Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 01 İyun 2018
 Xəbər verildiyi kimi, Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib. Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, digər dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, respublikanın bütün regionlarından, habelə QHT və KİV-lərdən olan təmsilçilər iştirak ediblər.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Forumun keçirilməsində məqsəd 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının təmini və müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.
 
İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısı cənab İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu diqqətə çatdırıb.
 
Forumda Azərbaycanda qadın hərəkatına dair film nümayiş etdirilib.
 
Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün önəmli addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət yetirilir. O, Xalq Cümhuriyyətinin qadınlara verdiyi hüquqlar barədə ətraflı məlumat verib. 
 
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində bu gün Xalq Cümhuriyyətinin layiqli varisi kimi müasir müstəqil Azərbaycanda demokratik dövlət quruculuğu daha da inkişaf etdirilir, Birinci Vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. 
 
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, BMT Baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Patten, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Azərbaycan qadınının 100 il ərzində qazandığı uğurlardan bəhs olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
 
Forum çərçivəsində “Ekologiyada qadınlar və qida təhlükəsizliyi”, “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik”, “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar”, “Qadınlar və İKT: reallıq və perspektivlər” mövzularında panel iclaslar keçirilib. 
 
Ombudsman Elmira Süleymanova “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik” panel iclasında çıxış edib. O, Forum iştirakçılarını, xarici qonaqları salamlayıb və uğurlar arzulayıb, bu Forumun qadınların fəallığı və onların problemlərinin həlli istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi aparılması baxımından mühüm əhəmiyyət daşıdığını, həm Azərbaycan, həm də beynəlxalq qadın hərəkatının daha da uğurla inkişafı üçün töhfələr verəcəyini bildirib.
 
Qeyd olunub ki, Forumun mövzusunun qadınlarımızın hüquqlarının taleyüklü məsələləri ilə bağlı olan, Şərqdə ilk müstəqil, demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunması onun tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyev Cümhuriyyətin xalqımızın inkişafında rolunu yüksək qiymətləndirmişdir. Onun məqsədyönlü siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev isə Cümhuriyyətin 100 illiyinin  qeyd olunması ilə bağlı, habelə bütövlükdə yaşadığımız 2018-ci ili Xalq Cümhuriyyəti ili bəyan etməklə xüsusi Sərəncamlar imzalamışdır.
 
Müvəkkil çıxışında söyləyib ki, 1918-ci il mayın 28-də, 100 il əvvəl Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini qəbul edir və müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərini, o cümlədən hakimiyyətin xalqa məxsus olması, insan hüquqlarının təmin olunması, hüquq bərabərliyi, ayrı-seçkiliyin yolverilməzliyini, bütün qadınlara mülki, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq kişilərlə bərabər seçki hüquqlarının verilməsini bəyan etməklə, bununla onların siyasi və ictimai fəallığını, idarəetmədə iştirakını təmin edir. Beləliklə, Cümhuriyyət qadınların belə səlahiyyətlənməsini bir çox ölkələrdən əvvəl verir və hüquq bərabərliyinin əsasını qoyur, bütün xalqların sərbəst inkişafına şərait yaradır. Habelə müstəqil dövlətin fəaliyyətinin prinsiplərini bəyan etməklə yanaşı onun həyata keçirilməsi üçün əsas icra mexanizmlərini, müvafiq qurumları, yəni ilk Parlamenti, polis, prokurorluq, ədliyyə orqanlarını, Milli Ordunu yaradıb.
 
Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyətinin Parlamenti 1919-cu ildə “Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edir ki, bu da qadınlar üçün elmə və təhsilə geniş yol açdı. Bu günədək yüz minlərlə qadın, o cümlədən E.Süleymanova özü də bu qocaman və flaqman Universiteti bitirmiş, geniş spektrli təhsil və elm sahələrinə yiyələnmişlər. Xalq Cümhuriyyətinin Parlamenti insan hüquqları baxımından xüsusi əhəmiyyət kəsb edən Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edir. Hələ 100 il əvvəl həmin Parlamentin keçirdiyi iclasları və qanunları, xüsusilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması həmin dövrdə qadınlar üçün böyük imkanlar yaratmışdır. 
 
Lakin bəlli səbəblərdən yalnız 23 aylıq ömürlü və işğala məruz qalmış Xalq Cümhuriyyəti həm də hər bir azərbaycanlının qəlbində müstəqillik arzularının toxumlarını səpmişdir. Böyük itkilər verən Azərbaycan xalqı öz qanı hesabına 1991-ci ilin oktyabrın 18-də yenidən müstəqilliyinə qovuşur. Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və özünü Cümhuriyyətin varisi bəyan etdi. 
 
Ombudsman 15 iyun 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtdığını və xalqın layiqli həyat sürməsinə, müstəqilliyimizin dayanıqlı inkişafına yönəlmiş ardıcıl islahatların özülünü qoyduğunu bildirib. O, müstəqillik dövründə Azərbaycanın 230-dan çox beynəlxalq Konvensiyaları ratifikasiya etdiyini, Parlament tərəfindən yüzlərlə qanunlar, normativ-hüquqi aktlar qəbul olunduğunu və ölkə qanunvericiliyinin həmin Konvensiyalara uyğunlaşdırıldığını vurğulayıb.
 
Qeyd olunub ki, bu proseslərə qadınlar da qatılır, bunların çoxu insan hüquqları və qadın hüquqları üzrə QHT-lərin fəalları idi. Onların təşəbbüsü ilə 1995-ci il Qadınların IV Ümumdünya Konfransı ərəfəsində Azərbaycan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının  ləğv olunması haqqında” (CEDAW) Konvensiyasını ratifikasiya edir, eyni zamanda “Qadınların siyasi hüquqları haqqında” Konvensiyada ratifikasiya olunur. 
 
Sonra ölkəmizdə geniş vüsət almış qadın hərəkatı, Pekin Konfransı və Pekin Platforması, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk qəbul olunmuş Konstitusiyasının qadınların kişilərlə bərabər hüqu¬qunu təsdiq etdiyi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdığı, habelə Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş sənədlərdə olduğu kimi, Konstitusiyamızda da vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun təsbit edildiyi, habelə Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisdə xüsusi Komitənin yaradılmasının, qadınların hazırda rəhbər vəzifələrdə, parlamentdə, məhkəmə hakimiyyətində və yerli özünüidarəetmə orqanlarında çalışdığının əhəmiyyəti barədə məlumat verilib. 
 
Diqqətə çatdırılıb ki, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fon¬dunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və insanpərvər fəaliyyəti müasir Azərbaycan qadını modelini dünyada tanıdır və onun simasında Azər¬bay¬can qadınına dünya miqyasında şöhrət və ehtiram qazan¬dırır. 
 
İnsan Hüquqları üzrə Müvəkkil əhalinin bütün qruplarının, o cümlədən qadınların və uşaqların hüquqlarının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyəti, parlament, dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə sıx əməkdaşlıq etdiyi haqqında ətraflı məlumat verib.
 
Ombudsman Qarabağ münaqişəsi dövründə 3875 nəfər, onlardan 265 qadın itkin düşdüyü, bunlardan da 871 nəfərin, o cümlədən 98 qadının əsir-girov götürülməsi barədə məlumatların olduğu, həmçinin bu gün erməni əsirliyində olan Azərbaycan qadınlarının işgəncəyə, zorakılığa və cinsi təcavüzə məruz qaldığı, bu məlumatları 1473 nəfər əsirlikdən qayıdan, o cümlədən 284 qadın soydaşlarımızın təsdiq etdiyini Forumda iştirak edən Münaqişələr zamanı cinsi zorakılıq üzrə BMT baş katibinin xüsusi nümayəndəsi xanım Navamanee Ratna Pattenin diqqətinə çatdırıb və öz fəaliyyətində bu məsələlərin nəzarətdə saxlamağın vacibliyini bildirib. 
 
E.Süleymanova çıxışının sonunda 189 dövlətdən 17000 insanın, o cümlədən dövlət qurumlarını, vətəndaş cəmiyyətini təmsil edən qadınların fikirləri toplanaraq ümumiləşdirilmiş Pekin Platformasının məqsədlərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq bütün qadınları qlobal şəbəkə qurmağa, vahid bir qüvvə kimi bərabərlik, sülh və inkişaf uğrunda həmrəyliyə və şəbəkə şəklində əməkdaşlığa çağırıb.
 
O, Forumda iştirak edən xarici qonaqları Ombudsmanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün təsisata məmnuniyyətlə dəvət ediib.
 
Daha sonra digər iştirakçıların çıxışları dinlənilib, səmərəli müzakirələr aparılıb. 
Sonda Forumun yekun qətnaməsi qəbul edilib.
 
Nəşr olunub SİYASƏT
Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Sloveniyanın Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib.
 
Azay Quliyev bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından təşəkkür edib. O qeyd edib ki, Xocalı faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətin verilməsi mühüm önəm kəsb edir. Holokost və Xocalı soyqırımı arasında bir sıra oxşar xüsusiyyətlər olduğunu diqqətə çatdıran A.Quliyev bildirib ki, hər iki soyqırımında mülki şəxslər milli mənsubiyyətinə görə hədəf seçilib və qəsdən öldürülüb. Bununla yanaşı, Azay Quliyev hər iki soyqırımına yanaşmada çox ciddi fərqin də mövcudluğunu qeyd edib. O, bildirib ki, Holokosta beynəlxalq ictimaiyyət tərəfindən birmənalı ədalətli qiymət verilib, cinayətkarlar Nürnberq Tribunalı tərəfindən cəzalarını alıblar. Lakin beynəlxalq ictimaiyyət Xocalı soyqırımı qarşısında susqunluq nümayiş etdirir, ona layiq olduğu ədalətli qiymət verilmir və bu bəşəri cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Xocalı soyqırımını törədən və bunu mətbuatda etiraf edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də layıq olduğu cəzanı almayıb. Bu cür ınsanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər qeyd-şərtsiz cəzalanmalıdır ki, digərlərinə dərs olsun, gələcəkdə belə faciələr bir daha törədilməsin. Bununla belə, bir sıra ölkələrin bu faciəyə düzgün hüquqi qiymət verdiyini xatırladan A.Quliyev 2016-cı ildə Sloveniya parlamenti tərəfindən qəbul edilmiş sənədin və bu abidənin açılışının sloven xalqının azərbaycanlılarla həmrəyliyini bariz şəkildə ifadə etdiyini bildirib. O, sloven xalqına Azərbaycan xalqına bəslədiyi dostluq münasibətinə görə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlıq edib. Azay Quliyev ümid etdiyini bildirib ki, Sloveniyanın bugünkü təşəbbüsü nümunə olacaq və digər Avropa ölkələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələr ucaldılacaq.
 
Xatirə lövhəsində aşağıdakı sözlər yazılıb: “Bu xatirə abidəsi Azərbaycanın Xocalı şəhərinin qurbanlarına həsr edilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriyadan və ağır hərbi texnikadan istifadə olunmaqla günahsız mülki şəxslərin, Xocalı şəhərinin 613 sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl Xocalı sakininin həyatına son qoyulmuşdur. Azərbaycanlı qurbanların xatirəsinə ucaldılan bu abidə ilə biz zorakılığa, etnik təmizləməyə, irqçiliyə, dini və milli ayrı-seçkiliyə qarşı etirazımızı ifadə edir, sülh və humanizmin harmoniyasının təbliğini arzulayırıq".
Nəşr olunub SİYASƏT

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda Sankt-Peterburqda ictimai tədbirlərin təşkililayihəsi çərçivəsində bir sıra tədbirlər həyata  keçirilib. BDM mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, ilk olaraq 26 may tarixində Sankt-Peterburq şəhərində dahi şair Nizami Gəncəvinin adını daşıyan parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kütləvi bayram tədbiri baş tutub. Tədbir Cümhuriyyət qurucularının və ümummilli lider Heydər Əliyevin  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eyni zamanda hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sankt-Peterburq diaspor təşkilatı ilə birgə həyata keçirilən tədbirdə orada yaşayan azərbaycanlılarla yanaşı digər xalqların diaspor təşkilatlarının nümayəndələri də iştirak edib. Tədbirdə BDM sədri İsmayıl Ağayev, Sankt-Peterburq diaspor təşkilatının sədri Sabir Məsimov, Sankt-Peterburq Qadınlar Assosasiyasının sədri Sahibə Rzayeva, Naxçıvan Cəmiyyətinin sədri İdris Qəhrəmanov və digərləri çıxış edərək xalq cümhuriyyətinin tarixindən, Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizə yolundan danışıblar. Bayram tədbiri bədii hissə ilə başa çatıb. 27 may tarixində BDM nümayəndə heyəti "Nevski Pyataçok" Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında Leninqradın müdafiəsində həlak olmuş azərbaycanlıların xatirə lövhəsini ziyarət edib. 28 may tarixində BDM-in təşkilatçılığı ilə Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutunda “Azərbaycan həqiqətləri” adlı konfrans keçirilib. İnstitutun təsisçisi, akademik Heydər İmanov, BDM sədri İsmayıl Ağayev və BDM sədrinin birinci müavini Samir Adıgözəlli məruzə ilə çıxıb edib. Daha sonra konfrans iştirakçıları ilə geniş müzakirələr aparılmış və rus dilində Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən sənədli film nümayiş edilib. 29 may tarixində BDM nümayəndə heyəti Sankt-Peterburq Millətlər Evində görüş keçirib. Görüşdə BDM sədri İsmayıl Ağayev, BDM-in Sankt-Peterburqdakı təmsilçisi Şirin Şirxanov çıxış edərək Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından, müxtəlif xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşamasından danışıblar.  Onlar həmçinin qeyd ediblər ki, dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımız hər zaman xalqımızın taleyüklü məsələlərində, çətin günlərində həmrəylik və birlik nümayiş etdirməyi bacarırlar. Millətlər Evinin direktoru Yelena Kuznetsova çıxış edərək, Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqda, eyni zamanda Millətlər Evində görməkdə məmnunluğunu ifadə edərək Rusiya-Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin yüksək səviyyədə olmasından danışıb. Görüşdə BDM ilə Millətlər Evi arasında əməkdaşlığın qurulması ilə bağlı razılıq əldə edilmiş və qarşılıqlı hədiyyələr təqdim edilmişdir. Mayın 30-da BDM nümayəndə heyəti Rusiya patriarxının Sankt-Peterburq şəhərindəki nümayəndəsi Aleksandr Posadskiylə də görüşüb. Görüşdə Rusiya-Azərbaycan münasibətləri istiqamətində xüsusilə Xəzəryanı ölkələr arasında ictimai qurumların birgə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. 26-31 may tarixlərində Sankt-Peterburqda səfərdə olan nümayəndə heyəti səfərin sonuncu günündə Sankt-Peterburq Regional Diaspor Təşkilatının ofisində regionda fəaliyyət göstərən Azərbaycan diaspor aktivləri ilə görüş keçirib. Görüşdə Sankt-Peterburq və ətraf regionlarda Azərbaycan diasporunun möhkəmləndirilməsi və gələcək perspektivdə birgə həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparılıb. Toplantıda BDM sədri İsmayıl Ağayev, Sankt-Peterburq Diaspor Təşkilatının sədri, deputat Sabir Məsimov, Sankt-Peterburq şəhər deputatları, Elşad İmanov, Vidadi İmanov, işadamı Xudaverdi Şərbətov, Naib Paşayev, fəlsəfə doktorları Kərəm Hümbətov, Müslüm Muradov, polkovnik Nadir Seyidov çıxış edərək, diasporumuzun möhkəmləndirilməsi ilə bağlı qarşıya çıxan problemlərlin həlli yolu barədə müzakirələr aparıblar. BDM və Sankt-Peterburq diaspor təşkilatının birgə təşkil etdiyi ziyafətdə bir qrup diaspor fəalına fəxri diplomlar və hədiyyələr təqdim edilib.

 

boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq