Ekspert: Kamran Əsədov şou-bizneslə məşğul olsun - AÇIQLAMA

13 Mar 2018
250 baxış

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva təhsil eksperti Kamran Əsədovu sərt şəkildə tənqid edib.

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında bildirib ki, K.Əsədovun məktəbli qızların abort etdirməsi və müəllimələri əxlaqsızlıqda ittiham etməsi Azərbaycan təhsilinin gözdən salınmasına xidmət edir:“Mən onun məktəb ,müəllim və məktəblilər haqqında müsahibəsini oxudum , dəhşətə gəlmişəm. Bizim aildə 5 şagird məktəbə gedir , amma biz onların məktəblərində bu "ekspert"in sadaladığı hallara rast gəlməmişik. Ümumiyyətlə, təhsil elə bir sahədir ki,gənc nəsilin yetişməsinə, inkişafına yönəlir. Çox təəssüf ki, mətbuatda belə açıqlamalarla rastlaşırıq. K.Əsədovun bu açıqlaması Azərbaycan təhsilinin gözdən salınmasına xidmət edir. Valideynlər arasında Azərbaycan təhsilinə inamsızlıq yaradan açıqlamalar verir. Nəsərə alsaq ki, hər gün valideynlər övladlarının təhsili ilə maraqlanır. Kimlərin xoşuna gəlsə də, gəlməsə də, biz İslam ölkəsiyik və bizim öz milli dəyərlərimiz var”. 

“O, məktəbli qızların abrot etdirməsi ilə bağlı göstərdiyi rəqəmlərə görə hesabat verməlidir”

Y.Hacıyeva bildirib ki, K.Əsədov məktəbli qızların abort etdirməsi ilə bağlı göstərdiyi rəqəmlərə görə hesabat verməlidir: “Ona görə də, bizim cəmiyyətdə Kamran Əsədovun məktəbli qızların haqqında danışdığı məqamlara yer yoxdur. K.Əsədov 1200-ə yaxın orta məktəb şagirdinin abort etdirməsi ilə bağlı açıqlama yayır. Sonra buna təkzib verdi, amma buna görə üzr istəmədi. Fikrimcə, o, bu məlumatları hardan əldə etdiyi barədə hesabat verməli idi”. 

“Məsləhət görürəm ki, Kamran Əsədov şou-biznes sahəsi ilə məşğul olsun”

Həmçinin, Y.Hacıyeva bir müddət öncə, K.Əsədov Azərbaycan dahilərini, şairlərini təhqir etdiyini də bildirərək ona təhsil sahəsindən uzaqlaşmağı məsləhət görüb: “Eyni zamanda, onun müəllifi olduğu kitabda Azərbaycan əraziləri Ermənistan əraziləri kimi göstərildi. Mən elə düşünürəm ki, K.əsədov şou-bizneslə təhsil sahəsini səhv salıb. Adam gündəmdə qalmaq üçün daha heç bilmir ki, nə etsin, bütün yalanlara əl atır. Məsləhət görürəm ki, o dırnaqarası nüfuz qazanmaq istəyirsə, şou-biznesə baş vursun. Təhsil sahəsi elə bir sahədir ki, burada onun təxribatlarına yer yoxdur”. 

“Təhsil vasitəsilə biz gələcəyimizi qururuq. Təhsil bir millətin gələcəyidir. Onun Azərbaycan təhsili, Azərbaycan müəllimi və Azərbaycan qadını haqqında yaratdığı bu neqativ fikirləri düşünürəm ki, təxribat xarakterlidir. Və Azərbaycanda o qədər qadın təşkilatları var ki, birlik nümayiş etdirib bu şəxsə etiraz etmək lazımdır” – deyə, Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Azərbaycanda 1200-ə yaxın məktəbli qızın abort etdirməsi ilə bağlı mətbuata açıqlama yayıb. K.Əsədov, həmçinin, qadın müəllimləri qısa don geyindiklərinə görə ittiham edib. O, ümumilikdə, orta məktəblərin əxlaqsız yuvaya çevrilməsini iddia edib.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq