verirəm. Bununla bağlı böyük şərhlər də vermirəm. Çünki F.Abbasov barəsində müəyyən fikirlər dolaşır. Ola bilər ki, kimlərsə həmin fikirləri məqsədli şəkildə dövriyyəyə buraxır. Prosesin özünün də belə əcaib və süründürməçiliklə aparılması, mütləq mənada, şübhəli məqamların olduğunu və bu işdə hansısa maraqlı qüvvələrin maneçilik törətdiyini söyləməyə əsas verir. İstərdim ki, Fuadın ölkəyə dönüşünü gözləyək, onun özünün açıqlamaları ilə tanış olaq. Bundan sonra ətraflı məlumat verə bilərik. Həqiqətən də biz bu əcaib prosesin tezliklə yekunlaşmasını istəyirik”.

Məhəmmədəli QƏRİBLİ

 

Nəşr olunub SİYASƏT

Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub.

boyukmillet.com xəbər verir ki, təsis konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç, TBMM-in Daxili işlər komitəsinin üzvü Mustafa Hilmi Dülger iştirak edib.

Onlar çıxışlarında bu platformanın sülhə, dialoqa töhfə verəcəyini qeyd ediblər.

Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər ilin iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.

Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın koordinatoru seçilib.

 235d00be45a0e1b.jpg (232 KB)

315d00bea201925.jpg (266 KB)

165d00be9f9e0bd.jpg (213 KB)

Nəşr olunub CƏMİYYƏT

Etibar Məmmədovun açıqlaması müxalif düşərgədə gərginlik yaradıb

AMİP lideri Etibar Məmmədovun mətbuata açıqlamasında AXC hakimiyyəti dövründə Heydər Əliyevi Bakıya İsa Qəmbərlə Pənah Hüseynin çağırdığını deməsi Azərbaycanın müxalifət düşərgəsində yenidən bu məsələnin müzakirəsinə səbəb olub. 

Etibar Məmmədovun açıqlaması müxalif düşərgədə gərginlik yaradıb
P. Hüseyn
boyukmillet.com Reyting.az-a istinadən xəbər verir ki, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Etibar Məmmədova cavabında deyib ki, o, Azərbaycanın gələcəyi naminə keçmişdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardandır. Onun sözlərinə görə, son günlər 4 iyun hadisələri barədə sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara kifayət qədər cavab verib: “Lakin, görünür bəziləri milli-demokratik düşərgənin bu xoşməramlı yanaşmasından yanlış nəticələr çıxarıb "boşluğu" doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər. Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm”.

Etibar Məmmədovun açıqlaması müxalif düşərgədə gərginlik yaradıb
Ə. Orucov 

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə Reyting.az-a açıqlamasında Pənah Hüseynin onlara ünvanlanan fikirlərinə reaksiya verib. Onun sözlərinə görə, AMİP dövlətin və millətin maraqları naminə həmişə siyasi partiyaların əməkdaşlığının və dialoq mühitinin yaradılmasının tərəfdarı olub: “AMİP bu istiqamətdə səylərini və təşəbbüslərini bu gün də davam etdirir. Mən də onun tərəfdarıyam ki, müxalifət düşərgəsində ziddiyyət və qarşıdurma yarada biləcək keçmiş hadisələrə təkrar-təkrar qayıtmaqla kimlərəsə fürsət verilməsin. Lakin keçmişlərdən dərs almasaq, buraxılan səhvlər və yanlışlıqlar təhlil edilib nəticə çıxarılmasa, hər kəs öz fəaliyyətinin məsuliyyətini daşımasa, ciddi uğurlar qazanmaq mənə görə çətin görünür. Biz qan çıxarmaq deyil, qan çıxan və qan çıxarılan yerə məlhəm olmağa, sarğılamağa çalışmışıq.

Eyni zamanda, mən bilmirəm Pənah bəy AMİP rəhbərliyindəki hansı bəzi şəxsləri nəzərdə tutur. Amma düşünmədən danışmaq bizə yad xüsusiyyətdir".

Ə. Orucov qeyd edib ki, P. Hüseyn təcrübəli və hazırlıqlı siyasətçidir və bir çox məsələlərdən halidir: “Lakin Pənah bəyin nə qədər obyektiv olması barədə bir söz deyə bilmərəm”.

Nəşr olunub CƏMİYYƏT

Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
 

Vətəndaş şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan - Türkiyə qardaşlığının himninə çevrilən eyniadlı şeirində həm də türkün at üstündə yazdığı şanlı tarixi əks olunub. Bu şeir hər dəfə səslənəndə sanki Oğuzların dastanını yenidən oxuyur, dördnala çapan atlarının ayaq səsini duyur, qılınclarının qınından necə sürətlə sıyrıldığını hiss edirik...

Çanaqqalada yadellilərə qarşı son damla qanımızacan birgə döyüşürük, 1918-də Araz-Türk Cümhuriyyətini qururuq,  Bakını birgə azad edirik, “Moskva” və “Qars”da Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı üçün yumruq kimi birləşirik, 1992-ci ildə Sədərəkdə, Araz çayı üzərində “Ümid”lənir, 70 illik həsrətə son qoyaraq ay-ulduzlu mələklərimizi qoşalaşdırıb əbədi olaraq Ana Yurdun səmalarına ucaldırıq...Bütün beynəxalq tribunalarda Türkiyənin səsi və sözünü Azərbaycandan, Azərbaycanın səsi və sözünü Türkiyədən eşidirik...

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə.

 

...Tarix: 11 iyun 2019-cu il.

Məkan: Naxçıvan, Qarabağlar kəndindəki dağ-təlim mərkəzi...

İki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilir. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar öz çıxışında deyir:

Birdir bizim hər halımız
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə...

...Əslində, bu təlimlərdə ən müasir silah və texnikaların, qırıcı təyyarə və helikopterlərin, ağır artilleriyaların döyüş atışlarını izlədikcə istər-istəməz ötən əsrin 90-cı illərini xatırlayıram. “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayılın dediyi kimi, topumuz yox, cəbbəxanamız yox idi... Amma namusumuz, qeyrətimiz vardı... Elə ulu diyar Naxçıvanı da erməni işğalından əliyalın, namusumuz, qeyrətimizlə qorumuşduq...

İndi isə zaman o zaman deyil... Ulu öndər Heydər Əliyevin Naxçıvandan başladığı ordu quruculuğu missiyası uğurla davam etdirilərək müasir mərhələdə ən yüksək həddə gəlib çatıb. Əlahiddə Ümumqoşun Ordu indi nəinki Naxçıvanın müdafiəsini uğurla təşkil edir, hətta ən mürəkkəb hücum və döyüş əməliyyatlarını reallaşdırmağa qadir və hazırdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da “Sarsılmaz qardaşlıq-2019” təlimində çıxışı zamanı bu məqamı önə çəkərək dedi:

“Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir”.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, bu dəfəki təlimi önəmli edən ən mühüm cəhətlərdən biri də məhz qardaş ölkənin Milli Müdafiə naziri Hulusi Akarın şəxsən Naxçıvana rəsmi səfər etməsi və döyüş atışlı taktiki təlimi izləməsi idi. Yüksək səviyyəli rəsmi şəxslər tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan Hulusi Akar xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etməklə ulu öndərə özünün, eləcə də Türkiyə dövləti və xalqının böyük hörmət və ehtiramını ifadə etdi.  Ali Məclisin Sədri ilə görüşdə Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirərək dedi ki,  Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq.

Hulusi Akarın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırması bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası ilə ötən illərdə qurulub uğurla inkişaf etdirilən qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ən mükəmməl nümunəsi kimi yüksək siyasi dairələrdə də böyük məmnunluq doğurur. Ona görə də Hulusi Akar dedi:

Sitat: “Naxçıvanın inkişafı qardaş ölkədə məmnunluqla qarşılanır”.  

Əlbəttə, heç bir təlim və ya vəzifənin icrası göstəri və yaxud süni reytinq xatirinə yerinə yetirilmir. Kifayət qədər maddi-texniki gücün sərf edildiyi, vəsait və canlı qüvvənin cəlbi ilə həyata keçirilən bu cür təlimlər konkret məqsədlərə hesablanır. “Sarsılmaz qardaşlıq-2019” təliminin də  keçirilməsində əsas məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarət idi.

Əvvəlcədən peşəkar formada hazırlanmış təlim-əməliyyat planı, dağ-təlim mərkəzlərində bundan əvvəl dəfələrlə keçirilən əsgəri döyüş atışları və məşğələlər Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətini bu cür məsulliyyətli tapşırıqların icrasında müntəzir dayanmağa sövq edib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimdə 5 minə yaxın şəxsi heyət iştirak edirdi. 200-dən artıq tank və digər zirehli texnikanın, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusunun, yaylım atəşli reaktiv sistemləri və minaatanların, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələrinin, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikasının təlimə cəlb edilməsi də çox mətləblərdən xəbər verir...

Təbii ki, söhbət təkcə sadalanan ən müasir silah və texnikaların Naxçıvan Ordusunun arsenalında cəmləşməsindən getmir. Ən önəmli cəhət odur ki, ötən bu illər ərzində Ali Məclis Sədrinin gündəlik diqqəti və tələbkarlığı, birbaşa tapşırıq və tövsiyyələri ilə ən müasir hərbi texnikaları, döyüş maşınlarını və hərbi aviasiya vasitələrini idarə edən, onları döyüşə hazırlayan personal, peşəkar zabit-gizirlər hazırlanıb! Ona görə də Naxçıvanda keçirilən bütün taktiki və döyüş əməliyyatlarının icrası ilə müşaiyət edilən təlimlər uğurla başa çatır. Bu təlimlərin nəticəsini isə biz real müharibə və döyüş şəraitində də əyani görürük. Necə ki, bir il bundan əvvəl Əlahiddə Ümumqoşun Ordu uğurla hazırlanmış əməliyyat planını peşəkarlıqla icra edərək Şərur rayonunun 1992-ci ildən işğal altına düşən  Günnüt kəndini və ümumilikdə 11 min hektar ərazini nəzarətə götürdü və Şərur-Sədərək istiqamətindəki birinci eşalon bölmələrində öz mövqelərini xeyli möhkəmləndirdi.

Əldə edilən bu mühüm hərbi nəticələrdən yola çıxaraq deyə bilərik ki, heç şübhəsiz,  bu dəfə keçirilən təlimlərin də real nəticələrini biz qarşıdakı dönəmlərdə görəcəyik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın təbirincə desək:

 

“Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz qardaşlıq-2019” təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir”,- sitatın sonu.

“Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”, - deyən Ali Məclisin Sədri cənab Vasif Talıbov hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik etdi, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirdi.

Qısaca demək olar ki, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olundu və hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edildi. Nəticədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırdılar və yenə də əsgərlərimiz  “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarının sədaları altında birlik və qardaşlıq mesajı verdilər.

Bu günlər Naxçıvanda təşkil edilən bu cür mötəbər tədbirlər bir daha təsdiq etdi ki, qədim diyarın quruculuq və inkişafında hərbi quruculuq da müstəsna yer tutur. Məhz Hulusi Akarın iştirakı ilə Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının,  hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli tədbirlərin nəticəsi idi.

Təlimin və keçirilən açılış tədbirlənin ümumi nəticəsini isə belə səciyyələndirmək olar:

Birincisi, Blokada şəraitində yaşayan Naxçıvan 90-cı illərin Naxçıvanı deyil. İndi modern və güclüdür. Həm iqtisadiyyatı, həm də ordusu ilə;

İkincisi, Xalq-Dövlət-Ordu birliyinin ən real nümunəsini bu diyarın timsalında aydın görmək olar: Hamı bir nəfər, bir nəfər hamı üçündür;

Üçüncüsü, Peşəkarlıq və ondan da vacib olan vətənpərvərlik ruhu ordumuzun şəxsi heyətində vardır;

Dördüncüsü, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının sərhəddi yoxdur! Anca bərabərik, qanca da həmişə bərabər olacağıq!  Bu təlim dostlarımıza sevgimiz, düşmənlərimizə ortaq mesajımızdır.

Beşinci məqamı, elə yazını da Xalq şairimiz Bəxtiyar Vahabzadə  tamamlasın:

272

Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə!!!

 

P.S. Yeri gəlmişkən, Türkiyə Milli Müdafiə nazirinin Naxçıvana səfərinə və burda keçirilən  “Sarsılmaz qardaşlıq-2019” təliminə Azərbaycan, eləcə də Türkiyə və bir sıra dünya ölkələrinin mediası geniş yer verib. Təlimlərin uğula başa çatdığı qeyd olunub, Naxçıvan televiziyasının təlimlərdən hazırladığı videomateriallar sosial şəbəkələrdə geniş paylaşılıb.

Nəşr olunub CƏMİYYƏT

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.


boyukmillet.com  xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. 


O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.


Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.

Nəşr olunub CƏMİYYƏT
Çərşənbə, 12 İyun 2019 16:01

Bakı Parlament Platforması təsis edilib

Bu gün Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə əməkdaşlıq çərçivəsində “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

boyukmillet.com xəbər verir ki, tədbirə ATƏT PA-nın prezidenti Georgi Tsereteli və vitse-prezidenti Azay Quliyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç, hər üç ölkənin deputatları, səfirləri və media nümayəndələri qatılıblar.


Toplantının keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan faktorların qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, həmçinin, hər üç ölkənin parlamentarilərindən ibarət “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nı yaratmaqdır.

Tədbirdə çıxış edən ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Bakı Parlament Platformasının baş tutmasında xidməti olanlara öz təşəkkürünü bildirib. 

Platformun regionun təhlükəsizliyi üçün önəmli olduğu diqqətə çatdıran Azay Quliyev bildirib ki, “Bölgədə həll olunmamış münaqişələrlə bağlı yaranmış hazırkı gərgin vəziyyətin bir çox səbəbləri vardır. Bu səbəblərdən biri də geosiyasi maraqların bu regionda kəskin toqquşması, problemin həllinə yönəlik təşəbbüslərin monopoliyada saxlamaq cəhdi və beləliklə bir sıra regional və qlobal oyunçuların sülh yaratma missiyasından kənarda qalmasıdır. Bu isə region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir. Ona görə, düşünürəm ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirə etməyə başlamasının çox əhəmiyyəti və siyasi perspektivi vardır”.

Daha sonra Milli Məclisin vitse-spikeri Bahar Muradova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Süreyya Sadi Bilgic Bakı Parlament Platforması ətrafında çıxışlarını davam etdiriblər. 

Konfransın ikinci hissəsində Almaniya Bundestaqının deputatı Edqar Franke, türkiyəli millət vəkili Mustafa Hilmi Dülgər və Azərbaycan Milli Məclisinin üzvü Sahibə Qafarova “siyasi dialoqun regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün yeni imkanlar” mövzusunda fikir mübadiləsi aparıblar. 

Konfrans çərçivəsində “Siyasi dialoqun, regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün imkan” mövzusunda keçiriləcək müzakirələrdə Azərbaycan, Türkiyə və Almaniya millət vəkillərinin çıxışları nəzərdə tutulub. Platformanın toplantılarının hər ilin iyun ayında Bakıda keçirilməsi qərara alınıb.

İnterpress.az
Nəşr olunub SİYASƏT

Reytinq