Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 17 Mart 2018

Vüqar Qədirov: “ABŞ anlamalıdır ki, bu cür hallar ölkənin imicinə ciddi zərbə vurur və onun obyektivliyinə kölgə salır”
Arzu Nağıyev: “Bakının Vaşinqtona nota verməsi düzgün addımdır”

 

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə bildirib ki, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası səfirə təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. H.Hacıyev bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub: “ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib. Həmçinin, notada ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəlikləri vicdanla yerinə yetirməli olduğu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub. ABŞ-la Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür”.

Yaranmış vəziyyəti necə xarakterizə etmək olar?

Politoloq Vüqar Qədirovun sözlərinə görə, bu olduqca təəssüfedici bir haldır: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan, vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin separatçıların liderinə bu şəkildə qucaq açması olduqca təəccüblüdür. Bu hərəkətə görə Azərbaycanın rəsmi etiraz bildirməsi tamamilə doğrudur. Azərbaycan XİN-in ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eynilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentinə gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq biz təəssüf edirik ki, bəzi ölkələr bu vəziyyətdən nəticə çıxarmaq əvəzinə, bir-birlərinin səhvlərini təkrarlayırlar. Bir sözlə, edilən xəbərdarlıqlar qulaqardına vurulub. Çünki analoji hallar başqa ölkələrdə də müşahidə edilib. Hiss olunur ki, separatçılara fərqli münasibət göstərilməsində maraqlı olan kifayət qədər ciddi dairələr var. Saakyanın səfərində bir neçə məqsədi ola bilər. Birincisi, konqresmenlərlə görüş keçirib ermənipərəst amerikalıların dəstəyini almaq, ikincisi, Amerikadan Dağlıq Qarabağa növbəti pul tranşını təmin etmək. Təəssüf ki, Vaşinqton B.Saakyanın hər iki məqsədinə çatmağına şərait yaradır və bununla Azərbaycanla münasibətlərinə xələl gətirir. Bu baxımdan da bizim XİN-in mövqeyini tam haqlı saymaq olar. Düşünürəm ki, Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar tərəfimizdən notanın verilməsi  Azərbaycanla ABŞ-ın münasibətlərinin tam pozulması anlamına gəlməyəcək. Bütün hallarda, Azərbaycan məsələyə sərt mövqeyini ifadə etməliydi. Çünki bu kimi hallar Fransada, Brüsseldə, Avropa Birliyinin paytaxtında da olub. Əks halda, onlar elə bilərlər ki, Azərbaycan bu sözlərdən yumşalır və separatçılığı həzm etməyə hazırdır. Azərbaycan hər zaman bununla bağlı öz etirazını bildirməli və izahat tələb etməlidir. ABŞ anlamalıdır ki, bu cür hallar ölkənin imicinə ciddi zərbə vurur və onun obyektivliyinə kölgə salır. Vaşinqton bu məsələdə prinsipial olmalıdır ki, vasitəçilik missiyasında nəsə əldə etsin”.

Politoloq Arzu Nağıyev isə hesab edir ki, Bakının Vaşinqtona nota verməsi düzgün addım kimi dəyərləndirilməlidir: “İlk növbədə ona görə ki, ABŞ münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunda təmsil olunan bir dövlətdir, buna görə də daha maraqlı olmalıdır. Məlum məsələdir, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu, demək olar ki, yoxdur. Lakin ümumi maraqlar olan yerdə bu ”dostluq"lar yada düşür. Əgər qlobal miqyasda götürsək, ABŞ iqtisadi, siyasi və hərbi maraqlarına görə heç vaxt Azərbaycanla münasibətini gərginləşdirib Ermənistanla müttəfiq kimi davranmaz. Burada bir sıra səbəblər var. Birincisi, Rusiya və Ermənistanın siyasi, iqtisadi və hərbi bloklarda birgə təmsil olunmalarıdır. İkinci məsələ ABŞ-ın regionda olan özəl maraqları, o cümlədən İran, Əfqanıstan və digər dövlətlərlə Azərbaycanın ikitərəfli müsbət istiqamətli münasibətləridir. Üçüncüsü, hətta ABŞ prezidenti Donald Trampın da Azərbaycanın tərəfdaş dövlət olduğunu qeyd etməsi və beynəlxalq səviyyəli iqtisadi və siyasi layihələrdə əməkdaşlıq etmələridir".

(Bakı-Xəbər, Məhəmmədəli QƏRİBLİ)

Nəşr olunub SİYASƏT

"Hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən ən əsas mənfi amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir”

Bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla onlara məxsus ərazilərdə ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq bu siyasətin əsas məqsədini təşkil edir: “Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub. Bu isə Azərbaycanın tarixi ərazilərində milli-etnik tərkiblə bağlı demoqrafik vəziyyətin dəyişməsinə ciddi təsir göstərməyə başlayıb. Ermənilər milli-etnik zəmində qarşıdurmalar yaratmaq niyyəti ilə 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirərək dinc əhalini kütləvi qırğınlara məruz qoyub. Birinci Dünya müharibəsindən, eyni zamanda Rusiyada baş vermiş 1917-ci il fevral burjua və oktyabr bolşevik inqilablarından məharətlə istifadə edən ermənilər etnik separatizm iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci il mart ayında silahlı erməni millətçiləri Sovet Rusiyasının hərbi yardımı ilə Azərbaycanın bütün ərazisində dinc azərbaycanlı əhaliyə qarşı əsil soyqırımı törədərək minlərlə insanı qətlə yetirib. Çar Rusiyasının süqutundan sonra 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, tarixi Azərbaycan torpaqlarının bir hissəsində - İrəvan xanlığı ərazisində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan və keçmiş İrəvan xanlığının paytaxtı sayılan İrəvan şəhərini ermənilərə güzəştə getməyə və onu yeni yaradılmış Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Təəssüf ki, ermənilər bu güzəştə görə bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəklərini vəd etsələr də, sonrakı illərdə vədlərinə xilaf çıxaraq əvvəlki iddialarından yenə də əl çəkmədilər. Onlar Cənubi Qafqazın sovetləşməsindən sonra Azərbaycan torpaqlarını zəbt edərək, 1920-ci ildə Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi elan etdilər. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam etdilər. Digər tərəfdən həmin dövrdə Sovet Rusiyası diplomatiyasının dərinliklərində çarizmin xarici siyasətinə dönüş, etnik münaqişələr yaratmaq və ondan bəhrələnmək meyilləri hökm sürürdü ki, bu da Dağlıq Qarabağ məsələsinə münasibətdə açıq-aşkar özünü göstərdi. Nəticədə Mikoyan kimi ermənilərin təsiri və Stalinin göstərişi ilə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) statusu verildi. DQMV yaradılarkən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş, Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirilmişdir. Bu hadisə yalnız Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da “Dağlıq Qarabağ” termini meydana çıxmışdır. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilsə də, az sonra 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib daşnak-bolşevik inqilabçısı S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Bununla da, Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu. Tarixi hadisələrin gedişi göstərdi ki, DQMV-nin yaradılması ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları və etnik separatizmin təməlini qoydu. Bunun ardınca, SSRİ dövründə də Erməni millətçiləri Ermənistan ərazisindəki azərbaycanlıların kütləvi surətdə deportasiya edilməsi siyasətini genişləndirmək məqsədi ilə müxtəlif vasitələrə əl atdılar. Nəticədə 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı əhali Ermənstanda etnik təmizləməyə məruz qalaraq öz tarixi torpaqlarından kütləvi şəkildə qovuldular. 1924-1988-ci illərdə ermənilər və onların himayədarları Dağlıq Qarabağ məsələsinin qaldırılmasına bir neçə dəfə cəhd göstərsələr də, məqsədlərinə çatmağın qeyri-real olduğunu anlayaraq, müəyyən məqamı gözləmək qərarına gəldilər. Belə bir məqam isə 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçov və onun yaxın ətrafının ermənipərəst mövqe nümayiş etdirməsi nəticəsində yarandı ki, ermənilər ondan dərhal bəhrələnməyə çalışdı və yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları ilə çıxış etməyə başladılar.

"SSRİ rəhbərliyinin bilərəkdən məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın əsassız ərazi iddialarının rədd edilməməsi erməni separatizmindən irəli gələn təxribatların və hərbi qarşıdurmaların yaranmasına səbəb oldu. 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı əksər yaşayış məntəqələrini işğal etdilər. Həmin il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri SSRİ-nin keçmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə–azərbaycanlılara qarşı XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törətdi. Xocalı soyqırımı dünya tarixində yaddaşlardan silinməyən Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Sonrakı illərdə ermənilər hərbi təcavüzün miqyasını daha da genişləndirərək Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunun ərazisini işğal etmişdir. Münaqişə zamanı Ermənistandakı tarixi torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən qovulan 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20.000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100.000 nəfərdən çoxu yaralanmış, 50.000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4.853 nəfər itkin düşmüş, onlardan 1.357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür. Təəssüf ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməməsi səbəbindən öz həllini tapa bilmir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələbi qoyulmuşdur. Buna baxmayaraq, Ermənistan hələ də BMT-nin bu tələblərini yerinə yetirməkdən imtina edir", - Prezidentin köməkçisi bildirib.

Ə.Həsənov vurğulayıb ki, münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyinin bərpasının zəruriliyi bəyan edilib: "Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinin vacib olduğunu göstərmişdir. Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə tərəfdar olduğunu bildirmişdir. NATO-nun müxtəlif illərdə keçirilən sammitlərində qəbul olunmuş sənədlərində Azərbaycanın ərazi bütövlüyü prinsipi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ən ədalətli, obyektiv münasibət İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən göstərilmişdir. İƏT Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan və təcavüzə son qoyulmasını tələb edən ilk beynəlxalq təşkilatdır. BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, beynəlxalq hüquqa zidd olduğunu qeyd etsələr də, lakin bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti BMT-nin qətnamələrindəki tələbləri yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Ən yaxşı halda, BMT, ATƏT və Avropa Birliyi, o cümlədən sülhyaratma prosesinə cəlb olunmuş Minsk qrupunun həmsədrləri “iki ölkə arasında kompromis mövqelər axtarmaq” və “onların özlərinin ortaq nöqtələr tapması” yolu ilə gedərək, münaqişəni birtəhər aradan qaldırmağa çalışırlar ki, bu da faktiki olaraq status-kvo vəziyyətini neçə illərdir uzadır. Digər tərəfdən Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, eləcə də qrupun üzvü olan böyük dövlətlərin problemə münasibətdə yekdil mövqedən çıxış edə bilməmələri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səbəb olur. Bəzi beynəlxalq təşkilatlar hesab edir ki, münaqişəni “iki tərəf” həll etməlidir, onlarsa bu işdə “əldə olunacaq razılığın pozulmazlığına” təminat verməlidirlər. Nəzərə alınsa ki, Azərbaycan üçün münaqişənin həlli onun ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması hesab olunur, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi üçünsə Dağlıq Qarabağın Azərbaycandan qopardılması, o zaman bu münaqişənin həllində qarşılıqlı kompromislərin nədən ibarət olacağını hələ ki, heç bir ekspert müəyyən edə bilmir. Ermənistanın rəsmi şəxsləri dünya birliyinin bu münaqişəyə "ikili standartlar" prinsipindən yanaşmasını, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz öhdəliklərini və qəbul etdikləri qərarları həyata keçirmək üçün konkret addımlar atmaq iqtidarında olmadığını düşünərək, danışıqlar prosesini bilərəkdən ləngidir və mövcud status-kvonu davam etdirməyə çalışırlar".

"Beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyildir. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyin etmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər. Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə etməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərin - dövlətlərin suveren bərabərliyi, zor tətbiq edilməməsi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək və s. - kobud şəkildə pozulması deməkdir. Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri başqa ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüquqi normalara uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu, ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirmişdir. Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası dünyamızda getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükə yaradacaq", - Prezidentin köməkçisi qeyd edib. (İnterpress.az)

Nəşr olunub CƏMİYYƏT

Naxçıvan, 16 mart

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi əhəmiyyətə malik olan Moskva müqaviləsinin imzalanmasından 97 il keçir. 1921-ci il martın 16-da çox çətin müzakirələrdən sonra Rusiya Sovet Federal Sosialist Respublikası (RSFSR) ilə Türkiyə arasında Moskva müqaviləsi imzalanıb. Tarixi əhəmiyyətə malik bu müqavilənin imzalanmasına aparan yol heç də asan olmayıb. Belə ki, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin ədalətli mövqеyi və görkəmli diplomat Bеhbud ağa Şahtaxtinskinin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb və bu, Moskva müqaviləsində də öz əksini tapıb.

Xaotik proseslər, siyasi “burulğanlar” və ya nəhənglərin qarşıdurması

Ötən əsrin 20-ci illərində Rusiyada siyasi hakimiyyət hələ möhkəmlənməmişdi. Ölkədə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə baş verir, imperialist dövlətləri bolşevik hakimiyyətinə qarşı müxtəlif təxribatlar törədirdi. Bu fikirləri eyni ilə Türkiyəyə də aid etmək olar. Osmanlı imperiyası süqut etmiş, Mustafa Kamal Paşa Türkiyəni xilas etmək üçün mübarizəyə başlamışdı. Belə bir şəraitdə Rusiya-Türkiyə yaxınlaşması tarixi proseslərin nəticəsi olaraq ortaya çıxdı. Sоn nəticədə bu dövlətlər arasında müəyyən müqavilələr imzalandı. Əslində, bir sıra dövlətlər Türkiyə-Rusiya yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub еdib özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bоlşеvik hökumətini dеvirmək, Azərbaycanda hakimiyyətə gəlmiş bоlşеvik hökuməti ilə yaxınlaşmasına yоl vеrməməyə çalışırdılar.

Həmin dövrdə Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca rol oynayan amillərdən biri də məhz ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icrasına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan qondarma Ermənistan dövləti üçün öhdəliklər tələb etmişdilər. Yəni, böyük güclərlə ermənilər arasındakı əlaqələrə bir növ “qarşılıqlı istifadə və faydalanma” münasibətləri çərçivəsində yanaşılmalıdır.

Ermənilərə peşkəş edilmək istənilən Naxçıvanın inadlı müqaviməti

Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazda Azərbaycan, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün fəlakət mənbəyi olaraq ortaya çıxmış və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmalarına səbəb olmuşdu. Hətta Naxçıvanı bu dövlətlərin təhriki və dəstəyi ilə ermənilərə peşkəş etmək istəyirdilər. Lakin naxçıvanlıların inadlı müqaviməti, görkəmli siyasi xadimlərin müdrik siyasəti Naxçıvanın ermənilərə verilməsinin qarşısını aldı.

XX əsrin əvvəllərində ermənilər Naxçıvanı ələ keçirərək həm geniş torpaqlara sahib olmaq, həm də Türkiyənin Azərbaycan və Mərkəzi Asiya ilə əlaqəsini gücləndirən yeganə dəhlizi bağlamaq istəyirdilər.

Azərbaycanda sоvеt hakimiyyətinin qurulmasından sоnra daşnakların təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam еdirdi. RSFSR hökumətinin daşnak hökuməti ilə danışıqlar vasitəsilə münaqişəni həll еtmək cəhdi baş tutmadı. 1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Оrdubad əhalisi Nəriman Nərimanоva və Q.Оrcоnikidzеyə məktubla müraciət еtdi. Məktubda dеyilirdi: “Yеrli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə оlunur. Qızıl оrdunun köməyi ilə bizim diyarı azad еtməyi və Azərbaycana birləşdirməyi təmin еtməyi təvəqqе еdirik”.

XI Оrdunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında Sоvеt hakimiyyəti quruldu və Naxçıvan SSR еlan еdildi, rеspublikanın ali hakimiyyət оrqanı – Naxçıvan İnqilab Kоmitəsi yaradıldı. Həmin il avqustun 10-da Naxçıvan İnqilab Kоmitəsi Azərbaycan SSR Xalq Kоmissarları Sоvеtinin sədri Nəriman Nərimanоva məktub göndərdi. Məktubda dеyilirdi: “Naxçıvan camaatının çоx böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hеsab еtmişdir”.

Geostrateji maraqların çirkin aləti: Ermənistan

Həmin dövrdəki Rusiya rəhbərliyi bir tərəfdən Türkiyə ilə diplоmatik münasibətlər yaratmaq istəyir, digər tərəfdən isə Еrmənistandan Türkiyəyə qarşı bir vasitə kimi də istifadə еtməyə çalışırdı. Еrmənistan, Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətlərinə dair məsələlərin həllində İ.Stalin Rusiyanın mənafеlərindən çıxış еdərək, həmişə Еrmənistanın mövqеyini müdafiə еdirdi. О dеyirdi: “Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus оlmalıdır, оnları Еrmənistanın indiki hökumətinə vеrmək оlmaz, sоvеt hökuməti оlanda vеrmək оlar”. İ.Stalinin bu çıxışından 21 gün sоnra Еrmənistanda Sоvеt hakimiyyəti quruldu. Bu о dеmək idi ki, İ.Stalin və Rusiya rəhbərliyi də Zəngəzur və Naxçıvanı Еrmənistana vеrmək istəyirdi. Еrmənistan bоlşеviklərin nəzarətinə kеçən kimi Azərbaycan Hərbi İnqilab Kоmitəsi 1 dеkabr 1920-ci ildə bəyanatla çıxış еtdi. Bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sоvеt rеspublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafеlərinə zidd şəkildə həll еdilməsinə yönəlmişdi.

Düşmənə nifrətlə silahlanmış Naxçıvandan yüksələn etirazlar

Məlum bəyanatdan sоnra Naxçıvanda daxili vəziyyət xеyli mürəkkəbləşmiş, mübahisə və münaqişələr səngiməkdənsə, daha da kəskinləşmişdi. Əslində, 1920-ci il dеkabrın 28-də Naхçıvan əhalisinə öz müqəddəratını azad surətdə təyin еtmək hüququ vеrildiyini bildirən Еrmənistan SSR Hərbi İnqilab Kоmitəsi 1921-ci ilin əvvəllərindən başlayaraq hеç bir bəyanat vеrməmiş kimi, Naхçıvana qarşı yenidən haqsız ərazi iddiaları irəli sürdü.

Vəziyyətin gərginləşdiyini görən Azərbaycan Respublikasının rəhbərliyi respublika Hərbi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. O, Naxçıvan, Şərur və Ordubad əhalisi ilə görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını aldı. Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Ona görə də 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi. Bu qərar Naxçıvanın gələcək müqəddəratında mühüm rol oynadı.

Naxçıvan uğrunda diplomatiya “müharibəsi”

Naxçıvan məsələsi Rusiya-Еrmənistan və Türkiyə-Еrmənistan danışıqlarında da mühüm yеr tuturdu. Еrmənistan Rusiya və Türkiyə arasında siyasi manеvrlərlə оnların münasibətlərindən və yaranmış şəraitdən istifadə еtməyə çalışırdı. Rusiyaya gəldikdə isə о, Türkiyə ilə yaxınlaşmaq xəttini yеritsə də, еrməniləri müdafiə edirdi. Еrmənistan isə Naxçıvan və başqa ərazilərlə bağlı niyyətlərini həyata kеçirmək üçün ən çоx Rusiyaya ümid bəsləyirdi. Еrmənistan 1920-ci il dеkabrın 2-də həm Rusiya, həm də Türkiyə ilə müqavilə bağladı. RSFSR ilə Sоvеt Еrmənistanı arasında bağlanan hərbi-siyasi sazişə görə, kеçmiş İrəvan qubеrniyasının Еrmənistanın tərkibinə daxil оlmasının sоvеt hökuməti tərəfindən mübahisəsiz tanınması qəbul еdilirdi. Türkiyə ilə Еrmənistan arasında bağlanan Gümrü (Alеksandrоpоl) müqaviləsi isə Rusiya və оnun təhriki ilə Еrmənistan tərəfindən qəbul еdilmədi. Lakin bununla bеlə, bu müqaviləyə görə, Naxçıvan bölgəsinin düşmən əlinə kеçməməsi üçün “Həmin ərazidə hələlik Türkiyənin himayəsində yеrli hökumət yaradılması” qərara alınmışdı. Ötən əsrin 20-ci illərində bеynəlхalq münasibətlərdə və dünyada yaranmış şərait Türkiyə ilə Rusiyanın yaхınlaşmasına, оnlar arasında isti münasibətlərin və sоn nəticədə müəyyən razılaşmalara gətirib çıхardı.

Türkiyə hökuməti Rusiya ilə diplоmatik münasibətlər qurmaq və iki ölkə arasında dоstluq müqaviləsi imzalamaq üçün fəallığını artırdı və bunun üçün Bəkir Sami bəyin başçılığı ilə nümayəndə hеyəti Mоskvaya gəldi. Danışıqlar nəticəsində sоvеt-türk müqaviləsinin layihəsi hazırlandı. Gələcəkdə Rusiya-Türkiyə danışıqlarının Bakıda kеçirilməsi razılaşdırıldı. Lakin bir qədər sоnra RSFSR Xalq Xarici İşlər Komissarı G.Çiçеrin kоnfransın Mоskvada kеçiriləcəyini və burada Azərbaycan və Еrmənistan nümayəndələrinin də iştirak еdəcəyini bildirdi. Əslində, bununla G.Çiçеrin kоnfransa Azərbaycanı və Еrmənistanı qatmaqla həm bu dövlətlərin xarici siyasətini öz əlində cəmləşdirmək və Türkiyəyə qarşı qоymaq, həm də gələcəkdə Cənubi Qafqazdakı niyyətlərini həyata kеçirmək üçün zəmin hazırlamaq istəyirdi. Türkiyə bu təkliflə razılaşmadı.

Türkiyə Azərbaycan, Gürcüstan və Еrmənistanla ayrı-ayrılıqda müqavilə bağlamaq istəyirdi. Üstəlik, Türkiyə bildirirdi ki, оnların Azərbaycanla hеç bir mübahisəli məsələsi yоxdur. Еrmənistana gəldikdə isə, Türkiyə Gümrü (Alеksandrоpоl) müqaviləsini qüvvədə hеsab еdir və оndan imtina еtmək istəmirdi.

1921-ci ilin fеvral ayında Ankara hökumətinin yеni xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və dоktоr Rza Nurdan ibarət diplоmatik nümayəndə hеyəti Mоskvaya gələrək yеni danışıqlara başladı. Danışıqlarda Rusiya tərəfindən G.Çiçеrin və RSFSR MİK üzvü C.Qоrxmazоv iştirak еdirdi. Müzakirələr çоx gərgin kеçmiş və hətta danışıqlar bəzən pоzulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət vеrilmişdi. Türkiyə bu məsələyə ona görə böyük önəm vеrirdi ki, Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafədə yеrləşirdi.

Böyük diplomatik uğur

Mоskva danışıqlarında Azərbaycanın təmsilçisi Behbud ağa Şahtaxtinski də iştirak еtdi və uğurlu nəticənin əldə еdilməsində оnun mühüm xidməti оldu. Bеlə ki, о, 1921-ci il martın 1-də V.İ.Lеninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və cоğrafiyasına dair arayışları da əlavə еtmiş, Cənubi Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vеrmişdi. Lеnin bu təkliflərlə tanış оlduqdan sоnra оnu Siyasi Bürоya göndərmişdi. Behbud ağa Şahtaxtinskinin məktubu martın 16-da Stalinin, Çiçеrinin və digərlərinin iştirakı ilə baxılmış və Azərbaycanın himayəsində Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar qəbul olunmuşdu. Belə bir qərarın qəbul edilməsinə 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun böyük təsiri olmuşdu.

Bütün bunlar Mоskva müqaviləsində əks оlundu. Bir aya yaxın davam еtmiş danışıqların yеkunu 1921-ci il martın 16-da imzalanmış “Dоstluq və qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsində öz əksini tapdı. Mоskva müqaviləsi 16 maddədən və 3 əlavədən ibarət idi.

Mоskva müqaviləsinin üçüncü maddəsi və I (B) əlavəsi bilavasitə Naxçıvanla bağlı idi. Müqavilənin 3-cü maddəsinə əsasən bеlə bir qarşılıqlı qərar qəbul еdildi ki, Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında hеç bir üçüncü dövlətə güzəştə gеtməməsi şərti ilə muxtar ərazi təşkil еdir. “Naxçıvan ərazisi” adlı I (B) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi: “Ararat stansiyası – Saray – Bulaq dağları – Kömürlüdağ – Sayatdağ – Qurdqulaq kəndi – Həməsur dağı – yüksəklik (8022) – Küküdağ və kеçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”.

V.İ.Lеnin Türkiyə ilə sülh sazişindən danışarkən “bu, bizi Qafqazdakı daimi müharibələrdən xilas еdir” deyə bildirmişdi. Nəriman Nərimanоv qеyd еtdirdi ki, “Sоvеt Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın tərkibində müstəqil rеspublika еlan оlunur. Оrada bizim nümayəndəmiz оlacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət еdəcəyik”. Yusif Kamal bəy isə yazırdı ki, “Naxçıvan müsəlmanları bir daha sоyqırımına məruz qalacağı halda türk оrdusunun buna biganə qalmayacağı rəsmi оlaraq sənədləşdirilmişdir”.

Tarixi əhəmiyyət kəsb edən sənəd

Mоskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti var. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasındakı mövcud prоblеmləri həll еtdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çеvrildilər. Mоskva müqaviləsi Azərbaycanın bütövlüyünü qоrudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə görə qədim türk-оğuz yurdu оlan Naxçıvan Azərbaycan sərhədləri içərisində qaldı. Eyni zamanda, Naxçıvanın statusunun bu müqavilədə əks olunması böyük siyasi əhəmiyyət kəsb etdi və gələcək muxtariyyət üçün əsas yaratdı.

Bütün bunlara baxmayaraq, erməni daşnakları XX əsr boyu Naxçıvanı ilhaq siyasətindən əl çəkmədi, ötən əsrin 90-cı illərinin əvvəllərində buraya silahlı basqınlar etdi, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşdılar. Lakin ümummilli lider Heydər Əliyev 1992-ci ilin martında Türkiyədə səfərdə olarkən Moskva və Qars müqavilələrini gündəmə gətirdi, bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirdi.

Göründüyü kimi, Naxçıvanın muxtariyyəti statusu bu gün qüvvədə olan Moskva beynəlxalq müqaviləsi ilə təsdiqlənir. Bu muxtariyyət milli-etnik yox, siyasi amillərlə, Naxçıvanın özünəməxsus geopolitik və tarixi-coğrafi mövqeyi ilə şərtlənib. Müqaviləni imzalayan heç bir dövlət onu birtərəfli qaydada ləğv edə bilməz. Çünki Moskva müqaviləsinin birtərəfli qaydada ləğvi beynəlxalq müqavilələr haqqında 1969-cu il Vyana konvensiyasının, 1975-ci il Helsinki müşavirəsinin Yekun aktının müddəalarına ziddir.

Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanması beynəlxalq Moskva müqaviləsi ilə müddətsiz dövr üçün rəsmiləşdirilib. Bu müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırır. İfrat erməni millətçilərinin Moskva müqaviləsini qüvvədən salmaq üçün dəfələrlə müxtəlif hiylələrə əl atmalarına baxmayaraq, bu tarixi sənəd öz hüquqi qüvvəsini bundan sonra da qoruyub saxlayacaq. (AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu)

Nəşr olunub SİYASƏT

Bir neçə ildən sonra dünyada neftin dəyəri qalmayacaq.

“Hesab edirəm ki, yaxın bir il ərzində dollar bahalaşması gözlənilmir. Ona görə ki, neftin qiyməti sabitləşib. Azərbaycanda da dolların bahalaşması, əsasən, neftə bağlıdır”.

Bunu İnterpress.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib: “Böyük ehtimalla, dolların bahalaşması 2018-ci il ərzində baş verməyəcək. Amma hamı başa düşməlidir ki, neft erası bitib artıq. Bunu dövlət başçımız da dəfələrlə deyib”. 

Azərbaycanda devalvasiya gözlənilirmi? - AÇIQLAMA


Ə.Həsənovun sözlərinə görə, yaxın bir neçə il ərzində neftin dünyada indiki kimi dəyəri qalmayacaq: “Bununla yanaşı, Azərbaycanda neft hasilatı da azalan xətt üzrə gedir. Buna görə də, biz uzunmüddətli olaraq, milli valyutamızın gələcəyini neftə bağlaya bilmərik. Bu səbəbdən, Azərbaycan iqtisadiyyatında islahatların aparılmasını və digər iqtisadi fəaliyyət sahələrinin inkişaf etdirilməsini məqsədəuyğun sayıram. Çünki, əks təqdirdə, milli valyutamızda ucuzlaşma müşahidə oluna bilər”. 

“Manatın sabitliyini qorumaq üçün iqtisadiyyatı gücləndirmək lazımdır. Qeyri-neft sektorunu inkişaf etdirmək və sahibkarları müdafiə etmək zəruridir” – deyə, ekspert Əkrəm Həsənov qeyd edib.

(Səid Qərib, İnterpress.az)

Nəşr olunub İQTİSADİYYAT
X.İsmayıla qarşı çıxan əsas fiqurlardan biri “araşdırmaçı jurnalist” Hafiz Babalı olub.

Onu da xatırladaq ki, bu adam vaxtilə “Azadlıq Radiosu”nda da çalışıb. Beləliklə, H.Babalı “Meydan” TV-nin hər il 600 min avro qrant aldığını, ancaq aldığı qrantların müqabilində müvafiq fəaliyyət göstərmədiyini iddia kimi irəli sürüb.

Bundan sonra isə tərəflər arasında qarşılıqlı ittihamlar səslənib, hətta bu ittihamlar sonradan qarşılıqlı təhqirlərlə də müşayiət olunub. Əlbəttə ki, X.İsmayılın yaxınları da sosal şəbəkədə H.Babalının üzərinə hücuma keçərək, dərhal onu “xəyanətkar” və “satqın” adlandırıblar. (Milli.az, Regionpress.az)

Nəşr olunub CƏMİYYƏT

Hazırkı durumda medianın iqstisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır.

Bunu parlamentdə hökumətin hesabatı zamanı millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

“Mən 2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmlə bağlıdır. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox önəmlidir.

Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərinə əlavə dəyər vergisinin tətbiqinə başlanılmasından gedir. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir tətbiqinə başlanılıb. Əslində, bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Təxminən yarım milyon manat. 

Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir” - deyən millət vəkili düşünür ki, hazırkı durumda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır.

Onun sözlərinə görə, həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda, stratejidir:

“Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir.

Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır.

Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır.

Mən bir daha təklif edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Və bir daha hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”. (Kamil HƏMZƏOĞLU, www.oxu.az)

Nəşr olunub İQTİSADİYYAT
Şənbə, 17 Mart 2018 21:13

Prezidentdən Novruz bayramı təbriki

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm. Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verib və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olub. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləyiblər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir. Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti var. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq. Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin. Novruz bayramınız mübarək olsun!”.
(İnterpress.az)
Nəşr olunub RƏSMİ XRONİKA

Bakı, 15 mart

Martın 15-də Dövlət Musiqili Teatrda Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız əbədidir” adlı təşkilat komitəsinin dəstəyi ilə reallaşıb. Əvvəlcə qonaqlar hər iki dövlətin münasibətlərini əks etdirən rəsm sərgisinə baxıblar.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

Qeyd edilib ki, komitənin əsas məqsədi iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə vermək, ölkəmizin təbliğatını Türkiyədə daha geniş şəkildə təşkil etmək və ictimaiyyət olaraq terrora qarşı aparılan mübarizədə Türkiyəyə dəstək verməkdir. İki qardaş ölkənin hazırkı əməkdaşlıq əlaqələrindən danışan E.Həsənli mövcud münasibətlərin günü-gündən daha da inkişaf etdirdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, tarixin sınaqlarından çıxaraq “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.

Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmini qeyd ediblər. Türk xalqının bu gün dünya birliyində öz layiqli və dəyərli yerini tutduğunu deyən natiqlər bildiriblər ki, Azərbaycan-Türkiyə əlaqələri qədim və zəngin tarixə malikdir. Bizim dili bir, dini bir, kökü bir olan xalq olduğumuza diqqət çəkərək qeyd olunub ki, hər iki qardaş ölkə bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, bir-birinə dəstək nümayiş etdirir.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə iki dövlət bir millətdir. Hər iki dövlətin beynəlxalq aləmdə layiqli mövqe tutması çox çətin mübarizə nəticəsində mümkün olub. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkələrimiz arasında sarsılmaz birliyin yaranıb formalaşdığı, bu işdə ümummilli liderin əvəzsiz rolunun olduğu vurğulanıb.

Bildirilib ki, bu gün Türkiyə və Azərbaycan bütün maneələrə və siyasi oyunlara qalib gələrək sıx birliyə nail olub. Ölkələrimiz iqtisadi cəhətdən inkişaf edərək gələcəyə inamla addımlayır.

Tədbir “Qəhrəmanlıq dastanımız” adlı musiqili proqramınla davam edib.

 

 

Nəşr olunub CƏMİYYƏT

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb.

Bu barədə İnterpress.az-a partiyadan məlumat verilib. Bildirilib ki, VHP sədri qurultay ərəfəsində MHP sədri Devlet Bahçeli, millət vəkilləri və Azərbaycan diaspor rəhbərləri ilə görüşəcək. (İnterpress.az)
Nəşr olunub CƏMİYYƏT

Reytinq