1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”

03 Fev 2018
261 baxış

Səfir Həsən Zeynalov elə faktları açıqlayıb ki...; “Bununla Heydər Əliyev Azərbaycan dilinə, Azərbaycan türklərinə yuxarıdan aşağı baxanlara dərs verdi”;

Bir sıra peşələr var ki, orada hər kəs özünü doğrulda bilmir. Bu sahələrdən biri də diplomatiyadır. Çox adam peşəkar diplomat olmaq istər, amma hətta Diplomatiya Akademiyasını bitirsə, uzun illər bu sahədə hansısa postu tutsa belə, uğurlu bir diplomat ola bilməz. Diplomatiyaya gedən yol uşaqlıq, yeniyetməlik illərindəki mübarizlikdən, fədakarlıqlardan, qorxmazlıqlardan başlayır desək, qətiyyən yanılmarıq. Bu cür də demək mümkündür ki, bu, insanın genetikasına, dəyişməz əqidəsinə və yaradılışına bağlıdır. Bəlkə bu deyimi də formalaşdıra bilərik: “Diplomat olmurlar, diplomat doğulurlar”...

“Diplomatın tale yolu” ilə tanışlıq yuxarıda qeyd edilən fikirləri qətiləşdirir. Adıçəkilən kitab Heydər Əliyev məktəbinin yetirməsi, peşəkar diplomat, 1988-ci ildə başlayan xalq hərəkatının aktivlərindən olan Həsən Zeynalovun zəngin ömür, tale, karyera yolundan, bir fədakar, mübariz vətəndaş kimi atdığı addımlardan, gördüyü işlərdən bəhs edir.

Dosye:

Həsən Zeynalov 1951-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1967-69-cu illərdə Azərbaycan Dəmir Yollarında fəhlə kimi çalışıb. 1970-1992-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində texnik, mühəndis, böyük mühəndis, Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifələrində işləyib. 1992-ci ildə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin fərmanı ilə Muxtar Respublikanın Bakı şəhərindəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub. 2004-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ölkəmizin Qars şəhərində baş konsulu vəzifəsinə təyin edilib və 2010-cu ilədək həmin vəzifədə çalışıb. 2010-2015-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi olub. 2015 – Azərbaycan Respublikasının Türkmənistanda, eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub.


2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Dövlət Qulluqçusu fəxri adına layiq görülüb. 2009-cu ildə Diplomatik Xidmətdə fərqlənməyə görə yubiley medalı ilə təltif olunub.

***

Həsən Zeynalovun ömür yoluna işıq salan 680 səhifədən ibarət “Diplomatın tale yolu”nda onun Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri, Azərbaycan Respublikasının Qarsda, İstanbulda Baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndə, Türkmənistanda və Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri kimi səmərəli fəaliyyətini əks etdirən faktlar, rəsmi sənədlər və mətbuat arxivi, canlı xatirələr, rəylər əsasında ədəbi-publisistik üslubda qələmə alınıb.

Kitabda diqqəti xüsusi cəlb edən bir sıra məqamlar var:

Yuxarıda qeyd etdiyim kimi, diplomatiyaya gedən yol genetik mübarizlikdən başlayır. Kitabda Həsən Zeynalovun şəcərəsi də təqdim edilir.

Həsən Zeynalovun ata babası Məşədi Əziz bəy adlı-sanlı bəy nəslindən olub. Qori Gimnaziyasında təhsil alıb, el-obasında böyü nüfuz qazanıb. 1920-ci ilin “səadət və xoşbəxtlik” gətirən bolşevik inqilabı Məşədi Əziz bəy Zeynalxanlını da öz el-obasından didərgin düşməyə vadar edir.

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


O, “yeni dünya quranların” təzyiqləri səbəbindən Arazın o tayına pənah aparmaq istəyir. Bu niyyətlə soyuq qış ayında Arazı keçmək istəyərsən donmuş buzlar parçalanır, Məşədi Əziz bəy Arazın o tayına buzlu sularda üzərək keçməli olur. Əziz bəy xəstələnir və bir neçə gündən sonra dünyasını dəyişir. Bəzi məlumatlara görə isə bu, sovet xüsusi xidmət orqanlarının yaydığı şayiə idi. Onun İrana keçdikdən sonra sovet xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü də ehtimal olunurdu. Amma xeyli sonralar onun İranın Maku şəhərində həyatını davam etdirdiyi də deyilir...

Həsən Zeynalovun adını daşıdığı ana babası Həsən bəy də dövrünün müdrik ağsaqqalı olub.

H.Zeynalovun atası, böyük maarifçi və pedaqoq, dövrünün nüfuzlu ağsaqqalı olan Sultan müəllim və anası, pedaqoq Zəroş xanım da müdrik, alicənab insanlar olub...

1938-ci ildə ordu sıralarına çağırılan Sultan Zeynalov Finlandiya müharibəsində şərəfli bir döyüş yolu keçir. 1941-ci ildə başlayan ikinci Dünya Müharibəsi Sultan müəllimin də arzularını yarımçıq qoyur. O. 1944-cü ilədək döyüşür, sağ-salamat müharibədən dönür və müəllim fəaliyyətini davam etdirir, təhsilə töhfələrini verir. Məktəb direktoru olub, pedaqoji sahədəki səmərəli fəaliyyətinə görə 1949-cu ildə “Əməkdar müəllim” fəxri adı, 1955-ci ildə “Əmək İgidliyinə görə” medalı və “Qabaqcıl Maarif xadimi” döş nişanı ilə təltif olunub...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


H.Zeynalovu tanıyanlar onun mübariz ruhlu, qorxmaz, sözünü çəkinmədən deyə bilən bir insan olduğunu bilirlər. Yuxarıda ata-babası haqda qeyd edilən faktlar burada genetikanın da rolunun danılmaz olduğunu göstərir. Eyni zamanda kitabdakı bir fakta diqqət edək.

- Həsən Zeynalov hələ 13 yaşında ikən – 1964-cü ildə orta məktəb dərsliyində SSRİ-nin o zamankı rəhbəri - SSRİ KP MK-nın birinci katibi Xruşşovun şəklini qaralayır, cırır. Bu həmin vaxtlar idi ki, belə əmələ görə bir nəsli sürgün edərdilər... Zeynalovun Xruşşova nifrəti yaranmasının səbəbi isə onun atası Sultan müəllimlə dostları arasında evdə etdikləri söhbətlərdən SSRİ KP MK-nın birinci katibinin Azərbaycana mənfi münasibəti bəsləməsi, Naxçıvanı Ermənistana peşkəş etmək istəməsi haqda eşitdikləri olub. Bu faktla tanış olan Zeynalov “dahi rəhbərin” şəklini kitabda məhv edir, onun əleyhinə şagirdlər arasında təbliğat aparır, bir neçə sinif yoldaşı da “SSRİ tarixi” dərsliyində Xruşşovun şəklini cırır.

Bu hadisədən məktəb və rayon rəhbərliyi xəbər tutur. Həsən Zeynalova məktəbdə töhmət verilir, atası öz nüfuzundan istifadə edərək, daha böyük problemlərin olmamasına çalışır. Lakin təhlükə sovuşmur. Elə bu ərəfədə Xruşşovun vəzifədən azad edilməsi Zeynalovları belə deyək ki, xilas edir. Həsən Zeynalov qeyd edir: “Bu qədər gərginliklər yaratmağıma baxmayaraq, ata-anam mənə ağır bir söz demədi. Onlar mənim mübariz ruhumu sındırmamaq üçün olduqca həssas davrandılar. Yəqin hiss ediblərmiş ki, məndə babamdan gələn bir mübarizlik var”...

Kitabda diqqəti çəkən digər məqam:

- Həsən Zeynalov yazır ki, Bakıya ali təhsil almağa gəldikdən sonra burada paytaxtda Azərbaycan dilinin az qala unudulduğunu görüb: şəhərin mərkəzində daha çox rusdillilər, başqa xalqların nümayəndələri yaşayır, faktiki olaraq Azərbaycan dilində danışan yoxdur, Azərbaycan türklərinə, rayondan gələn tələbələrə, digər Azərbaycan dilli insanlara münasibət çox pisdir. Belə bir vaxtda Azərbaycana birinci katib təyin edilən Heydər Əliyevin televiziyada ilk çıxışını Azərbaycan dilində etdiyini görən Həsən Zeynalov bundan gözü yaşardığını, həmin andan da Heydər Əliyevə məhəbbəti yarandığını vurğulayır: “Bununla Heydər Əliyev Azərbaycan dilinə, Azərbaycan türklərinə yuxarıdan aşağı baxanlara dərs verdi”...

***

Həsən Zeynalovun 1988-ci ildə başlayan xalq hərəkatında xüsusi fəallığı da kitabda ətraflı şəkildə əksini tapır. Faktlar, rəsmi sənədlər, 20 yanvar hadisəsindən dərhal sonra Kommunist Partiyası üzvlüyündən imtina etməsi barədə yazdığı ərizənin surəti, Moskvaya yolladığı çoxsaylı tələbkar məktublar H.Zeynalovun Meydan hərəkatında fədakarlığını, qorxmazlığını sübuta yetirir.

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Onun xalq hərəkatındakı rolunu şəxslən görmüş deputat Fazil Mustafanın kitabda əksini tapmış fikirləri: “1988-ci ildə işlədiyi dövlət orqanında təzyiqlərə baxmayaraq, Meydan hərəkatı prosesində gecə-gündüz iştirak edən, həm də orada mübarizə aparan insanlara hərtərəfli yardım göstərən Həsən Zeynalov üçün bir fikir həmişə ağrılı olub: “Kiminsə nə etdiyini bilməsi önəmli deyil, gücüm çatan səviyyədə faydalı olmalıyam”. Xalq Hərəkatının bütün proseslərində iştirak edən, rus tanklarının vahiməsindən çəkinməyərək 20 Yanvar hadisələrində işğala və qətliama qarşı etirazçılar izdihamının ön sıralarında olan Həsən bəy, ölkəmizin müstəqilliyə qovuşması uğrunda mübarizədə həyatını ən ciddi təhlükəyə atmaqdan çəkinməmişdir”.

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Həsən Zeynalovun 1989-cu ilin yazında Zori Balayan və A.Volskinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən SSRİ Ali Sovetinə deputatlığa namizəd verilməsinə etiraz olaraq yürüş-mitinq təşkil etdikləri zaman həbsə salınması, 10 gün sonra azad edilməsi də əksini tapır.

Ermənilərin işğalçılıq siyasəti Zeynalovlar ailəsinə də itki yaşadıb. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə həmçinin, Ermənistan silahlı birləşmələri Naxçıvana genişmiqyaslı hücum ediblər. Naxçıvanı könüllülər qoruyub. Könüllülərin komandiri olan Həsən Zeynalovun qardaşı İbrahim Zeynalov Mil dağının müdafiəsində, digər qardaşı Nazim isə şərab zavodunun ərazisində qurulan müdafiə zonasında vuruşublar. İbrahim Zeynalov 3 gün fasiləsiz olaraq qarlı 20-25 dərəcə şaxtalı havada Mil dağında qaldığı üçün ağır xəstələnib. Bu xəstəlik nəticəsində o bir müddət sonra dünyasını dəyişib. 

***

Həsən Zeynalovun ömür yolunu maraqlı edən, onun özünə də fəxarət hissi yaşadan təbiətən sadiq silahdaş olması və hər kəs tərəfindən bu cür qəbul edilməsidir. Ona Heydər Əliyevin etimadı da bunu təsdiqləyir. Heydər Əliyevə Bakıda müəyyən qüvvələrin neqativ münasibət bəslədiyi dövrdə - 1990-1992-ci illərdə onun Naxçıvandan Bakıya gəliş-gedişinə də əngəllər törədilməsinə cəhdlər olunub. Belə bir vaxtda Heydər Əliyevin və ailəsinin Bakıya gələrkən və gedərkən aeroportda qarşılanıb yola salınması H.Zeynalova həvalə edilib. Həsən Zeynalovun kitabda əksini tapan yaddaş dəftərindən: “... Heydər Əliyevin, onun ailə üzvləri İlham Əliyevin və Mehriban Əliyevanın, Sevil Əliyevanın övladları ilə birlikdə təhlükəli zamanlarda qarşılanma və yola salınmalarının mənə etibar, həvalə edilməsi mənim üçün bu gün də qürurvericidir”...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


“Diplomatın tale yolu”nda Həsən Zeynalovun diplomat karyerasına başladığı – Naxçıvan MR-in Bakıda Daimi Nümayəndəliyinin açılması zərurətindən geniş bəhs olunur. Zaman göstərdi ki, bu mühüm bir addım olub və belə bir mühüm quruma Heydər Əliyevin H.Zeynalova etimadının bariz nümunəsidir.

Daimi nümayəndə kimi çalışmaq H.Zeynalov üçün heç də asan olmayıb. 90-cı illərin ortaları, 2000-ci illərdə dəfələrlə Həsən Zeynalova təhdidlər, ölüm hədələri edilib. Rəhbərlik etdiyi missiyanın binası daşa basılıb. Müxtəlif zamanlarda hətta bəzi məmurlar da ona qarşı təxribatlar törədib, fəaliyyətinə mane olmağa çalışıblar. Belə faktlardan biri Həsən Zeynalovun 4 mart 1999-cu ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində də yer alıb. Həmin ərəfədə Naxçıvan MR-in 75 illik yubileyinə hazırlıq görülürmüş. Bununla bağlı müəllif Bəxtiyar Sadıqov Həsən Zeynalova sual verir:

- Blokadada qalan Naxçıvanla Bakı arasında “canlı körpü” funksiyasını yerinə yetirən nümayəndə kimi, yəqin ki, yubileylə bağlı bütün iclaslarda iştirak edir, tədbirlərdə fəallıq göstərirsiniz...

- Çox əfsuslar olsun ki, yubiley komissiyasının iclasına nədənsə dəvət edilməmişdim. Səbəbi ilə maraqlandım. Məlum oldu ki, Prezident Aparatında Fatma Abdullazadənin rəhbərlik etdiyi humanitar siyasət şöbəsi Naxçıvanın Bakıdakı şöbəsinin belə vacib tədbirdə iştirak etməsini “lazım bilməyib”. Mən televiziya vasitəsi ilə iclasın gedişini müşahidə edərkən orada muxtar respublika ilə heç bir əlaqəsi olmayan, hətta əqidə və mövqeyi ilə yad adamlar görəndə xeyli təəccübləndim. Son zamanlar bu cür hallar tez-tez təkrar olunur. Görünür ki, bunların bir qismi şəxsi ambisiyalardan doğur. Mən bunu öz iddiasını ümumi mənafedən üstün tutanların vicdanına buraxıram.... 

***

Müxtəlif zamanlarda müəyyən müxalif şəxslər belə bir iddialar səsləndiriblər ki, mövcud hakimiyyət Məhəmməd Əmin Rəsulzadənin yüksək təbliğinə qarşı olub, AXC qurucularına qarşı qısqanc münasibət bəslənilib. Bu da bir faktdır ki, iqtidarda da bəzi yaltaq xarakterli şəxslər belə bir fonun yaranmasına rəvac verən davranışlar sərgiləyiblər. Amma biz şahidi olduq ki, prezident İlham Əliyev 2018-ci ili Cümhuriyyət ili elan etdi.

Həsən Zeynalov isə silahdaşı Heydər Əliyevin AXC-yə və onun qurucularına çox yüksək bir münasibət bəslədiyini əyani göstərən faktlar açıqlayıb.

Səfir qeyd edir ki, Heydər Əliyev keçmişə, tarixə hörmətlə yanaşan rəhbər idi. Xalqın imperiya boyunduruğundan xilasına, milli azadlığına böyük önəm verən Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadəyə olan xüsusi münasibətini vurğulamaq lazımdır... Özünü demokrat adlandıran bəzi qüvvələr xalqın Heydər Əliyevə olan münasibətinə kölgə salmaq məqsədi ilə onun AXC qurucularına, o cümlədən M.Ə.Rəsulzadəyə qarşı mənfi münasibət bəslədiyini xalqa aşılamağa çalışırdılar. Həsən Zeynalovun bu mənada qeydləri Heydər Əliyevin Rəsulzadəyə, eləcə də onun silahdaşlarına verdiyi dəyəri bariz şəkildə sübut edir.: “1991-ci ili yanvarında Rəsulzadənin Qazaxıstanın Karaqanda şəhərində yaşayan oğlu Azər Rəsulzadə Bakıya gəlmişdi. Mən Xalq Cəbhəsinin tədbirlərinin birində onunla tanış oldum, tez bir zamanda ünsiyyətimiz yarandı və tez-tez əlaqə saxlamağa başladıq. O, həmişə mənə Heydər Əliyevlə fəxr etdiyini və onunla görüşmək arzusunda olduğunu bildirirdi. Mən də fürsət olan kimi bunu həll edəcəyimi bildirirdim. Fevral ayının 9-da Heydər Əliyevlə Şəhidlər Xiyabanının ziyarət etmək planlaşdırılmışdı. Heydər Əliyevə Azərin onunla görüşmək istədiyini söylədim. O, məmnuniyyətlə görüşəcəyini bildirdi. Mən Azərə zəng edib həmin vaxt Şəhidlər Xiyabanına gəlməsini xahiş etdim. Səhər saat 10-11 radələrində Şəhidlər Xiyabanının ziyarət edərkən Azər də ora gəldi. Çox səmimi və duyğulu görüş oldu. Heydər Əliyevə Azərə atası Məhəmməd Əmin Rəsulzadə haqqında çox xoş sözlər dedi və artıq Azərbaycana qayıtması, doğma vətəndə yaşamağın zamanının gəldiyini bildirdi. Azər isə Bakıda evinin olmadığını, ata-baba mülkünün ona qaytarılması, yaxud yaşamaq üçün Bakıda şərait yaradılması haqda müraciətinə hakimiyyət dairələri tərəfindən rədd cavabı aldığını bildirdi. Onda Heydər Əliyev onun Naxçıvana gəlməsini və ona bütün şəraitin yaradılacağını bildirərək, Azəri Naxçıvana dəvət etdi. Bu anda Azər kövrəldi və Heydər Əliyevə dərin minnətdarlığını bildirərək mütləq gələcəyini söylədi, səmimi görüşərək ayrıldı...”

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Həsən Zeynalova görə Rəsulzadəyə qısqanclıqla yanaşılmasını söyləyənlər və ya buna rəvac verənlər qınanmalıdır. O bildirir ki, Heydər Əliyev məktəbinin yetirməsi kimi, Ankaraya ilk səfərində gördüyü ilk iş M.Ə.Rəsulzadənin məzarını ziyarət etmək olub...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Kitabda Həsən Zeynalovun Qarsdakı baş konsul olarkən gördüyü işlər Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsinə, erməni təbliğat maşınına qarşı birgə müqavimətdə xüsusi qeyd edilməlidir. Kitabdakı faktlara əsasən, Həsən Zeynalov Qarsa səfir təyin olunduqdan sonra orada təəssüf doğuran mənzərə ilə rastlaşıb. Ermənilər belə bir təbliğat aparıb camaatda fikir formalaşdırmışdılar ki, guya Türkiyə Ermənistanla sərhədləri açsa, Qars camaatı Ermənistanla alış-veriş hesabına varlanacaq, hətta yerli camaat buna görə imza toplayıbmış. Sitat: “Mən konsul təyinatından dərhal sonra müxtəlif konfranslar keçirməklə, qapı-qapı düşüb danışmaqla bu fikirlərin yanlış olduğuna, ermənilərin növbəti təxribatı, hiyləsi olduğuna qardaşlarımızı inandıra bildim. Aylarla çayxanalarda, toplu yerlərdə konsulluğun apardığı təşviqat nəticəsində ermənilərin yaratmış olduğu fikri tamamilə dağıtmağa nail olduq”...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Onun vətənpərvərliyi, qəhrəmanlarımıza münasibəti Qarsda konsul olarkən İqdırda yazıçı Fərman Kərimzadənin “Qarlı aşirim” romanından və bu roman əsasında çəkilmiş “Axırıncı açırım” filmindən tanıdığımız, sovet-bolşevik rejiminə qarşı döyüşən Kərbəlayi İsmayılın abidəsini ucaltdırmasında da özünü göstərib...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


İstanbulda baş konsul olarkən də Həsən Zeynalov ciddi işlər görüb. Kitabda da bunların bir qısmi öz əksini tapıb. Onun AXC qurucularının İstanbulda yaşayan varisləri ilə mütəmadi görüşləri Heydər Əliyev məktəbinin yetirməsinin tariximizə, AXC qurucularına həssas yanaşmasının göstəricisidir.

***

Həsən Zeynalovun vəzifədəki xəyanətkarlar və radikal cərəyanlarla mübarizəsi

Həsən Zeynalov hələ illər öncədən Türkiyədə radikal cərəyanlarla əlaqəsi olan Azərbaycandakı qrupların ifşa edilməsi üçün çalışıb, müsahibə və açıqlamalarında bunları dəfələrlə dilə gətirib, müvafiq Azərbaycan məmurlarının bu yöndə yarıtmaz fəaliyyətini açıq şəkildə diqqətə çatdırıb və tənqid edib.

Onun İstanbuldakı diplomatik fəaliyyətinin ilk dövrlərində həyata keçirdiyi ən əhəmiyyətli işlərdən biri kimi FETÖ-nün ölkəmizlə olan əlaqələrinin araşdırılması və bu sahədə adekvat addımlar atması təşkil edir. “Diplomatın tale yolu”nda yazılır: “FETÖ Azərbaycandakı liseylərində təhsil alan şagirdləri ali məktəblərə qəbul olunduqdan sonra da öz təsirində saxlamağa çalışırdı. Azərbaycanda dövrün siyasi dairələri ilə yaxın əlaqələri nəticəsində hələ 1993-cü ilin mayında Xalq Təhsili Nazirliyinin nəzdində fəaliyyət göstərən Ali Ekspert Komissiyasının qərarı əsasında Qafqaz Universiteti fəaliyyətə başladı. FETÖ-nün digər əsas hədəflərindən biri də BDU-nun İlahiyyət fakültəsi idi. Onun bir nömrəli adamı olan, hakimiyyətdə ciddi post sahibi və sonralar “Azərbaycanın gələcək prezidenti” kimi qiymətləndirilən Elnur Aslanov da bu fakültənin məzunu olan gənclər arasında idi...”

Həsən Zeynalovun bununla bağlı qeydlərindən : “Hələ Qarsda baş konsul işlədiyim dövrdə ölkəmizdə milli təhsil sisteminin qorunması, bu istiqamətdə ortaya çıxan təhlükələr barədə Azərbaycanın ayrı-ayrı vəzifəli şəxslərinə onlarla məktub ünvanlamışdım... İradım bu olurdu ki, nəyə görə xaricdən gəlmiş 3-5 adam Azərbaycanın imkanları, vətəndaşlarımızın pulu, qabiliyyətli uşaqlarımızın zəkası hesabına belə təhsil müəssisələri aça bilirlər, amma bu qədər resursa malik Təhsil Nazirliyimiz və digər qurumlar bu işləri özü həyata keçirə bilmir?”

"Məhz bu xəyanətkar mövqelərinə görə Elnur Aslanov və onun komandasının bəzi üzvləri Prezident İlham Əliyevin sərəncamı ilə vəzifələrindən kənarlaşdırıldılar”

Elnur Aslanov və “abi”lik etdiyi şəbəkə məqsədlərinin həyata keçirilməsində vəzifə imkanlarından geniş istifadə edirlər. Həyata keçirilən layihələrin bir çoxu isə NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır”...

Daha sonra Həsən Zeynalov “Diplomatın tale yolu”nda FETÖ şəbəkəsinin Azərbaycandakı neqativ fəaliyyətindən çoxsaylı faktlarla geniş məlumatlar verir. Və sonda qeyd edir: “...Məhz bu xəyanətkar mövqelərinə görə Elnur Aslanov və onun komandasının bəzi üzvləri Prezident İlham Əliyevin sərəncamı ilə vəzifələrindən kənarlaşdırıldılar”.

***

Kitabdakı fotolardan bir maraqlı mənzərə də boylanır. Həsən Zeynalovun tərtib etdiyi dizaynla İstanbulda İnşa edilən Baş Konsulluğumuzun əzəmətli binası. Diplomatiyadan anlayışı olanlar bilir, elçiliyin binası həm də həmin dövlətin ad-sanıdır. Odur ki, vətəninə yüksək qiymət verən, peşəkar diplomatlar elçi olduqları ölkədə öncə gözəl bir səfirlik binasının tikintisini həyata keçirirlər...

1964-cü ildə Xruşşovun şəklini cıran “Diplomatın tale yolu”


Həsən Zeynalov deyir ki, diplomatın bütün zümrələrlə kontaktları, əlaqələri olmalıdır. O, diplomat karyerası boyunca tanınmış mədəniyyət və incəsənət xadimləri ilə də dostluq əlaqələri qurmağa çalışıb. 

“Diplomatın tale yolu” Həsən Zeynalovun həyat və fəaliyyətini əks etdirən foto-tanışlıqla bitir.

Yaxın tariximizlə bağlı kifayət qədər faktların yer aldığı bu kitabı oxumaq məsləhətdir. (musavat.com)

Boyukmillet.com
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq