Səfər Əbiyev–Qurban Məmmədov–Fuad Abbasov üçlüyündə suallar doğuran mətləb...

14 Mar 2019
13 baxış

“İzlədikdə məlum olur ki, onların başlıca istəyi Rusiyadakı soydaşlarımızı...”

img

Mirkazım Seyidov: “Fuad kimi vətənpərvər jurnalist Qurban Məmmədov kimi təxribatçı ilə eyni efiri bölüşməməlidir”

 

Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin mediada yeni fotoları yayılıb. Bu xəbər mediada və sosial şəbəkələrdə maraqla qarşılanıb. Çünki Səfər Əbiyev vəzifəsi ilə vidalaşandan sonra, demək olar ki, mediada görünməyib. Onun həm də maraqlı bir mövzu ilə bağlı cəmiyyətə təqdim olunması da məsələyə diqqəti daha da fokuslayıb.

Söhbət sabiq müdafiə nazirinin  hazırda Bakıda olan jurnalist Fuad Abbasova mükafat verməsi ilə bağlı yayılan xəbər və onların birgə fotolarının sosial şəbəkələr vasitəsilə paylaşılmasından gedir. Xatırladaq ki, Fuad Abbasov cari ilin fevral ayında çeçenlərlə azərbaycanlılar arasında Moskva şəhərində yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərib. Həmin hadisələr təzə qızışanda F.Abbassov sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirmişdi ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir. F.Abbasov baş verənlərə səbrlə yanaşmağı, iki xalqın dostluq, qardaşlıq videolarını çəkərək yaymağı xahiş etmişdi. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar və çeçenlər bir süfrə arxasına toplaşaraq bəyanatlar yaydılar.

Məlum olub ki, "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar verib.

Qərarı əsas tutaraq Fondun rəhbəri Eldar İsmayılov və üzvləri - Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov ordeni təqdim etmək üçün Fuad Abbasovla Bakıda görüşüblər. "Vətən Övladı" ordeni təntənəli surətdə Fuad Abbasova təqdim edilib.

Qeyd edək ki, Səfər Əbiyevin Fuad Abbasovla birgə yayılan fotosuna münasibət heç də birmənalı olmayıb. Sosial şəbəkələrdə hətta bu görüşə təəccüblə yanaşanlar da olub. Bəzi sosial şəbəkə istifadəçiləri isə F.Abbasovun tez-tez xaricdən yayımlanan və Azərbaycan hakimiyyətinə qarşı olduqca aqressiv mövqe tutan hüquqşünas Qurban Məmmədova məxsus internet televiziyasında görünməsini, orada ekspert qismində şərhlər verməsini əsas gətirərək, Qurban Məmmədov-Fuad Abbasov-Səfər Əbiyev üçbucağını cızıb, bunun çox düşündürücü olduğunu bildiriblər.

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən, Rusiya və Azərbaycan dövlətlərinin ali mükafatlarına layiq görülmüş diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kimin-kimə mükafat verməsi, əslində, o qədər də önəmli deyil: “Yəqin ki, Səfər Əbiyevin uzun müddət medaida görünməməsi belə ajiotaj yaradıb. Jurnalist F.Abbasova gəldikdə isə, son proseslərdə onunla yanaşı, başqa diaspor fəallarının da rolu az olmayıb. Biz hər zaman Azərbaycanın mənafeyinin qorunması istiqamətində çalışmışıq, bu gün də o istiqamət üzrə hərəkət edirik. Görünür, F.Abbasov jurnalist olduğu üçün, gördüyü işləri cəmiyyətə daha dolğun təqdim etməyi bacarıb. İstənilən halda, biz buna sevinirik. Amma dediyiniz üçbucağın cızılmasına gərək bizim diaspor fəallarımızın özləri şərait yaratmaya. Xaricdən bəzi blogerlərin ölkəmizin dəyərlərini təhqir etdiyini görürük. İzlədikdə məlum olur ki, onların başlıca istəyi Rusiyadakı soydaşlarımızı qarmağa keçirib, onlardan pul qoparmağa hesablanıb. Rusiyada olan diaspor fəallarımız Azərbaycan dövlətinin maraqlarını qorumaq istəyirlərsə, o cür adamlarla birgə efirə çıxmamalıdırlar. Axı jurnalist F.Abbasovla Q.Məmmədovun gördüyü iş tamam başqadır. Ona görə də Fuad kimi vətənpərvər jurnalist Q.Məmmədov kimi təxribatçı ilə eyni efiri bölüşməməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq