Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Azərbaycan İrəvanı bir neçə günə götürə bilər – Şok etiraf

Ermənistan parlamentinin vitse-spiker Eduard Şarmazanov Ermənistanın hərbi gücünün çox zəif olduğunu etiraf edib.

Məsələ Ermənistanda yetərincə təşviş doğurub və hətta Ermənistanın populyar analitika portalı “Lragir” bu açıqlamaya xüsusi məqalə həsr edib.

Şarmazanov bu həftə keçirilmiş parlament müzakirələrinin birində deyib: “Ermənistan tam şəkildə öz müdafiəsini təmin edə bilmir. Biz bu və ya başqa bir blokun tərkibində olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) seçdik, çünki onun alternativi Türkiyədir, bizimsə orda işimiz yoxdur”.

“Lragir” redaksiya heyəti adından yazdığı məqalədə Şarmazanovu vətənə xəyanətdə və hərbi sirri yaymaqda günahlandırır və parlament üzvlərindən onu cəzalandırmağı tələb edir: “Yüksək çinli erməni funksioner etiraf edir ki, Ermənistan hakimiyyəti ölkənin müdafiəsini təmin edə bilmir, bu, onların konstitusion borcudur”.

Lakin belə görünür ki, parlament üzvlərinin əksəriyyəti də bu məsələdə Şarmazanov kimi açıq danışmağı sevirlər və bu yanaşma “Yelk” (Çıxış) fraksiyasının Avrasiya İttifaqından çıxmaqla bağlı hazırladığı təklif zərfinin parlamentdə müzakirəsi zamanı da özünü göstərib. “NEWS.am” portalının yazdığını görə, təklif zərfinin lehinə yalnız 10 deputat səs verib, 79 deputat isə təklifin əleyhinə çıxıb. Hakim Respublika Partiyasının fraksiyası ilə yanaşı, “Daşnaksutyun” və “Sarukyan” blokları da təklif zərfinin əleyhinə çıxıb.

Müzakirələr zamanı maraqlı faktlar da ortaya çıxıb. Məsələn, “Sarukyan” fraksiyasından olan vitse-spiker Mikael Melkumyan bildirib ki, Rusiyada işləyən əmək miqrantlarının rəsmi sayı 600 mindirsə, qeyri-rəsmi işləyənlərlə birlikdə say iki dəfə yüksəkdir, yəni 1,2 milyonu keçir.

Bu rəqəmi analiz etdikdə anlaşılır ki, Ermənistanda qeydiyyatda olan əmək qabiliyyətli 1,5 milyon sakinin 1,2 milyonu, yəni 80 faizi Rusiyada əmək miqrantı kimi pul qazanır. Ermənistanda yalnız uşaqların və yaşlı adamların, məmurların və hərbçilərin qaldığı aydın olur. Bu, erməni diasporunun bəzi təmsilçilərinin Ermənistanda real olaraq 1,4 milyon adamın yaşaması barədə verdiyi açıqlamaların doğru olduğunu göstərir.

Mikael Melkumyanın açıqladığı başqa rəqəm də maraq doğurur. Onun sözlərinə görə, əmək miqrantları rəsmi və qeyri-rəsmi yollarla hər ay Ermənistana ayda $150-180 mln dollar, yəni ildə 2 milyard dollara yaxın vəsait göndərirlər. Bu, 3 milyard dollara bərabər Ermənistan büdcəsinin 60 faizindən yüksəkdir. Ermənistan ÜDM-ində 20 faiz təşkil edən həmin pullar büdcə daxil olmalarının da 40 faizinə qədərini təşkil edir. Amma ticarət dövriyyəsində əsas hissənin pulların payına düşdüyü nəzərə alınarsa, onların demək olar ki, hamısının büdcəyə getdiyini, yəni büdcənin 60 faizinin həmin pulların vasitəsi ilə formalaşdığını müəyyən etmək olar. Həmin pulların təxminən 500 milyon dolları Ermənistan ordusunun maliyyələşməsinə gedir.

Amma Qarabağın işğalının əsas memarlarından olan erməni general Norat Ter-Qriqoyansın “1in.am”a verdiyi açıqlamaya görə, Azərbaycan ordusu texniki baxımdan Ermənistan ordusundan 5-10 dəfə güclüdür. Ter-Qriqoyans hətta Azərbaycan ordusunun bu cür güclənməklə İran kimi güclü dövlətlə döyüşə hazırlaşdığını düşündüyünü demişdi.

Təbii ki, normal iqtisadiyyatı olmayan Ermənistan Rusiyadan ayrılarsa, indi malik olduğu hərbi gücünü xeyli itirə bilər. Üstəlik Ermənistanın hüquqi ərazisinin müdlafiəsinə zamin durmuş Rusiyadan çəkinən düşmənləri üçün açıq hədəfə çevrilər. Yəni Azərbaycan ordusu heç bir xarici köməyə arxalanmadan Naxçıvandan və Gədəbəydən hərəkət etməklə paytaxt İrəvanı bir neçə günə nəzarətə götürə bilər, Dağlıq Qarabağdakı erməni birləşmələrinin mühasirə şəraitində təslimdən başqa yolu qalmaz. Qarabağ münaqişəsi Ermənistanın tam təslimi ilə başa çatar. Məhz bu səbəbdən erməni siyasətçilərinin əksəriyyəti KTMT-dən və Avrasiya İttifaqından çıxmağı milli faciə sayırlar.

Amma tarix göstərir ki, bu yanlış yanaşmadır. Ermənistan tarix boyu Rusiya siyasətinin piyadası olub və lazım gələndə qurban verilib. 1915-ci ildə Osmanlıya hücum edən rus ordusuna dəstək üçün Vanda üsyana qalxmış ermənilər üç ildən sonra ruslar tərəfindən tərk edildilər. Nəticədə, yüz minlərlə erməni türklərə qarşı törədilmiş soyqırımlarda iştirak etdiyinə görə öz evini tərk etməyə məcbur oldu, ermənilər tarixi vətənlərini birdəfəlik tərk edərək bütün dünyaya səpələndilər. Rusların İrəvanı da tərk edəcəyi gün gələcək. Onda erməniləri Xocalı soyqırımı qurbanlarının intiqamından xilas edən çətin tarpılacaq. Bizə azərbaycanlılar millət olaraq son nəfəsimizə qədər Xocalıda tökülən qanların hesabını sormağa hazırlaşmalıyıq. İqtisadiyyatımızla, siyasətimizlə və ən əsası hərbi gücümüzlə. Ordumuz həm ermənilərlə və havadarları ilə döyüşə qadir olmalıdır. Qisas qiyamətə qala bilməz! Fələstini səlib yürüşçülərinin əlindən 70 ildən sonra geri alan səlcuq atalarımız bunu bir dəfə bacarıblar. İndi Qarabağda da üstümüzə neo-səlibçilər gəlir. Bunu unutmamalıyıq.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir