“Onların gənclərə dərs keçmək istəməsi yanlışdır” – Xalq artisti

07 Okt 2017
37 baxış

Son günlər gənc rejissor və aktyorlar tez-tez tənqid hədəfinə gəlirlər. Onlar bayağılıqda, qeyri-peşəkarlıqda ittiham olunurlar. Belə ki, ARB TV-nin “Səhər-səhər” proqramının qonağı olan aktyor, rejissor Əbdül Mahmudov Elməddin Cəfərovu sərt tənqid edib.

O, bildirib ki, Cəfərovu filmdən uzaqlaşdırmaq lazımdır:
“Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır getsin menecerlik eləsin. Bunu mən deyirəm, Şeyx Əbdül Mahmudov deyir. Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa içindən yaxşısını, pisini seçə bilməyəcəyik. Amma 2 şərt olmalıdır. Birincisi, yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır. Yoxsa istedadlı bir gənc utancaqlıqdan çəkilir qalır qıraqda. Vaxtı ilə Alim Qasımovun gecə-gündüz tökülmüşdülər üstünə. İndi bütün dünya Alim Qasımovla fəxr edir. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə Teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətinin içində olub. Sadəcə, olaraq bu adam aktyorluq üçün, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin”.

“Qara Volqa” filminin quruluşçu rejissoru Elşən Məmmədov isə “Bozbaş Pictures” haqqında sərt danışıb. E. Məmmədov Qafqazinfo-ya müraciətində deyib ki, komediya komandası cəmiyyətdə bayağılığı tərənnüm edir: “Deyirlər, gənclərə yol veririk, amma bu, o demək deyil ki, biz kinonun içində böyüyən insanlar kənarda qalmalıyıq. Bu gün “Bozbaş”ın bayağı obrazları dillərdən düşmür. Şöşüdü, Moşudu, Fəlakətdi... Bunlar bizim gələcəyimizə, cəmiyyətimizə nə verəcək? Heç nə. Onlar sabun köpüyü kimi bir şeydir”.

İki gün ard-arda gənc sənətçilərin tənqid olunması ortaya bir çox sualları çıxarıb. Xalq artistlərinin, qocaman sənətkarlarının çox zaman gəncləri sıxışdırmasının səbəbi nədir? Onlar sənətdə yeni addımlayan həmkarlarını bəyənmirlər, yoxsa?..

“Yeni Musavat” mövzu ilə bağlı Xalq artisti Ramiz Novruzun fikirlərini öyrənib. O açıqlamasında gənclərə dəstək olduğunu deyib: “Birlikdə çalışdığım gənclər yaşımı nəzərə alaraq deyirlər ki, sizdən öyrənirik. Amma əslində mən gənclərdən öyrənirəm. Çünki onlar bu tip seriallarda çəkiliblər. Azərbaycan Dövlət Dram Teatrında özünə bərk gedən artist deyənlər onların arasına düşəndə yad görünürlər. Onlar vərdiş etdiyi tərzdə oynamaq istəyirlər. Bu da yanlış yoldur. Janra uymalısan. Əgər o qaba girdinsə, içməli olmağı bacarmalısan. Ustad aktyorlar var ki, özünü göstərmək üçün çəkilişdə gənclərə dərs keçmək istəyir. Bunu etmək olmaz. Sadəcə oynamaq lazımdır”.(Yeni Müsavat)

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq