Sarkisyan yeni prezident Armeni təriflədi, özünün çoxillik “paxırını” da açdı…

18 Apr 2018
423 baxış

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində yeni seçilən prezident Armen Sarkisyandan danışıb. Müxbirin “siz yeni seçilən prezidenti necə xarakterizə edərdiniz” sualına Sarkisyan belə cavab verib:
“Armen Sarkisyan gənc yaşlarında perspektivli fizik olub. 90-cı illərin əvvəlində bizim Böyük Britaniyadakı səfirimiz təyin edilib. Sonra baş nazirin müavini olub. 2013-cü ildə yenidən Birləşmiş Krallığa səfir vəzifəsinə qayıtdı. Biz prezidentliyə namizədlə bağlı məsələni müzakirə edərkən, belə qərara gəldik ki, məhz onun personası bu vəzifəyə daha uyğundur. Onun Rusiyada, Qərbdə və ərəb dünyasında çox böyük tanışlıq və dostluq əlaqələri var. Bu səbəbdən də hesab etdik ki, o, ölkəmizi beynəlxalq arenada daha yaxşı təmsil edə bilər. Burda söhbət xarici siyasətdən deyil, xarici əlaqələrdən gedir. Bunlar tamamilə fərqli detallardır. Yeni prerzident həm də dünyadakı erməni diasporuna yaxşı tanış olan simadır. Bu baxımdan da hesab edirik ki, o, bu namizəd Ermənistandan kənarda yaşayan soydaşlarımız üşün konsolidasiya rolunu oynamış olacaq. Bir faktı da qeyd edim ki, bizdə hakimiyyət dəyişikliyi yox, ölkənin idarəetməsi dəyişib”.
Göründüyü kimi, Sarkisyan yeni prezidentin Rusiya, Qərb və ərəb dünyası ilə yaxşı əlaqələrindən ağızdolusu danışıb. Bununla o həm də sanki öz səriştəsizliyini etiraf etmiş olub. Bundan belə bir nəticə çıxarmaq olarmı ki, Sarkisyan uzun sürən prezidentliyi dönəmində deyilən istiqamətlər üzrə əlaqələr qurmaqda aciz olub?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Serjin Armendən belə ağızdolusu danışması təsadüfi deyil: “O, müsahibəsində doğru olaraq vurğulayır ki, onlarda hakimiyyət dəyişikliyi baş verməyib. Düzdür, hakimiyyət yenə də Serj Sarkisyanın, daha doğrusu, oradakı Qarabağ klanının əlində qalacaq. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda xalq üsyan edir, S.Sarkisyana etirazını bildirir. Fikir versəniz görərsiniz ki, Armen Sarkisyan prezident seçiləndə kütlə belə qəzəblənmədi. Çünki onlar hadisələri gözəl proqnozlaşdırırlar. Bilirlər ki, yeni qanunlara görə, prezident formal bir missiyanın daşıyıcısı olacaq. Fakitiki olaraq ölkə yenidən S.Sarkisyan tərəfindən idarə ediləcək. S.Sarkisyanın erməni diasporu arasında hörməti sıfır səviyyəsindədir. Yadınızdadırsa, bir müddət əvvəl dünyadakı ən tanınmış erməni diaspor liderləri müraciət etdilər ki, heç bir erməni Ermənistana pul yatırmasın. Onlar deyirdilər ki, pulları Serjin quldur hakimiyyəti oğurlayır. Ermənistan çətin iqtisadi vəziyyətdə yaşayır. Onlara əsas diqqəti, pul yardımını dünyadakı erməni diasporu edir. S.Sarkisyan məhz bu amilləri nəzərə alaraq, demək olar ki, prezidentlik kreslosunu Armenə satıb. Bilirsiniz ki, Armen həm də varlı iş adamıdır. Sarkisyan yaxşı əlaqələr deyəndə məhz pul amilini nəzərdə tutur. Onun istəyi budur ki, bu dəfə özünün deyil, prezidentin əli ilə Ermənistana pul gətizdirsin. Əlaqələr deyəndə bunu nəzərdə tutur. Təbii ki, bununla Sarkisyan həm də öz səriştəsizliyini etiraf edib. Amma mən buna daha çox hiyləgərlik deyərdim”. (Bakı-Xəbər)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq